Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

700 bal toplayan tələbələr qış imtahan sessiyasında hansı nəticələr əldə ediblər

 

Məlum olduğu kimi, 2013-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında üçüncü ixtisas qrupu üzrə 4 nəfər, dördüncü ixtisas qrupu üzrə isə 2 nəfər abituriyent maksimum nəticə - 700 bal toplayaraq respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Artıq dərs ilinin birinci yarısı, eləcə də semestr imtahanları başa çatıb. Bəs, görəsən onlar bu imtahanlarda öz nəticələrini doğrulda biliblərmi? Bunu aydınlaşdırmaq üçün həmin tələbələrlə və onların təhsil aldıqları ali təhsil müəssisələri ilə əlaqə saxladıq. 

Məhəmməd İSAMAYILOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
siyasi idarəetmə fakültəsinin hüquq ixtisası üzrə tələbəsi:

Qış semestr imtahanlarını uğurla başa vurdum. Əlaçıyam. 700 bal topladığım üçün özümdə daha çox məsuliyyət hiss edirəm. Müəllimlərim də məndən çox şey gözləyirlər. Bildiyiniz kimi, mən həm də Prezident təqaüdçüsüyəm. Bütün bunları nəzərə alaraq dövlətimizin mənə qarşı olan etimadını doğrultmaq üçün var gücümlə çalışıram. İnanıram ki, təhsilimi uğurla başa vurub bir mütəxəssis kimi dövlətimiz üçün faydalı olacam.

 


Nərminə MURĞUZOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
siyasi idarəetmə fakültəsinin hüquq ixtisası üzrə tələbəsi:

Şükürlər olsun ki, Prezident təqaüdçüsü adını qoruya bildim. İmtahanları əla qiymətlərlə verdim. Buna görə müəllimlərimə xüsusi təşəkkür edirəm. Onların bizim üzərimizdə əməyi çox böyükdür. Hədəflərimə çatmaq üçün pillə-pillə addımlayıram və bunun üçün çox çalışıram. Düzdür, yeni mühitə, yeni fənlərə adaptasiya olana qədər müəyyən çətinliklərimiz oldu. Amma bütün bunların geridə qaldığını düşünürəm.

 


Nərmin MƏMMƏDLİ,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
siyasi idarəetmə fakültəsinin hüquq ixtisası üzrə tələbəsi:

Mən də digər yoldaşlarım kimi qış semestr imtahanlarını müvəffəqiyyətlə başa vuraraq əlaçı oldum. Orta məktəbdən fərqli olaraq ali məktəbdə məsuliyyətimiz ikiqat artıb. Artıq biz əvvəlki illərdən daha çox çalışmalı və bizə göstərilən etimadı doğrultmalıyıq. Burada keçdiyimiz fənlərlə ilk dəfə tanış oluruq və artıq ixtisasımız üzrə hüquq elminin sirlərinə yiyələnməyə çalışırıq.

 


Aytən PAŞAZADƏ,
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin tələbəsi:

Tibb Universitetinin tələbəsi olmaqdan qürur hissi keçirirəm. Qış imtahan sessiyasında zərbəçi oldum. Düzdür əlaçı olmaq üçün çox çalışdım, lakin buna nail ola bilmədim. Növbəti semestrdə əlaçı olmağı hədəfləyirəm.


Osman MÜSLÜMOV,
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin tələbəsi:

Səmimi desək, imtahanları istədiyim şəkildə verə bilmədim. Əlaçı olmağı qarşıma məqsəd qoymuşdum, amma təəssüf ki, zərbəçi oldum. 700 bal topladığım üçün mənim məsuliyyətim ikiqatdı. Düşünürəm ki, universitetdə ilk ilimiz və bu mühitə, yeni fənlərə tam adaptasiya olduqdan sonra əlaçı olacam.

 


Flora QAFAROVA,
Qafqaz Universitetinin tərcümə bölməsinin tələbəsi:

İmtahanları uğurla başa vurdum. Müəllimlərimin mənə göstərdikləri dəstək sayəsində universitet həyatına tez alışdım. Buna görə də imtahanlarda bir o qədər çətinliklərlə üzləşmədim. Məqsədim ali məktəbi yüksək qiymətlərlə başa vurub vətənə layiqli bir mütəxəssis olmaqdır.

 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov