| 
						
						
						 Fevralın 
						24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
						Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə 
						Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı 
						proqramının təqdimatı olmuşdur. 
						
						Tədbirdə məktəbəqədər təhsil müəssisələrində mövcud 
						vəziyyət də müzakirə edilmişdir. 
						
						Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Fondunun 
						prezidenti Mehriban Əliyeva son illər ölkəmizdə iqtisadi 
						yüksəlişin bütün sahələrdə özünü büruzə verdiyini, 
						təhsilin inkişafına göstərilən diqqətin və bu sahəyə 
						ayrılan vəsaitin artdığını bildirdi. Qeyd edildi ki, son 
						10 ildə ölkədə 2700 məktəb inşa olunub və ya əsaslı 
						təmir edilib. Bununla da 1 milyondan çox şagirdin təhsil 
						almaq şəraiti yaxşılaşdırılıb. 
						
						Mehriban Əliyeva 2005-ci ildə Heydər Əliyev Fondunun 
						təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" 
						layihəsinin uğurla icra olunduğunu qeyd edərək dedi ki, 
						hazırda böyük infrastruktur layihələrinin icrasına cəlb 
						olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq 
						subyektlərinin sosial məsuliyyəti artmalı, işgüzar 
						dairələr sosial layihələrdə iştirak etməlidir. 
						
						
						 Üçüncü 
						regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı 
						olan bütün məktəblərin yenidən qurulacağını və ölkədə 
						bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını deyən 
						Mehriban Əliyeva Fondun "Uşaq evləri və internat 
						məktəblərinə dəstək" layihəsindən də danışdı, bu 
						çərçivədə 32 internatın və uşaq evinin yenidən 
						qurulduğunu və layihənin icrası zamanı Heydər Əliyev 
						Fondunun özəl sektor ilə gözəl işbirliyi yaratdığını 
						diqqətə çatdırdı. 
						
						Artıq Heydər Əliyev Fondunun yeni layihəyə start 
						verdiyini bildirən Mehriban ƏLİYEVA dedi: 
						
						- Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük 
						ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını 
						bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, 
						orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, 
						hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk 
						yaşlarından intellektual, fiziki və əqli inkişafı, 
						onların istedad və qabiliyyətlərinin üzə çıxması, 
						sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin 
						qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan 
						halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük 
						diqqətlə yanaşmalıyıq. 
						
						Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun 
						məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin 
						monitorinqini apardığını, ilkin mərhələdə bu 
						monitorinqin paytaxtı əhatə etdiyini, gələcəkdə onun 
						bütün ölkədə aparılacağını qeyd etdi. Azərbaycanın 
						birinci xanımı ümidvar olduğunu bildirdi ki, Fond 
						tərəfindən icra edilən digər layihələr kimi, 
						məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da 
						uğurla icra olunacaqdır. 
						
						Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim 
						olundu. 
						
						Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil 
						müəssisələri haqqında geniş məlumat verildi. Bildirildi 
						ki, paytaxtda 414 belə müəssisə mövcuddur. Onlardan 
						137-sinin əsaslı təmirə ehtiyacı vardır, 11-i isə qəzalı 
						vəziyyətdədir. Hazırda 133 məktəbəqədər təhsil 
						müəssisəsində təmir işləri aparılır. 
						
						Azərbaycan Respublikası Baş nazirinin müavini, 
						Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət 
						Komitəsinin sədri Əli Həsənov Heydər Əliyev Fondunun bu 
						istiqamətdə gördüyü işləri yüksək dəyərləndirdi. 
						Bildirdi ki, məcburi köçkünlər üçün salınan 83 qəsəbədə 
						28 min şagird yerlik 140 orta məktəb, 50 uşaq bağçası 
						tikilib. Yaxın iki ayda isə Bakı şəhərindən bağçalarda 
						məskunlaşan 133 ailənin yeni mənzillərə köçürülməsi 
						gözlənilir. 
						
						Təhsil naziri Mikayıl Cabbarov Mehriban Əliyevanın 
						rəhbərliyi ilə Heydər Əliyev Fondunun yeni təşəbbüsünə 
						görə minnətdarlığını bildirdi. Nazir məktəbəqədər 
						təhsilin uşaqların formalaşmasındakı rolundan, bu 
						müəssisələrdə mövcud problemlərin aradan 
						qaldırılmasından danışdı. 
						
						Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala 
						Abutalıbov hazırda Bakıda 345 məktəbəqədər təhsil 
						müəssisəsində 36 min 977 uşağın təlim-tərbiyə aldığını, 
						174 uşaq bağçasının tam təmir olunaraq burada lazımi 
						şəraitin yaradıldığını, bu il 34 yeni uşaq bağçasının 
						təmirdən sonra istifadəyə veriləcəyini dedi. O qeyd etdi 
						ki, bununla belə, statistik məlumatlara görə, 1 yaşından 
						5 yaşınadək 157 min 349 uşağın bağçaya ehtiyacı vardır. 
						Yəni, hazırda bu yaşda uşaqların yalnız 23,4 faizi uşaq 
						bağçalarında təlim-tərbiyə alır. Bununla da 6 qrupluq 
						1105 uşaq bağçasına ehtiyac vardır. 
						
						YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark 
						Herevard məktəbəqədər təhsil müəssisələrinin inkişafı 
						proqramı ilə bağlı təşəbbüsə qoşulmağın onun üçün şərəf 
						olduğunu dedi, erkən təhsilin vacibliyindən, bu sahəyə 
						qoyulan investisiyaların böyük nəticələr verdiyindən 
						danışdı. 
						
						Yeni proqramın təqdimatına yekun vuran Heydər Əliyev 
						Fondunun prezidenti Mehriban Əliyeva səslənən bütün 
						fikir və təkliflərin nəzərə alınacağını dedi. 
						
						Mehriban Əliyeva təhsili vacib strateji sahə 
						adlandıraraq, həm Fondun, həm dövlət qurumlarının, həm 
						də özəl sektorun köməyi ilə böyük nailiyyətlər əldə 
						ediləcəyini vurğuladı. 
						
						Heydər Əliyev Fondunun əməkdaşlığa hazır olduğunu 
						diqqətə çatdıran Mehriban ƏLİYEVA dedi: 
						
						- Bu il mayın 10-da Heydər Əliyev Fondunun 10 ili tamam 
						olur. Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu 
						ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox 
						fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra 
						edib. Qısa söyləsəm, bizim ən böyük nailiyyətimiz ondan 
						ibarətdir ki, on il ərzində biz Azərbaycan xalqının 
						hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar. 
						
						Heydər Əliyev Fondunun prezidenti bir daha əminliklə 
						vurğuladı ki, birgə səylər nəticəsində digər layihələr 
						kimi, bu proqram da uğurla icra olunacaqdır.   
						
						
						 AzərTAc |