Bakıdakı
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2000-ə
yaxın yeniyetmə və gənc müxtəlif dərnəklərdə məşğul
olur. Onlar asudə vaxtlarından səmərəli və faydalı
istifadə edir, müxtəlif tədbirlərdə istedad və
bacarıqları ilə seçilirlər. Belə istedad sahiblərindən
biri də mərkəzin üzvü Səbinə Məmmədovadır.
Səbinə 1999-cu ildə Rusiya Federasiyasının Krasnodar
şəhərində anadan olub. Uşaqlıqdan öz istedadı ilə
fərqlənən qızcığaz 4-5 yaşlarında olarkən 2 il
gimnastika ilə məşğul olub. Bu azyaşlı qızın məharəti
hamını heyran qoyub. Səbinə müxtəlif telekanallarda
ayrı- ayrı uşaq verilişlərində aparıcılıq bacarığını da
nümayiş etdirib. 11 yaşında İctimai TV-də "Uşaqların
şəhəri" verilişinin aparıcısı olub. Beynəlxalq festival
və müsabiqələrdə, konsertlərdə rəqs və ifaçılıq
bacarığı da tamaşaçıların alqışları ilə qarşılanıb. O,
uşaqlar arasında keçirilən "Eurovision-2013" musiqi
yarışmasında rəngarəng proqramları ilə onluğa düşüb. İlk
uğuruna isə 2007-ci ildə imza atıb. Türkiyənin Əksi
şəhərində "Azəri inciləri" rəqs qrupunda milli
rəqsləri ustalıqla ifa edib və I yeri qazanaraq medala
layiq görülüb. "Çiçəyim" uşaq teatr studiyasının
hazırladığı "Xeyir və Şər" kompozisiyasında balaca
"aktyor" xeyirin şər üzərində qələbəsini məharətlə ifa
edərək fəxri fərmanla mükafatlandırılıb. Bir neçə
filmlərə müxtəlif rollara dəvət alan Səbinə ona
göstərilən etimadı doğruldub.
2011-ci ildə Türkiyənin Fəthiyə şəhərində keçirilən IV
beynəlxalq uşaq festivalında milli rəqsləri ifa edən
Səbinə III yeri öz adına yazdırıb. 2012-ci ildə
"Çiçəyim" uşaq teatr studiyasının üzvü olan paytaxt
təmsilçisi rayon, şəhər, respublika, beynəlxalq
tədbirlərdə fəal iştirakına və aktyorluq məharətinə
görə fəxri fərmana layiq görülüb. 2013-cü ildə o,
Türkiyədə 18 ölkə arasında keçirilən "Aquapark" rəsm
müsabiqəsində Azərbaycanı layiqincə təmsil edərək V yeri
tutub, fəxri fərmanla mükafatlandırılıb.
Söhbət zamanı Səbinə qeyd etdi ki, hər il may ayında
ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə
keçirilən Gül bayramında "Çiçəyim" uşaq teatrının
üzvləri ilə birlikdə rəngarənğ "Gül çələngi" adlı geyim
kolleksiyasını nümayiş etdirir. O, Heydər Əliyev
Fondunun təşkil etdiyi uşaq tədbirlərinin də fəal
iştirakçısıdır. Fondun uşaqlar üçün "Buta Palace"da
keçirdiyi Yeni il şənliklərindəki çıxışları tamaşaçılar
tərəfindən maraqla qarşılanıb.
Hazırda Səbinə Məmmədova 160 nömrəli klassik
gimnaziyanın IX sinfində təhsil alır. Eyni zamanda
vokal dərsləri keçir və sevimli müəllimi Mzuya
Qambaşıdze ilə məşğul olur. Səbinə qazandığı uğurlarına
görə anası Aygün Məmmədovaya, mərkəzin direktoru Lalə
Qətiyə, "Çiçəyim" uşaq teatrının rəhbəri Rəna Kərimovaya
minnətdarlığını bildirməyi də unutmur. Deyir ki, bütün
bunlar onun hobbisidir, gələcəkdə isə həkim olmaq
arzusundadır.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |