Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Cabbarlışünas alimin yubileyi qeyd edildi

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yubilyarın yaradıcılığı barədə ətraflı məlumat verərək qeyd etdi ki, professor Asif Rüstəmli Azərbaycan ədəbiyyatında əsasən cabbarlışünas kimi tanınmışdır. Alimin görkəmli dramaturq C.Cabbarlının yaradıcılığı ilə bağlı apardığı sanballı elmi tədqiqatlar mükəmməl bir monoqrafiyada toplanıb ki, bu da ədəbiyyatşünaslıq tariximizdə özünə layiqli yer tuta bilib. Akademik İsa Həbibbəyli professor Asif Rüstəmlini klassik dövrün mətbu nəşrlərini diqqətlə araşdırıb mükəmməl tədqiqat işləri aparan, müntəzəm olaraq nəinki ölkəmizin, eləcə də qonşu dövlətlərin arxivlərində daima axtarışlar aparıb yeni faktlar üzə çıxaran, bununla da qiymətli məqalələr yazıb çap etdirən yorulmaz bir tədqiqatçı alim kimi səciyyələndirərək onun əməksevərliyini, qabiliyyətini, daima zəhmətə qatlaşdığını yüksək dəyərləndirdi. Akademik cabbarlışünas alimin araşdırmalarını özünəməxsus təqdimetmə sistemini və şəxsi dəst-xəttini önə çəkərək onun mövzuya özünəxas yanaşmaları ilə müdaxiləsi nəticəsində dəyərli elmi tədqiqat əsərlərini ortaya qoyduğunu, C.Cabbarlı yaradıcılığından başqa "Molla Nəsrəddin" xəttinə də sadiq olduğunu, bu istiqamətə diqqət və maraq göstərərək bir sıra əsərlər yazdığını diqqətə çatdırdı.

Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin kollektivi adından professor Asif Rüstəmlini yubileyi münasibətilə təbrik edərək ona gül dəstəsi təqdim etdi.

Milli Məclisin deputatı Elmira Axundova, filologiya üzrə elmlər doktorları Qəzənfər Paşayev, Vaqif Arzumanlı, Məhərrəm Qasımlı, Vaqif Yusifli, Qurban Bayramov, Aslan Salmansoy, filologiya üzrə fəlsəfə doktorları Elnarə Akimova, Xalidə Xalid, Zakirə Əliyeva, həmçinin AMEA Azad Həmkarlar İttifaqının sədri Adil Mirabdullayev çıxış edərək institutun həmkarlar təşkilatının sədri, professor  Asif Rüstəmlinin elmi-pedaqoji fəaliyyətindən, yaradıcılıq məziyyətlərindən danışdılar, onu görkəmli ədəbiyyatşünas, mətnşünas, çalışqan iş yoldaşı, mehriban yol yoldaşı kimi səciyyələndirdilər.

Tədbirboyu yubilyarın həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən slaydlar göstərildi, əsərlərinin sərgisi nümayiş etdirildi. 

Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov