Fevralın 15-də "Gənclərin Elmi Araşdırmalarına Dəstək"
(GEAD) İctimai Birliyində "İctimai fikrin
formalaşmasında İnternetin rolu" mövzusunda seminar
keçirilib. Seminarın qonağı Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov olub.
GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı
tədbiri açaraq iştirakçılara birliyin fəaliyyəti,
keçirdiyi tədbirlərlə bağlı ətraflı məlumat verib, eləcə
də bu seminarın əhəmiyyətindən söz açıb.
Qeyd edilib ki, ölkəmiz İnternetin nüfuzetmə səviyyəsinə
görə MDB ölkələri arasında lider mövqeyini qoruyub
saxlamaqdadır. Hazırda bu göstərici təxminən 60-70 faiz
təşkil edir ki, bu da gələcəkdə ölkəmizin İnternet
bazarının formalaşmasında mühüm rol oynayacaqdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov seminar
iştirakçılarını salamlayaraq belə maraqlı bir mövzuda
keçirilən tədbirə dəvət olunduğu üçün təşəkkürünü
bildirib. Daha sonra Ə.Amaşov ölkəmizdə İnternetin
ictimai fikrin formalaşmasındakı rolundan bəhs edib.
Məruzəçi qeyd edib ki, 2013-cü ilin sentyabrında
aparılmış araşdırmaya əsasən, rəyi soruşulanların
təqribən 40 faizi informasiya əldə etməyin mənbəyi
qismində İnternetin adını çəkib. Eyni sayda respondent
televiziyanın əsas informasiya mənbəyi olduğunu düşünür.
13 faizi yazılı mətbuatdan, 7 faizi isə radio vasitəsi
ilə informasiya əldə edir. Azərbaycanda təqribən 300
İnternet informasiya resursu fəaliyyət göstərir. Təkcə
2013-cü ildə Azərbaycanın İnternet seqmentində 70-ə
yaxın İnternet informasiya portalı yaranıb. Bu
istiqamətdə işlər daha geniş çəkildə davam etdiriləcək.
2014-cü ilin sonunadək İnternet-media ilə bağlı xeyli
sayda tədbirlər təşkil olunacaq, İnternet resurslarının
monitorinqi aparılacaq və məlumatlar müntəzəm olaraq
ictimaiyyətə təqdim ediləcək. İnternet portallarının
sayının artması hazırda bir çox KİV-in ənənəvi kağız
daşıyıcılardan İnternetə miqrasiya etməsi ilə bağlıdır
və hazırda 10-dan artıq informasiya portalı Mətbuat
Şurasının üzvüdür. Mətbuat Şurasına daha 30 elektron
KİV-dən müraciət daxil olmuşdur.
Mətbuat Şurasının sədri çıxışının sonunda "Əgər biz
ictimai fikrin formalaşmasında İnternetin daha aktiv rol
oynamasını istəyiriksə, ondan düzgün və səmərəli
istifadə etməliyik",- deyib.
Sonra İctimai Birlik üzvlərinin suallarını cavablandıran
Ə. Amaşov mövzu ilə bağlı dəyərli tövsiyələrini verib.
Görüşün sonunda M.Babaşlı səmimi keçən görüş üçün
Əflatun Amaşova minnətdarlığını bildirib və kütləvi
informasiya vasitələrinin inkişafına göstərdiyi
xidmətlərə görə ona GEAD İctimai Birliyi adından plaket
təqdim edib.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |