Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
insan resursları departamentinin təlim və inkişaf
şöbəsinin əməkdaşları "Gələcəyin mühəndisləri" layihəsi
çərçivəsində Binəqədi rayonunda yerləşən 284, 297, 298,
299, 300, 301 və 314 nömrəli orta məktəblərdə
təqdimatlarla çıxış ediblər.
Bakıdakı 284 nömrəli tam orta məktəbin direktoru
Təşkilat Əliyevdən aldığımız məlumata görə,
tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin
nümayəndəsi Seymur Hacıyev çıxış edərək bildirib
ki, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil
edən böyük nüfuza malik ARDNŞ yüksəkixtisaslı
kadrların hazırlığı sahəsində bir çox layihələr
həyata keçirir.
Sonra departamentin əməkdaşları mühəndislik peşəsinin
faydasından danışaraq ARDNŞ-ın həyata keçirdiyi xarici
və daxili təqaüd proqramları, peşə təlim mərkəzləri, yay
məktəbi və yay təcrübəsi layihələri haqqında şagirdlərə
ətraflı məlumat veriblər. Bildirilib ki, layihə Binəqədi
rayon məktəblərində silsilə şəklində davam etdiriləcək.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |