Hər
dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, ilk
növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür. Bu
gün belə müəllimlərdən biri də 1975-ci ildən müəllimlik
fəaliyyətinə başlayan və hazırda Neftçala rayonunun
Qədimkənd kənd tam orta məktəbində riyaziyyat müəllimi
işləyən Rəhimə İsmayılovadır.
Məktəbdə dərs dediyi şagirdlərdən tutmuş direktora
kimi Rəhimə müəllim haqqında nəsə soruşmaq istəsən,
ağızdolusu şirin sözlər eşidərsən. Onu bu mərtəbəyə
halal zəhməti və ürəyinin odu gətirib.
"Mənim ən böyük mükafatım şagirdlərimin mənə olan
məhəbbətidir. Onların şəfqət və məhəbbət dolu baxışları
mənim üçün hər şeydir", - deyən Rəhimə İsmayılova
müəllimlik sənətini ürəkdən sevir və böyük həvəslə
çalışır. O, həmişə dərslərində interaktiv təlim
metodlarından bacarıqla istifadə edir və dərslərini
kurikulum islahatından irəli gələn tələblər səviyyəsində
keçir.
Eyni zamanda qazandığım və qazanacağım bütün
nailiyyətlərə görə mən kollektivimə minnətdaram, -
söyləyən Rəhimə müəllim ölkəmizdə son vaxtlar uğurla
həyata keçirilən təhsil islahatının tələbləri ilə bağlı
yenilikləri ürəkdən alqışlayır.
R.İsmayılova yaxşı müəllim olmaqla bərabər, həm də
gözəl ailə başçısıdır. Onun 4 övladı və 8 nəvəsi var.
Rəhimə müəllim ailə üzvləri ilə birlikdə 60 yaşını
qeyd edir. Ad günündə ona ünvanlanan təbriklərə
doğmaları ilə yanaşı uzun illər çalışdığı məktəbin
pedaqoji kollektivi də qoşularaq Rəhimə müəllimə
həyatda ən şirin nemət olan cansağlığı, şərəfli və
məsuliyyətli işində isə uğurlar diləyirlər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |