"ENOTES" layihəsi çərçivəsində əməkdaşlıq edən
universitetlərin akademik heyəti 17-20 fevral 2014-cü il
tarixlərində Litvanın Kaunas şəhərində keçirilən
təlimlərdə iştirak ediblər.
TEMPUS proqramı tərəfindən maliyyələşdirilən və Qafqaz
Universitetinin koordinatoru olduğu layihənin əsas
məqsədi ECDL milli test mərkəzlərinin əməkdaş
universitetlərdə qurulmasını təşkil etməkdir. Layihə
vasitəsilə ölkənin ali təhsil ocaqlarında informasiya
texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və
bununla milli təhsil sisteminin təkmilləşdirilməsi,
təlim-tədris prosesində müasir metodlardan istifadə və
informasiya texnologiyaları biliklərində ölkədə
beynəlxalq standartların tətbiqi hədəflənib. Bu məqsədlə
inzibati heyətdə çalışan əməkdaşlar üçün ilkin təlimlər
keçirilmişdir.
Təlimlər ECDL sertifikatlarının ölkədə tətbiqi
prosesində promosiya strategiyasının təşkili, Avropanın
İnformasiya Kommunikasiyaları Gündəliyi, sertifikatın
lokalizasiyasının Litva təcrübəsi, nəşr olunacaq
ədəbiyyatla bağlı tələblər, nümunə testlər, ECDL-in
Litvanın digər yerli universitetlərlə əməkdaşlığı
seminarlarda müzakirə edilmişdir.
Litvanın İnformasiya Texnologiyaları İnstitutu
tərəfindən təşkil edilən təlimlərdə Azərbaycan Dillər
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Azərbaycan Universiteti, Azərbaycan Dövlət Memarlıq və
İnşaat Universiteti, Azərbaycan Turizm İnstitutu, Bakı
Biznes Universiteti, Naxçıvan Özəl Universiteti və
Qafqaz Universitetindən nümayəndələr iştirak ediblər.
Onu da qeyd edək ki, Avropa İttifaqı çərçivəsində
maliyyələşdirilən TEMPUS proqramı Təhsil Mədəniyyət
Agentliyi tərəfindən idarə edilir. Proqram tərəfdaş
ölkələr - Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya,
Şimali Afrika və Orta Şərq də daxil olmaqla 27 ölkəni
əhatə edərək ali təhsilin modernizasiyasını hədəfləyir.
Üzeyir BAĞIROV,
Qafqaz Universiteti, layihə rəhbəri |