| 
						
						
						 İyirmi 
						iki il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən 
						gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində 
						bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada 
						duran soyqırımı törətmişlər. 
						
						Azərbaycan paytaxtının minlərlə sakini Xocalı 
						soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma 
						mərasimində iştirak etmək üçün fevralın 26-da səhər 
						tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə 
						ucaldılmış abidənin önünə toplaşmışdı. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma 
						mərasimində iştirak etmişdir. 
						
						Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü. 
						
						Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə 
						qurbanlarının xatirəsinə ehtiramını bildirdi. 
						
						Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay 
						Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz 
						Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
						Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül 
						dəstələri qoydular. 
						
						Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli 
						Məclisin deputatları, nazirlər, komitə və şirkət 
						rəhbərləri, dini konfessiyaların başçıları, habelə 
						qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak 
						edirdilər. 
						
						Anma mərasiminin iştirakçıları abidənin önünə tər 
						qızılgüllər, qərənfillər düzdülər. 
						
						  
						
						
						AzərTAc |