Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

"Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb

 

Təhsil Nazirliyi tərəfindən rayon və şəhərlərdəki ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb. 2014-cü ilin fevral-may aylarında tədris olunacaq dərslərin əsas məqsədi şagirdlərə müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsindən ibarətdir. Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda, şagirdlərin milli mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir. Heydər Əliyev mərkəzlərində keçirilən dərsləri tədris edəcək müəllimlər, dərslərin mövzuları və qrafiki əvvəlcədən müəyyənləşdirilib. Həmçinin, müəllimlərə kömək məqsədilə müvafiq tezislər və tövsiyələr hazırlanıb. Aşağıda həmin dərslərin keçildiyi bəzi rayonlardan qeydləri təqdim edirik. 

LƏNKƏRAN 

Böyütmək üçün şəkili seçinAzərbaycan tarixinin ümumtəhsil məktəblərində daha dərindən öyrənilməsi məqsədilə "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının  təminatçısıdır" mövzuları üzrə dərslərin Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunması ilə bağlı Təhsil Nazirliyinin tövsiyələri Lənkəran rayonunun təhsil işçiləri tərəfindən böyük razılıqla qarşılanmışdır. Lənkəran Şəhər Təhsil Şöbəsində  tövsiyələrə uyğun olaraq dərslərin cari ilin fevral - may aylarında  keçirilməsi qrafiki  hazırlanaraq təsdiq edilmiş, növbətçilik qrafiki hazırlanmışdır.  Rayonun nüfuzlu və hazırlıqlı  tarix müəllimlərindən 15 nəfər müəyyən edilmiş, onlarla seminar - müşavirə keçirilmişdir.

Lənkəran ŞTŞ-nın müdiri Ş.Əhmədovadan aldığımız məlumata görə, 2014-cü ilin fevral-may aylarında keçiriləcək bu dərslərdə rayonun 72 tam orta məktəbinin XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Fevralın 3-dən dərslər Heydər Əliyev Mərkəzində keçilməyə başlanmışdır. Fevral ayı ərzində Heydər Əliyev Mərkəzində rayonun 27 məktəbinin 725 nəfər XI sinif şagirdi "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda dərslərdə iştirak etmişdir. Dərsləri rayonun qabaqcıl  fənn müəllimləri Güloğlan Bağırov, Mənsur Ağayev, Qadir Axundov, Ramin Hüccətov, Elnur Əsədli, Zamin Baxşıyev, Kamran Əliyev,  Zəhra Abdullayeva, Rasim İbrahimov, İldırım Şükürzadə, Elmira Eminova, Aslan İbrahimov, Söhrət Cəfərov iki akademik saat ərzində tədris etmişlər. Dərslərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin XX əsrdə xalqımızın ən böyük nailiyyəti olması, ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi, bunun Milli Qurtuluş Günü  kimi bayram edilməsi, "Əsrin müqaviləsi"nin imzalanmasının ölkədə iqtisadi dirçəlişin  əsası olması, ulu öndərin hüquqi və demokratik dövlət quruculuğunu həyata keçirməsi, ordu quruculuğu, xarici siyasətdə uğurlar, müxtəlif sahələrdə islahatlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun layiqli davamçısı olması və başqa məsələlər konkret faktlar əsasında şagirdlərə  çatdırılmışdır. Bu dərslər şagirdlərin böyük marağına səbəb olmuşdur. Dərslərin tədrisi davam  etdirilir və təhsil şöbəsinin ciddi nəzarətindədir.

Fevralın 19-da rayon mərkəzində yerləşən Heydər Əliyev  Mərkəzində müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi  məqsədi  ilə "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın  qurucusu və memarıdır" mövzusunda növbəti dərs keçirilmişdir. Dərsi rayonun qabaqcıl tarix müəllimlərindən biri olan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimov aparmışdır. Dərsdə Gərmətük qəsəbə və Tatova kənd tam orta məktəblərinin 50 nəfər XI sinif şagirdi iştirak etmişdir. Sonda şagirdləri maraqlandıran  suallara cavab verilmişdir. 

ŞƏKİ 

Böyütmək üçün şəkili seçinHər bir xalq  o zaman böyük və qüvvətli olur ki, o öz tarixi keçmişini yaxşı bilir, tarixin  dərslərindən nəticə çıxarmağı bacarır. Elə buna görə də Azərbaycanın XX əsrdə dövlət müstəqilliyinin bərpa edilməsinin - xalqımızın  böyük nailiyyətinin - müasir Azərbaycan tarixinin şagirdlərə öyrədilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu baxımdan 2014-cü ilin  fevral-may aylarında ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdən sonrakı məşğələlər kimi müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə tədrisin aparılması diqqətəlayiqdir. Dərslərdə müsəqil Azərbaycanda dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  geniş diapazonlu fəaliyyəti, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun  getdikcə artması,  həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında dolğun məlumatlar  verilib. Həmin dərslərin Heydər Əliyev Mərkəzində  keçirilməsi böyük əhəmiyyət kəsb  edir.

Şəki Şəhər Təhsil Şöbəsində də bu dərslərin yüksək səviyyədə tədrisini təmin etmək üçün  elmi-metodik hazırlığı ilə fərqlənən 11 nəfər tarix müəllimi seçilmiş, dərslərin  təşkilinin məqsəd və mahiyyəti onlara izah olunmuş, qrafik təsdiq edilmişdir. Qrafik üzrə 1661 nəfər  XI sinif şagirdi 55-60 nəfərlik qruplar üzrə bölünmüşdür. Şəki ŞTŞ-nin müdiri S.İsmayılovadan aldığımız məlumatda bildirilir ki, hər bir məktəbin şagirdlərinin qrafik üzrə Mərkəzə gətirilməsi üçün qabaqcadan nəqliyyat vasitələri müəyyənləşdirilmiş, məktəb tərəfindən  bu işə məsul şəxslər ayrılmışdır. Mərkəzdə növbətçilik təşkil edilmişdir.

Artıq 12 gündür ki, davam edən və hər biri 2 akademik saat həcmində olan bu dərslərin tədrisi ictimaiyyət və valideynlər arasında müsbət rezonans  doğurmuşdur.

Müəllimlərimizdən Bəşarət Yusifovun, Anar Məmmədovun, Cəsarət Abdullayevin,  Nəzakət Hüseynovanın, Rəhman Yusifovun,  Pənah Alxasovun keçdiyi dərslər  məlumatlılıq səviyyəsinə,  şagirdlərlə canlı ünsiyyətdə olmasına, diaqnostik araşdırmaların aparılması nəticəsində şagirdlərin kifayət qədər məlumatları olmadığı sahələrə daha çox diqqət yetirilməsinə, mövzuların  tədrisində İKT-dən  bacarıqla istifadə edilməsinə  görə xüsusilə fərqlənir.

Dərslər davam edir və qərara alınıb ki, tədris olunan mövzuların xülasəsi  Şəki Şəhər Təhsil Şöbəsinin orqanı olan  "Şəki təhsili" qəzetində   ardıcıl dərc edilsin.

Həmçinin " Kanal S " regional televiziyasında seçilmiş mövzular üzrə orta məktəb şagirdləri arasında yarış-müsabiqənin keçirilməsi də planlaşdırılmışdır. 

XAÇMAZ 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyinin müvafiq məktubuna əsasən müstəqil Azərbaycan respublikasının tarixinə aid seçilmiş 2 mövzunun tədrisi rayon ərazisində olan ulu öndərin adını daşıyan 4 mərkəzin hər birində 2 akademik saat olmaqla tarix müəllimləri tərəfindən tədris edilir. Xaçmaz RTŞ-nin müdiri M.Nurməmmədovadan aldığımız məlumata görə, hər bir mərkəzin ərazisində olan məktəblər ora cəlb edilmişdir. Xaçmaz şəhər Heydər Əliyev adına mərkəzdə 805, Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbin nəzdində olan Heydər Əliyev mərkəzində 126, Xudat şəhər Heydər Əliyev adına mərkəzdə 354, Yalama kəndində olan Heydər Əliyev adına mərkəzdə isə 31 şagird ulu öndərin irsini öyrənəcəkdir. Dərslər fevralın 3-dən mayın 20-dək müntəzəm şəkildə tədris olunacaqdır.

İndiyədək Xaçmaz şəhər Heydər Əliyev mərkəzində 202, Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbin nəzdində olan Heydər Əliyev mərkəzində 44, Xudat şəhər Heydər Əliyev mərkəzində 140, Yalama kənd Heydər Əliyev mərkəzində isə 42 nəfər XI sinif şagirdləri ulu öndərin irsini öyrənmişdir.

Rayon təhsil şöbəsi bu dərslərin tədris olunması üçün cədvəl tutmuş və onların gedişinə nəzarət edir. 

İSMAYILLI 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyi tərəfindən dərslərin tədrisi ilə əlaqədar rayon təhsil şöbəsinin məsul işçiləri üçün seminar-müşavirə təşkil edilərək iştirakçılar təlimatlandırılmışdır. Keçiləcək dərslərin mövzuları dəqiqləşdirilmiş, dərsləri tədris edəcək müəllimlərə kömək məqsədi ilə mövzulara aid tezislər hazırlanaraq yerlərə çatdırılmışdır.

İsmayıllı rayonunda da dərslərin tədrisinə aid qrafik hazırlanaraq təsdiq edilmişdir. Qrafikdə rayonun 46 tam orta məktəbinin hər birinin dərs günləri, dərsləri tədris edəcək müəllimlər və dərslərin təşkilinə məsul olan  rayon təhsil şöbəsinin nümayəndələri göstərilmişdir.

İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim Ramiz Baloğlanovun verdiyi məlumata görə, dərsləri rayonun 10 nəfər qabaqcıl tarix müəllimi aparacaq. Dərslərin İsmayıllı şəhərinin Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulmuş, uzaq kəndlərdən şagirdlərin daşınması  üçün rayon icra hakimiyyəti tərəfindən nəqliyyat vasitələri ayrılmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti dərslərin tədrisi ilə daim maraqlanır, dərslərin yüksək səviyyədə tədrisi üçün lazımi köməkliyini göstərir.

Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar tədris olunacaq dərslərə aid rayon təhsil şöbəsində tam orta  məktəblərin direktorları və dərsləri tədris edəcək müəllimlərin iştirakı  ilə geniş müşavirə keçirilmiş, əlaqədar şəxslərə konkret tapşırıqlar verilmişdir.

Qrafikə uyğun olaraq ilk dərslər fevralın 4-də başlanmışdır. Artıq şəhər 3, 5, 6, 7 nömrəli, Cülyan kənd tam orta məktəblərinin  XI sinif şagirdləri üçün ilk dərslər keçilmişdir. Dərslərdə şagirdlərin diqqətinə çatdırılmışdır ki, Azərbaycanın XX əsr tarixinin geniş bir dövrü ümummilli lider Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur.

Şagirdlərə aydın şəkildə çatdırılmışdır ki, 1993-cü ilin iyununda Heydər Əliyevin qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin qanlı burulğanında idi. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyət iddiasında olan qruplaşmalar  arasında silahlı toqquşmalar baş verirdi. Yaranmış vəziyyətdən istifadə edən düşmənlərimiz torpaqlarımızın işğalını daha da genişləndirmişdilər. Müdrik xalqımız həmin ağır günlərdə düzgün addım ataraq dünyanın ən böyük siyasət adamını - ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Bununla xalqımız məhv olmaqdan, dövlətçiliyimiz süqut etməkdən xilas oldu. Dahi şəxsiyyət ən kəskin ziddiyyətlərin mövcud olduğu şəraitdə böyük təmkinlik və qətiyyət nümayiş etdirdi. Heydər Əliyevin bacarığı sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart çevrilişlərinin qarşısı alındı, xalqın inamı özünə qayıtdı.

Dərslərdə şagirdlərə izah edilmişdir ki, dahi öndər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qaldırmaq üçün əməli addımlar atdı. O, 1994-cü ilin  sentyabrında BMT-nin 49-cu, 2000-ci ildə isə yubiley sessiyalarının tribunalarından Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı. 1996- cı ilin dekabrında keçirilən ATƏT-in Lissabon sammitində ulu öndərin diplomatik səyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanat qəbul olundu. 1998-ci ilin sentyabrında Bakıda İpək yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi Heydər Əliyevin müdrikliyi sayəsində mümkün oldu. 2000-ci ilin aprelində "Kitabi Dədə -Qorqud" dastanının Bakıda 1300 illik yubileyinin təntənə ilə qeyd olunması da ulu öndərin tarixi keçmişimizə, xalqımızın soykökünə bağlılığının nəticəsi idi. O, uzaqgörən siyasəti ilə Azərbaycanı türk dünyasından təcrid olunmuş  vəziyyətdən çıxartdı, Mərkəzi Asiyanın müstəqil türk dövlətləri ilə tarixi dostluq münasibətlərimiz bərpa olundu. Şagirdlərə öyrədilmişdir ki, ulu öndərin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının mükəmməl layihəsi hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olundu.

1994-cü il sentyabrın 20-də dünyanın qabaqcıl neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması ilə neft strategiyasının əsası qoyuldu. 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay xarici ölkələrdə Azərbaycan diasporlarının yaradılmasında mühüm addım oldu.

Şagirdlərə izah edilmişdir ki, dünyanın ən qüdrətli siyasətçilərindən olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, onu təhlükələrdən böyük ustalıqla, mərdliklə, incə və çevik siyasətlə qoruyub inkişaf yoluna çıxardı.

Dərslərdə şagirdlərə ulu öndərin İsmayıllıya səfərləri, əhali ilə keçirdiyi  görüşlər haqqında da ətraflı məlumatlar verilmiş, bu səfərləri əks etdirən şəkillər və film nümayiş etdirilmişdir.

Şagirdlərə izah edilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində müstəqil respublikamız inkişaf edərək dünyanın qabaqcıl ölkələri sırasına daxil olmuşdur. Ölkəmizdə əldə edilmiş siyasi sabitlik və davamlı inkişaf vətəndaşların maddi-rifah halını daha da yaxşılaşdırmaqdadır.

İsmayıllı rayonunda ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar XI sinif şagirdləri üçün dərslərin tədrisi davam etdirilir. 

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov