Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

XOCALI SOYQIRIMINDAN 22 İL ÖTÜR

 

"Xalqımızın çox qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır-vəhşiliyin görünməmiş təzahürüdür". 

Heydər ƏLİYEV  


Faciənin dəhşətləri rəqəmlərin dili ilə

 

* 613 nəfər öldürülüb (106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca)

* 8 ailə tamamilə məhv edilib

* 25 uşaq hər iki valideynini itirib

* 130 uşaq valideynlərindən birini itirib

* 1275 nəfər girov götürülüb

* 150 nəfər itkin düşüb

* 1000 nəfər əlil olub

  


"Xocalıya ədalət" kampaniyası çərçivəsində Ukraynada elan olunmuş "Xocalı ayı" ilə bağlı tədbirlərə Odessa şəhərində start verilib 

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB), Ümumukrayna Gənclər Assambleyasının və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Ukraynada elan etdiyi "Xocalı ayı" ilə bağlı tədbirlərə Odessa şəhərindən start verilmişdir. 

UAGB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilir.

Odessada təşkil olunan anım mərasiminin iştirakçıları -  azərbaycanlı və ukraynalı gənclər, diplomatlar, bir sıra xalqların diaspor təmsilçiləri əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Anım mərasimində UAGB-nin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

1992-ci il fevral ayının 26-da  erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev, UAGB-nin sədri Anar Tahirov və başqaları faciənin törədilməsindən 22 il keçməsinə baxmayaraq, dünya birliyinin və beynəlxalq təşkilatların Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirmişlər.

Mərasim iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı harayı" filmini izləmişlər. Filmdə ermənilərin 22 il öncə azərbaycanlılara qarşı həyata keçirdikləri bəşəri cinayətdən bəhs olunur.

Filmin nümayişindən sonra Odessa meri yanında gənclər təşkilatının sədri İnna Tımçik "Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir" şüarını səsləndirmiş və bildirmişdir ki, ukraynalı gənclər indiyədək belə bir bəşəri cinayətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyirlər. Xocalı faciəsi dünyada baş verən ən amansız qətliamlardan biridir. Biz  təəssüf edirik ki, indiyədək beynəlxalq təşkilatlar belə bir bəşəri cinayətə hüquqi-siyasi qiymət verməmişdir. Əminik ki, gec-tez dünya birliyi Xocalı faciəsini soyqırımı aktı kimi tanıyacaqdır.

Tədbirdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.


 Xocalı faciəsinin ən körpə şahidinin acı həyat hekayəsi 

Ermənilərin əlinə keçməmək üçün ana körpəsini öldürməyə məcbur olub 

Ağ qar üstünə qırmızı qanları çilənən Xocalı körpələri... artıq iyirmi ikinci qış keçir o qanlı gecədən, amma siz böyümədiniz ki...

Bəyaz qar üstündə  donmuş al rəngli  təbəssümləriniz tarixin yaddaşında "Xocalı uşaqlarının son rəsmləri" kimi qaldı. Ana bətnindəki uşaqların, oturmağı, iməkləməyi hələ bacarmayan, özü öz ağzına bir udum su, bir tikə çörək qoymağa hələ qadir olmayan Xocalı körpələrinin o gecəki soyqırımına nə ad vermək olar?

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər  və onlara havadarlıq edən  366-cı motoatıcı diviziyanın hərbi qüvvələri Xocalı şəhərini yer üzündən silib əhalisini öz qanlarında boğdular. Cəmi 8 ay 14 günlük olan körpə Salatının da atalı-analı həyatı bitdi... Və Xocalıda daha bir ailənin xoşbəxtliyi darmadağın oldu.  Salatının başına gələnləri siz də oxuyun:

Salatının atası  Əhmədov Yelmar Naib oğlu Xocalı aeroportunun  mühafizə xidmətində çalışıb. Onu tanıyanların dediyinə görə, çox vətənpərvər, qoçaq, qeyrətli oğul olub Yelmar. O qanlı fevral gecəsində Xocalı aeroportunun müdafiəsi zamanı erməni qaniçənləri Yelmarı da  qətlə yetirib.

O gecə Xocalıya basqın edən silahlı erməni quldurlarının əlinə keçməmək üçün  bir dəstə qız-gəlin, o cümlədən  Salatının anası Müşkünaz da yatmış körpəsini beşiyindən götürüb ayaqyalın-başaçıq  meşəyə qaçır. Qız-gəlindən və uşaqlardan ibarət 30-40 nəfər Xocalı sakini meşənin dərinliyinə çəkilib  təhlükənin sovuşmasını gözləyir. Elə bu vaxt anasının sinəsinə sıxdığı Salatın aclıqdanmı, soyuqdanmı ağlamağa başlayır. Ana nə qədər çalışsa da uşağı sakitləşdirə bilmir. Düşməndən canını qurtarmağa çalışanlar vahimədən təlaşa düşür: "ermənilər uşağın səsini eşitsə, yerimizi tapıb bizi əsir götürəcək".

Çarəsiz ana odla-suyun arasında qalır. Erməni təcavüzündən  xilas olmağa can atan qız-gəlinin düşmən əlinə keçməməsi üçün Müşkünaz kirimək bilməyən Salatının ağzını əli ilə qapayır. Nəfəsi kəsilən körpə susur. Bir an sonra nə etdiyini dərk edəndə dəli olmaq həddinə çatan Müşkünaz öz əllərilə boğduğu balasının cansız bədənini  başından açdığı yaylığı ilə kürəyinə sarıyır. Qarlı-buzlu meşə cığırları ilə irəliləyib erməni təcavüzündən qurtulmağa çalışarkən, Müşkünazın ayaqlarını don vursa da, taqəti kəsilsə də kürəyindəki "yükü" qurda-quşa yem olmasın deyə, yenə də atmır. O gecə erməni qətliamından canını qurtarmaq üçün qarlı fevral gecəsinə sığınanların əksəriyyəti şaxtadan donaraq elə qarın üstündəcə can verir. Yarıdan çoxu məhv olmuş dəstədən sağ qalanlar Qarqar çayı yaxınlığında ermənilər tərəfindən əsir götürülür. Arasında Müşkünazın da olduğu əsirləri üç gündən sonra bizimkilər düşmən cəsədləri ilə dəyişir.

Uşağı yuyub dəfn etmək üçün Ağdam məscidində ananın kürəyindən bağlamanı açıb yerə qoyurlar. Lakin bağlamanı açanda gözlənilmədən Salatın nəfəs almağa başlayır. Hamı Allahın bu möcüzəsinə məəttəl qalır. Ölmüş zənn edilən körpə düz üç  gün anasının kürəyindəki nazik baş yaylığının arasında, qarlı çöllərdə soyuqdan donmadan,  yedizdirilmədən, bələyi dəyişdirilmədən, səsi, səmiri çıxmadan möcüzəli şəkildə sağ qalıb!

O gecə səhəri açılmayanların və ya ata-anası şəhid olan minlərlə Salatınların ah-nalələri, lənətləri tarixin yaddaşında erməni qəsbkarlarının ünvanına Xocalı qanı ilə yazıldı. Tanrı Müşkünazın övlad qatili olmağına qıymadı. Müşkünazın o gecə nələr  çəkdiyini bir Allah bildi, bir də özü...

Jurnalist  Salatın Əsgərovanı ermənilər  Laçın rayonu ərazisində qətlə yetirdikdən sonra Yelmar  sağlığında yaxından tanıdığı, "bacı" dediyi şəhid jurnalistin  xatirəsinə ehtiram olaraq, sonbeşiyinin- üçüncü qız övladının adını Salatın yazdırmışdı.

Xocalı faciəsindən bir-iki gün əvvəl vəziyyət kəskinləşdiyi üçün Yelmar iki azyaşlı qızını- Vüsalə ilə Əfsanəni Ağdama qohumlarıgilə  göndərmişdi. Salatını isə südəmər olduğuna görə anasından ayırmağa qıymamışdı.

 Şəhid Yelmar Əhmədovun sonbeşiyini- Xocalı faciəsinin ağrılarını gözündə, ürəyində gəzdirən qızı Salatını görmək üçün onun çalışdığı Bakıdakı 39 nömrəli orta məktəbə getdim.   Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında qiyabi ali təhsil alan Salatın onu balası kimi himayə edən Tahirə müəllim ilə eyni məktəbdə çalışır. Salatını soruşdum, dedilər yoldadır. O gələnə qədər Tahirə xanımın söhbətini lentə aldım:

- O qanlı gecədən sağ çıxan Xocalı ailələrindən biri də Salatının anası və ana nənəsigildi. Onlar Bakıda yerləşəndən sonra təsadüfən anamgil ilə qapıbir qonşu oldular. O vaxtdan Salatın sanki bizim ailənin bir üzvünə çevrildi, biz onu  öz balamızdan seçmədik.

Salatının nənəsi, Allah ona rəhmət eləsin, əsl el ağbirçəyi idi, hər şeydə qızına dəstək olurdu. Müşkünaz da atasız qalan üç qız uşağını böyüdənə kimi nələrə qatlaşdı... Bilirsiniz, o qanlı gecədən Salatının atası tərəfdən  heç kəs sağ çıxmadı... Çoxunun heç öldüsü-qaldısı da bilinmədi. İndi nə məzarları var, nə də ki...

Tahirə xanım kövrəlsə də özünü ələ alıb söhbətinə davam edir:

Ona görə də Müşkünaz öz ata-anasına, bacılarına sığındı. Özününkülərin, daha çox da bacısı Lətafətin köməyilə böyütdü üç qızını... İndi ilkini  köçürüb, iki qızı da yanındadı...

Mən hansı məktəbdə çalışmışamsa, Salatını da özümlə aparmışam. Əvvəllər 47 nömrəli məktəbdə işləyirdim. Orada ilk məktəb zəngini də, son buraxılış zəngini də Salatın çalıb. Həmişə gücüm yetdiyi qədər Salatına məhəbbət göstərməyə cəhd edirəm. Çünki Salatına doğmalıq lazımdı. Özümün dörd övladım- üç qızım, bir oğlum var, Salatını da öz övladım hesab edirəm.

Söhbətimizin bu yerində Salatın gəldi. Bu da o gecənin şəhidlərindən biri Yelmar Əhmədovun sonbeşik qızının- həm də Xocalı faciəsinin ən körpə şahidinin - Salatının acı həyat hekayəsi:

- Mən 1991-ci il iyun ayının 12-də Xocalıda dünyaya göz açmışam. Xocalı faciəsi barədə bildiklərim, eşitdiklərim  bunlardır:  Mən onda südəmər bir körpə olmuşam. O gecə başıma gələnləri çox sonralar, yəni, səkkizinci sinifdə  bildim. Aşağı siniflərdə oxuyanda  məktəbimizdə keçirilən tədbirlərdə həmişə anam da iştirak edirdi. Onun çıxışlarında Xocalı körpəsi Salatının başına gələnləri  eşitmişdim. Ancaq ağlıma da gəlməzdi ki, anamın haqqında danışdığı o qız mən özüməm. İlk dəfə biləndə ki, o Salatın mənəm, çox sarsıntı keçirdim. Bir müddət   anamdan qaçaq düşdüm, gedib xalamgildə qaldım. Heç cür anama bəraət qazandıra bilmirdim ki, axı o mənə niyə qəsd edib? İllər ötdükcə çox acıları dərk etdim və anama haqq qazandırdım.

Bu bir möcüzədir ki, Allah da qıymayıb anamın bala qatili olmağına. Üç gün bağlı yaylığın arasında cansız qalan bədənimə yenidən ruhumu qaytarıb. O  gecə mən beşiyimdə mışıl-mışıl uyuyarkən, erməni qaniçənləri evlərə soxulmağa başlamışdı. Anam əynimdə bir dəst nazik köynəklə məni qoynunda gizlədib meşəyə üz tutmuşdu. Niyə məhz meşəyə? Çünki anam eşitmişdi ki, dünyanın ən qəddar və ən yırtıcı heyvanı olan yalquzaq da körpəyə toxunmur. Əksinə onu bəsləyib saxlayır. Ancaq erməni vəhşiləri əsrlər boyu türk cocuğunun qanına yerikləyib... Meşənin dərinliklərində anam bir dəstə Xocalı qız-gəlini ilə rastlaşmışdı. Onlar da erməni əlinə keçməmək üçün meşəyə üz tutmuşdular. Gecə güman ki, acdığımdan, bəlkə də üşüdüyümdən ağlamağa başlayanda anam səsimi kəsmək üçün əlləri ilə ağzımı qapayıb. Anam otuz-qırx nəfər qız-gəlinin erməni  qaniçənlərinin əlinə keçməməsi üçün mənim canıma qıymağa məcbur olub. O gecə neçə-neçə Xocalı körpəsini erməni qaniçənləri süngüyə keçirmişdilər...

Məni kürəyində daşıyan anamın ayaqlarının hər ikisini o gecə don vurmuşdu, bir müddət sonra onun ayaq barmaqlarını kəsdilər. Anam Əhmədova Müşkünaz İsa qızı ayaqlarına görə həmişəlik əlil olub.  Tibb bacısı işləyən Lətafət xalam anama kömək etdiyinə görə çox gec, yəni  bu yaxınlarda ailə həyatı qurub. Mənim nənəm Şuşa, babam isə Laçın rayonundandır. Hər iki yurdum 22-23 ildi ki, erməni tapdağındadır.

Hazırda Azərbaycan Müəllimlər İnstitutunun tarix- coğrafiya fakültəsində axırıncı kursda oxuyuram. Ən böyük arzum növbəti dərs ilində müəllim işləmək, şagirdlərimə Xocalı, Qarabağ həqiqətlərini çatdırmaqdır. Məndən böyük iki bacım da müəllim işləyir.

Hərdən səsim çatdıqca haray çəkmək, yer kürəsinin bütün  insanlarına itirilmiş körpəliyimin üsyanını çatdırmaq istəyirəm:

Ey dünya anaları! Ey dünya ataları! Mən 8 ay 14 günlük olanda atamı ermənilər öldürüb. Mən 22 il əvvələ qayıtmaq, atalı böyümək istəsəm də bu, mümkün deyil. Mən qızları öz atalarının yanında görəndə  kövrəlirəm.

Biz üç bacı da hamı kimi dünyaya bir dəfə gəlmişik, amma bu dünyada  heç vaxt atamızla yanaşı dayana bilməyəcəyik. Atam heç vaxt bizə baxıb gülümsəməyəcək. O heç vaxt başımızı tumarlamayacaq, bizi gəzməyə aparmayacaq, ad günlərimizdə  hədiyyə almayacaq. Atam  heç vaxt... heç vaxt...heç vaxt  bizə  heç nə  etməyəcək. Çünki atamızı erməni qatilləri öldürüb.

Bilirsiniz, mən heç vaxt  qartopu oynamamışam. Çünki 1992-ci ilin 26 fevral gecəsində Allahın yağdırdığı o ağappaq qara ermənilər mənim atamın al qanını töküb...

Göydən yağan süd rəngli qar mənə o gecə anamın verə bilmədiyi südü xatırladır.

Süd rəngli qar yerə toxunan kimi, gözlərimin qabağındaca al rəngli qan ləkələrinə boyanır. Yaşıdlarımdan  ağ qarı  təkcə mən  belə rəngdə görürəm... Mənim bu dünyada  qarım heç vaxt bəyaz olmayacaq... Ey dünyanın sülhsevər insanları, Xocalı həqiqətini tanıyın! Mən haqq-ədalətə çox güvənirəm. Məni, atamı, qəbri olmayan- Qarqar çayının sel sularında qərq olan ata nənəmi, babamı, əmilərimi, bibilərimi, əmim uşaqlarını Allah yaratmayıbmı?! Biz  Xocalı əhalisi, Xocalı körpələri bu sivilizasiyanın sakinləri deyilikmi?

Ey dünya anaları! Qız-gəlini, uşaqları ermənilərin süngüyə keçirməməsi  üçün səkkiz ay on dörd günlük balasını  öz əlləri ilə boğmağa məcbur olan anamın əbədi iztirablarını duyursunuzmu?

Dünyadakı başqa yaşıdlarımız kimi biz də ata çörəyi ilə, ata məhəbbəti ilə böyümək  istərdik! Ancaq erməni qatillərinin qəddarlığı üzündən  biz bacılara bu xoşbəxtlik qismət olmadı.   

Ey insanları doğrayan, öldürən qatillər! Qoy valideynlərini qətlə yetirdiyiniz mənim kimi  şəhid balalarının lənəti hər zaman yaxanızdan asılsın!  

Ellada UMUDLU,
“Azərbaycan müəllimi”
 

P.S. Beynəlxalq aləmdə Xocalı faciəsini tanımayanlar, qoy telejurnalist Çingiz Mustafayevin kadrlarındakı qırmızı gödəkçəli donmuş qızcığazın 26 fevral gecəsində ağ qar üstündə əbədiləşmiş son rəsmindəki təbəssümünə baxsınlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov