Naxçıvan Özəl Universitetində pedaqoji fakültənin əyani
şöbə üzrə III kurs tələbələrinin 2013-2014-cü tədris
ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə
həsr edilmiş başlanğıc konfransı keçirilib. Konfransı
giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə
prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim
Kazımbəyli açaraq pedaqoji təcrübənin tələbələrin
gələcək həyatlarında vacib rol oynadığını, bilik və
bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb
etdiyini bildirib.
Konfransda ali təhsil ocağının müəllimlərindən,
pedaqogika və psixologiya kafedrasının müdiri Solmaz
Həsənlinin, təcrübə rəhbəri Azər Əliyevin çıxışları
dinlənilib. Çıxışlarda vurğulanıb ki, pedaqoji təcrübə
kadr hazırlığının ən vacib sahələrindən biri olub, ali
təhsil müəssisələrinin tədris planında xüsusi yeri olan
bir prosesdir. Pedaqoji təcrübə prosesində əvvəlki
semestrlər ərzində ixtisas fənlərinin, pedaqogika və
psixologiyanın əsaslarına yiyələnən gələcək bakalavrlar
qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji
və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına
qədəm basırlar. Onların ali məktəblərdə aldıqları bilik
dərinləşir, möhkəmlənir və nəticədə gələcək
təhsilverənlər pedaqoji iş sahəsində yeni bacarıq və
vərdişlərə yiyələnirlər. Təhsilalanların yaxşı bir
mütəxəssis kimi hazırlığı məhz praktik yolla başa
çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində icra
oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür,
pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji
səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur.
Əslində pedaqoji təcrübə bütövlükdə təhsil müəssisəsi
professor-müəllim heyətinin müəyyən mərhələ üzrə
elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir
vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim
kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini
üzə çıxaracaq bir fəaliyyət sahəsi olub, müəllim
hazırlığı formalarından biridir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Nuray ƏSGƏROVA |