Fevralın
24-də "ADA" Universitetində Karyera Hazırlıq Mərkəzinin
təşkilatçılığı, "Azersun Holding" şirkətlər qrupunun
dəstəyi ilə ikinci karyera həftəsi başlamışdır.
AzərTAc xəbər verir ki, universitetin prorektoru Fariz
İsmayılzadə "İstedad və karyeralar arasında körpü
yaradılması" mövzusunda keçirilən karyera həftəsinin
açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən
danışmışdır. Prorektor bildirmişdir ki, sovet dövründə
ali məktəbləri bitirən gənclər təyinatla iş yerlərinə
göndərilirdi. Sovet hakimiyyəti dağıldıqdan sonra
məzunlara təyinat verilməsi də ləğv edilmiş və bu sahədə
Qərb modelinə uyğun sistemdən istifadə edilməsinə
başlanılmışdır. Bu baxımdan müxtəlif qurumların təmsil
olunduğu karyera həftəsi böyük əhəmiyyət daşıyır.
F.İsmayılzadə tələbələrin gələcək fəaliyyətində önəmli
rol oynayan karyera həftəsinin təşkilində əməyi olanlara
təşəkkürünü bildirmişdir.
Qeyd olunmuşdur ki, karyera həftəsinin məqsədi panellər,
seminar və təqdimatlar vasitəsilə "ADA" Universitetinin
tələbələrini ölkədəki iş bazarı və karyera imkanları ilə
tanış etməkdir. Bununla yanaşı, tələbə və məzunlar
dövlət, qeyri-hökumət və özəl sektoru təmsil edən
qurumların nümayəndələri ilə görüşmək və ünsiyyət qurmaq
imkanı əldə edəcəklər. Karyera həftəsi çərçivəsində
tələbələr iş imkanları ilə yanaşı, yay tətili günlərində
peşəkar təcrübə keçmək və qısamüddətli iş imkanları ilə
də tanış olacaqlar.
Karyera həftəsi çərçivəsində karyera yarmarkası
keçiriləcəkdir. Yarmarkada Azərbaycanda fəaliyyət
göstərən müxtəlif sektorlardan 90-dək qurum və şirkət
təmsil olunacaqdır.
Tədbirdə "Azersun Holding" şirkətlər qrupunun
vitse-prezidenti Tahir Gözəl təqdimatla çıxış etmişdir.
Şirkətin nümayəndəsi karyerada uğur qazanmağın
yollarından danışmış, bu sahədə təcrübəsini tələbələrlə
bölüşmüşdür.
Sonra T.Gözəl gəncləri maraqlandıran sualları
cavablandırmışdır.
Daha sonra tədbir "Hökumət karyeraları" mövzusunda panel
iclası ilə davam etmişdir. Fariz İsmayılzadənin sədrlik
etdiyi iclasda bir sıra dövlət və hökumət qurumlarının
nümayəndələri iştirak etmişlər.
Karyera həftəsi fevralın 27-də başa çatıb. |