Qafqaz Universitetində "Sahibkarlığın
stimullaşdırılmasında texnoparkların rolu" mövzusunda
aparılmış tədqiqatın nəticələrinin təqdimatı olub.
Tədqiqatı universitetin Sahibkarlığın İnkişafı və
Tədqiqatları Mərkəzinin formalaşdırdığı qrup həyata
keçirib. Tədqiqat qrupu bu məqsədlə Avropa, Asiya və
postsovet ölkələri arasından seçilmiş Finlandiya, İsveç,
İtaliya, Türkiyə, Yunanıstan, Tayvan, Yaponiya,
Sinqapur, Rusiya və Qazaxıstanın təcrübəsini öyrənib.
Qafqaz Universiteti Texnoparkı idarə heyətinin sədri
dr.Şahin Durmaz, texnoparkın direktoru dr.İsa Qasımov və
ABŞ əsaslı konsaltinq şirkətinin (J.E.Austin Associates,
İnc.) nümayəndəsi Mike Duckerin iştirak etdikləri
təqdimat mərasimində tədqiqatın nəticələri Qafqaz
Universitetinin fakültə nümayəndələri ilə paylaşılıb.
Tədqiqatda texnoparkların yaradılmasına dövlət
dəstəyinin vacibliyi, texnologiya əsaslı şirkətlərin
qurulmasını stimullaşdırmaq üçün texnoparklara hüquqi və
təşkilatı kömək göstərilməsinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, müxtəlif ölkələrdəki fərqli
texnoparkların həcmi, maliyyə mənbələri, tərkibindəki
şirkətlərin böyüklüyü və ixtisaslaşdığı sahələr kimi
xüsusiyyətlər tədqiqatın əsas obyekti olub.
Texnoparkların uğur göstəriciləri təhlil edilib. Bu
göstəricilərə texnoparklardakı şirkətlərin aldığı
patentlərin sayı, gəlirlərinin artım səviyyəsi və
işçilərin sayı daxil edilib.
Təqdimatın sonunda mərasim iştirakçılarını maraqlandıran
suallar cavablandırılıb, Azərbaycanda texnoparkların
inkişafı strategiyasının formalaşdırılması ilə bağlı
müzakirə aparılıb.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |