Bu günlərdə elm, mədəniyyət, ədəbiyyat, təhsil və
ictimai sahələrdə xüsusi fərqlənən bir qrup şəxsə
Prezident İlham Əliyevin 1 fevral 2014-cü il tarixli
sərəncamı ilə 2014-cü il Gənclər üçün Prezident
Mükafatları verilib. Mükafat fevralın 5-də "Buta
Palace"da qaliblərə təqdim olunub. Onları daha
yaxından tanıyaq.
"Mükafata layiq görülməyim mənim üçün xüsusilə
dəyərlidir"
Şahin
İSMAYILOV,
Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) sədri
1986-cı il fevralın 7-də Bakı şəhərində anadan olub. İlk
təhsilini Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta
məktəbdə alıb. 2004-2008-ci illərdə Azərbaycan Dillər
Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsində fransaşünaslıq ixtisası üzrə
bakalavr, 2008-2010-cu illərdə həmin ixtisas üzrə
magistr təhsili alıb. Hər iki təhsil pilləsini
fərqlənmə diplomu ilə başa vurub. 2011-ci ildə ADU-nun
sosial psixologiya üzrə fəlsəfə doktoru proqramına qəbul
olunub. Hazırda həmin proqram üzrə təhsil alır.
Universitetdə təhsil aldığı vaxtdan bu günə kimi fəal
ictimai fəaliyyətlə məşğuldur. 2005-ci ilin may ayından
ali və orta ixtisas təhsili müəssisələrində
formalaşdırılmağa başlanan Tələbə Gənclər Təşkilatının
(TGT) Azərbaycan Dillər Universitetində ilk fəal
üzvlərindən olub.
Şahin İsmayılov tələbə-gənclər təşkilatlarının vahid
platformasının və şəbəkəsinin yaradılması təşəbbüsü ilə
çıxış edib. 2009-cu ildə təsis qurultayında ATGTİ-nin
sədri seçilib. 2012-ci il iyunun 2-də 88 tələbə
gənclər təşkilatının 600-ə yaxın nümayəndəsinin
iştirakı ilə ilk dəfə olaraq birbaşa elektron səsvermə
ilə 5 namizəd arasından səslərin böyük əksəriyyətini
toplayaraq ikinci dəfə ATGT-nin sədri seçilib. İttifaqa
rəhbərlik etdiyi illər ərzində ATGTİ 500-dən çox iri
yerli və beynəlxalq layihə həyata keçirib. Qurum Avropa
Tələbələr Birliyinin (ATB) tamhüquqlu üzvü seçilib.
Şahin İsmayılov 2011-ci il aprelin 21-də bir qrup
gənclə birlikdə Prezident İlham Əliyevin qəbulunda olub.
Bu görüşdə o, tələbələrin sosial vəziyyətinin
yaxşılaşdırılması və fəallığının artırılması
istiqamətində bir sıra təkliflərlə çıxış edib.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramının hazırlanması üzrə işçi qrupun üzvü olub.
Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2012-ci
il tarixində Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının, 4 aprel 2013-cü il tarixində isə Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
Müşahidə Şurasının üzvü seçilib və hazırda bu
qurumlarda fəaliyyətini davam etdirməkdədir. 2011-ci
ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən
ilin ən yaxşı layihəsini hazırlayıb təqdim etdiyinə görə
"Yaxşıların yaxşısı", 2012-ci ildə Gənclər və İdman
Nazirliyi tərəfindən "İlin ən ictimai fəal gənci"
nominasiyası üzrə mükafatlara layiq görülüb. Bir sıra
xarici ölkələrdə keçirilən beynəlxalq layihələrin
iştirakçısı olub.
- Cənab Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində
imzaladığı sərəncamla təsis edilən və gənclərin elm,
mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil, ictimai
fəaliyyət sahələrində nailiyyətlərə təşviq etmək məqsədi
daşıyan "Gənclər üçün Prezident Mükafatı" dövlətimizin
və şəxsən Prezidentimizin Azərbaycan gəncliyinə
göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir.
Mükafatın hər il 2 fevral - Gənclər Günündə öz
fəaliyyətləri ilə seçilən gənclərə təqdim edilməsi,
gənclərin potensialının reallaşdırılması, onların
yaradıcılıqda, təhsildə və ictimai sferada daha yüksək
nəticələr göstərməsi baxımından ciddi stimul yaradır.
Düşünürəm ki, mükafat eyni zamanda ona layiq görülən
gənclərin məsuliyyətini də artıracaq və hər birinin öz
sahəsində daha böyük həvəslə çalışmasına təkan verəcək.
Mən bu mükafata ictimai sahədəki fəaliyyətimə görə layiq
görülmüşəm. Tələbə olduğum illərdən ictimai fəaliyyətlə
məşğulam, bir sıra mükafatlar, təltiflər almışam, ancaq
bu mükafata layiq görülməyim mənim üçün xüsusilə
dəyərlidir. Dövlət gənclər siyasətinin reallaşması,
gənclərimizin ictimai işə cəlb edilməsi istiqamətində
göstərdiyim fəaliyyətin cənab Prezidentimiz İlham Əliyev
tərəfindən qiymətləndirilməsi mənə böyük stimul oldu.
Düşünürəm ki, bu mükafat tək mənə yox, həm də ətrafımda
olan xeyli sayda tələbəyə də böyük motivasiya oldu və
onlar da gələcəkdə "Gənclər üçün Prezident Mükafatı"na
layiq görülmək üçün səylə çalışacaqlar. Mən mükafatın
gətirdiyi məsuliyyəti dərk edərək cənab İlham Əliyevin
göstərdiyi etimada layiq olmaq üçün gənclər siyasətinin
reallaşması və Azərbaycan gəncliyinin daha da inkişafı
istiqamətində əlimdən gələn dəstəyi göstərəcəyəm.
"Etimadı doğrultmağa çalışacağam"
Pərvin
NURƏLİYEVA,
ADPU-nun müəllimi, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, gənc yazıçı
1984-cü ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya
fakültəsini bitirib. 2009-cu ildə həmin universitetin
Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura
pilləsinə daxil olub və 2012-ci ildə fərqlənmə diplomu
ilə bitirib. Hazırda ADPU-da qiyabi doktorantura təhsili
alır, fəlsəfə doktoru dissertasiyası üzərində çalışır.
2006-cı ildən ADPU-da çalışır, 2012-ci ildən isə
Azərbaycan ədəbiyyatı tarixi kafedrasına müəllim
vəzifəsinə seçilib.
2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mədəniyyət
və Turizm Nazirliyi ilə birgə layihəsi olan "Gənc
Ədiblər Məktəbi"nin məzunudur. Elə həmin ildə AYB-nin
üzvü olub və Prezidentin xüsusi təqaüdünə layiq görülüb.
Ədəbi mühitə gəldiyi ilk vaxtlarda mətbuatda esselər,
kiçik hekayələr, publisistik məqalələrlə çıxış edib.
Yazıları "Azərbaycan", "Ulduz", "Literaturnıy
Azerbaydjan" dərgilərində, "525-ci qəzet", "Zerkalo"
qəzetlərində işıq üzü görüb. 2011-ci ildə Pərvin Gənclər
və İdman Nazirliyinin "Gənclər" mükafatına layiq
görülüb. 2012-ci ildə isə Azərbaycan Yazıçılar
Birliyinin "Təhsil" nəşriyyatı ilə birgə layihəsi olan
"Müəllifin ilk kitabı" adlı seriyadan "Qar yağacaq" nəsr
kitabı işıq üzü görüb. Oxucuların marağına səbəb olan bu
kitab müəllifinə xeyli uğur gətirib. 2013-cü ildə
Pərvin bir sıra ədəbi mükafatlar da alıb. "Qar yağacaq"
kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl
kəlmə", Rəsul Rza adına ədəbiyyat fondu tərəfindən
"Rəsul Rza Beynəlxalq mükafatı"na layiq görülüb. Onun
"Balerina" povesti isə ölkəmizdə keçirilən Milli Kitab
Mükafatının ikincisi olub və əsər ayrıca kitab şəklində
işıq üzü görüb. O, dəfələrlə xaricdə Azərbaycan
gəncliyini təmsil edib. 2011-ci ildə Moskvada Gənc
Yazarların I Beynəlxalq seminarında uğurla iştirak
edib. Ruscaya tərcümə edilmiş hekayələri müxtəlif
ölkələrdən olan seminar iştirakçılarının böyük marağına
səbəb olub. "Samir üçün" və "Qar yağacaq" hekayələri
müxtəlif almanaxlarda və Rusiyanın ədəbi qəzetlərində
işıq üzü görüb.
Pərvin 2012-ci ildə Litvada keçirilən "Gənclik və sosial
media" forumunda, Astanada keçirilən "Türk dünyası
Dərgilər Konqresi"ndə iştirak edib. Türkiyənin Avrasiya
Yazarlar Birliyinin üzvüdür. Türkcəyə tərcümə olunmuş
hekayələri müxtəlif türk dərgilərində işıq üzü görüb.
O, həm də Latviyanın Beynəlxalq Yazarlar və Publisistlər
Birliyinin üzvüdür, ruscaya tərcümə olunmuş hekayələri
dünyanın 40 ölkəsində yayımlanan "Proza" almanaxlarına
daxil edilib. 2013-cü ildə Türkiyədə Akçağ yayım evində
"Balerina" adlı türkcə kitabı xalq yazıçısı Anarın ön
sözü ilə işıq üzü görüb. Bədii yaradıclığı ilə yanaşı
Pərvin rus və türk dillərindən tərcümələr də edir. Eyni
zamanda o, müxtəlif səhnə əsərlərinə aid
resenziyaların da müəllifidir.
- Hələ yay aylarından mətbuatda "Gənclər üçün Prezident
Mükafatı"nın təsis edilməsi haqda məlumatları oxuyanda
xeyli sevinmişdim. Bunu Azərbaycan gəncliyi üçün böyük
hadisə hesab edirəm. Bu gün ölkəmizdə bütün sahələrdə
gedən inkişaf göz önündədir. Memarı və qurucusu
ümummilli liderimiz Heydər Əliyev olan müasir
Azərbaycan günbəgün inkişaf edir, çiçəklənir. Bütün bu
inkişafın da əsas tərkib hissəsini gənclərə münasibət,
qayğı, istedadlı gənclərin üzə çıxarılması, onların
gələcəkdə ölkəyə lazımlı kadr kimi hazırlanması təşkil
edir. Bir Azərbaycan gənci kimi məni də bütün bu
məsələlər sevindirir və irəliləməyimiz üçün yaradılan bu
imkanlardan faydalanmağa çalışıram. Bu il
mükafatlandırılan gənclərdən biri də mən oldum. Əlbəttə,
bu istər yazıçı taleyimdə, istərsə də ümumiyyətlə
karyeramda çox böyük uğurdur, əlamətdar hadisədir. Amma
ən başlıcası bu, dövlətimizin, ölkə Prezidenti cənab
İlham Əliyevin gənclərə qayğısının, diqqətinin,
etdimadının daha bir nümunəsidir. Mən də bundan sonrakı
fəaliyyətimdə bu etimadı doğrultmağa, ölkəmizin,
millətimizin adına layiq olmağa çalışacağam.
"Yaradıcı gənclərimizə diqqət və qayğının daha bir bariz
nümunəsi"
Timur
ƏSGƏROV,
Bakı Xoreoqrafiya Məktəbinin yetirməsi,
Sankt-Peterburqdakı "Marinsk" teatrının solisti
1990-cı il martın 31-də Bakıda hərbiçi ailəsində anadan
olub. İlk təhsilini Gəncədəki M.Hüseynzadə adına 4
nömrəli tam orta məktəbdə alıb. Timur Əsgərov 1998-ci
ildən peşəkar opera sənətindədir. Onun bu sənətə
marağı orta məktəbdən başlayıb. III sinifdə oxuyarkən
məktəbin nəzdindəki rəqs dərnəyinə gedib. Onu daha çox
bal rəqsləri maraqlandırıb. Tezliklə ailə Bakıya köçüb
və Timur təhsilini Bakı Xoreoqrafiya Məktəbində davam
etdirib. 2008-ci ildə BXM-nı bitirən Timur 2008-2009-cu
illərdə M.F.Axundov adına Dövlət Akademik Opera və
Balet Teatrında, 2009-2011-ci illərdə isə T.Şevçenko
adına Ukrayna Milli Akademik Opera və Balet Teatrında
işləyib. 2011-ci ilin yanvarından isə Rusiyanın dünya
şöhrətli "Marinsk" teatrının solistidir. Timur "Marinsk"
balet truppası ilə Amerika, İtaliya, Almaniya,
Meksika, Çin və b. ölkələrdə qastrol səfərlərində olub.
O, Rusiyada fəaliyyət göstərdiyi cəmi 3 mövsümdə bir
sıra xarici qastrol səfərlərində dünya baletinin onlarca
ən mürəkkəb nümunələrini hazırlayaraq tamaşaçılara
çatdıra bilib. 2014-cü il yanvarın 28-dən fevralın
3-dək "Marinsk" balet truppası tərkibində Vaşinqtonda
"Kennedi-mərkəz"də çıxış edib. Fevralın 9-da isə Timur
Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletində baş rolda
çıxış edib.
O, XII Beynəlxalq balet müsabiqəsində qızıl medala layiq
görülüb.
Timur Əsgərov gənclər üçün Prezident Mükafatına layiq
görülməsi xəbərini Amerikada olduğu qastrol səfərində
alıb. Timurun atası Vaqif Əsgərov bizimlə söhbətində
dövlətimizin başçısının gənclərə göstərdiyi diqqət və
qayğını çox yüksək qiymətləndirdi:
- Əlbəttə, Timurun Prezident Mükafatına layiq
görülməsi xəbəri bizi çox sevindirdi. Bu mükafatın
təsis olunması Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin yaradıcı gənclərimizə göstərdiyi
yüksək diqqətin parlaq təzahürüdür. Dövlət başçımızın
gənclər siyasətinin dolğun təcəssümüdür. Timurun belə
yüksək mükafata layiq görülməsi üçün mən, ilk növbədə,
Prezident İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Mən Timurun böyük səhnədə parlamasında ona
dəstək olmuş ilk müəllimlərinə - Bakı Xoreoqrafiya
Məktəbinin direktoru, əməkdar müəllim Nilufər
Kərimovaya, xalq artisti Rəfiqə Axundovaya, Tamilla
Məmmədovaya da öz minnətdarlığımı çatdırmaq istəyirəm.
"Bu, Azərbaycan elminə və təhsilinə verilən mükafatdır"
Flora HACIYEVA,
BDU-nun nanomaterialların kimyəvi fizikası kafedrasının
müəllimi, böyük elmi işçi
1985-ci il yanvarın 26-da Tovuz şəhərində anadan olub.
1990-2000-ci illərdə buradakı N.Tusi adına orta
məktəbdə oxuyub və təhsilini fərqlənmə attestatı ilə,
2004-cü ildə isə Bakı Dövlət Universitetinin kimya
fakültəsini analitik kimya ixtisası üzrə fərqlənmə
diplomu ilə başa vurub.
2006-cı ildən Bakı Dövlət Universitetinin
nanomaterialların kimyəvi fizikası kafedrasında
çalışır. F.Hacıyeva 2007-ci ildə dissertanturaya qəbul
olunub, O, həmin ildən başlayaraq son illər dünyada çox
geniş inkişaf edən nanotexnologiya sahəsində elmi
tədqiqat işləri aparır. 2010-cu ildə 25 yaşında
"Polipropilen, polivinildenflüorid və kadmium sulfid
əsasındakı nanokompozisiyaların quruluşunun formalaşması
və xassələrinin tədqiqi" mövzusunda dissertasiya işini
müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru elmi
dərəcəsi alıb. Onun elmi tədqiqat işlərinin nəticələri
"Tomson Reyters" sıyahısına daxil olan beynəlxalq
jurnallarda dərc olunub və beynəlxalq konfrans və
simpoziumlarda müzakirə və məruzə edilib.
Flora Hacıyeva nanotexnologiya sahəsi üzrə bir neçə
beynəlxalq (STCU, SRDF, Saudia Arabia,Tempus və sair) və
ölkədaxili qrant layihələrinin iştirakçısı və bir
beynəlxalq layihənin rəhbəri olub. Ayrı-ayrı illərdə
müxtəlif müsabiqələrin və yarışmaların qalibi olaraq
diplom və sertifikatlara layiq görülüb. 2008-ci ildə
Ulyanovsk şəhərində keçirilən "Opto, nanoelektronika,
nanotexnologiyalar və mikrosistemlər" adlı beynəlxalq
konfransda ən yaxşı məruzəyə görə diplomla, 2008-ci və
2009-cu illərdə atom-qüvvət mikroskopunda aldığı
nəticələrə görə Rusiyanın Elm və Texnologiya Mərkəzi
tərəfindən diplomlarla təltif olunub. F.Hacıyeva
müxtəlif illərdə nanotexnologiya sahəsində keçirilən
beynəlxalq konfrans, ali kurslar, seminar və
treninqlərin iştirakçısı olub.
Flora Hacıyeva MDB ölkələrinin Gənc Alimlərinin Ekspert
Şurasının üzvü, Bakı Dövlət Universitetinin Gənc Alimlər
Şurasının sədridir. Hazırda "Yarımkeçirici
nanohissəciklərlə modifikasiya olunmuş polimer kompozit
strukturların sintezi, quruluşu və xassələri" mövzusunda
doktorluq dissertasiyası üzərində işləyir. Bununla
yanaşı, elmi tədqiqat işlərinin təhsil sahəsinə tətbiqi
sahəsində də xeyli uğurlar qazanıb. Gənc tədqiqatçı Bakı
Dövlət Universitetində kimya, fizika, biologiya və
ekologiya fakültələrinin bakalvr və magistr pillələrində
nanotexnologiya üzrə açılan ixtisaslar üçün fənn
proqramlarının hazırlanmasında da fəal iştirak edir. O,
kimya fakültəsinin bakalavr təhsil pilləsi üçün
"Nanokimya və nanotexnologiyanın əsasları" və ekologiya
fakültəsinin magistr təhsil pilləsi üçün
"Nanotexnologiyanın ekologiyada tətbiqi" fənn
proqramlarının müəllifidir. Hazırda ekologiya fakültəsi
üçün magistr hazırlığı Avropa Birliyinin TEMPUS
layihəsinin iştirakçısıdır. F.Hacıyeva nanotexnologiya
sahəsində elmi innovasiyaların təhsil mühitinə transferi
məsələləri ilə məşğul olur.
Flora Hacıyeva İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (İSESKO) maliyyələşdirdiyi "The development
of technology of formation quantum nanowires in polymer
matrices" (Polimer matrislərdə kvant nanonaqillərinin
alınma texnologiyasının işlənməsi) qrant layihəsinin
qalibi olub. 2012-ci ildə nanotexnologiyalar sahəsində
qazandığı uğurlara görə MDB ölkələrinin "Debütlərin
birliyi" beynəlxalq mükafatına layiq görülüb. Hazırda
BDU-nun nanomaterialların kimyəvi fizikası kafedrasının
müəllimi, nanoaraşdırmalar laboratoriyasında böyük elmi
işçi vəzifəsində çalışır.
- Mən belə yüksək mükafata layiq görüldüyüm üçün, ilk
növbədə, Azərbaycan dövlətinə, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Respublikamızda dövlət
gənclər siyasətinin formalaşdırılması ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclərlə
bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib
hissələrindən biri hesab edir, gənclərin imkan və
bacarıqlarını yüksək qiymətləndirir, onların
problemlərinin həlli istiqamətində həyata keçirilən
tədbirlərə xüsusi önəm verirdi. Məhz onun 1 fevral
1997-ci il tarixli sərəncamı ilə 2 fevral Azərbaycan
Respublikasında Gənclər Günü kimi təsis edilib.
Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin
sürətlə formalaşdığı müasir dövrdə Azərbaycan
Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və
digər sahələrdə gənclərin daha fəal iştirakını təmin
etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə
yüksəldilməsi məqsədi ilə ulu öndərin yolunu uğurla
davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən çoxsaylı sərəncam və fərmanlar verilib, o
cümlədən 2011-ci il 7 iyul tarixli 1621 nömrəli
Sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı təsdiq edilib və 2013-cü il 2 iyul
tarixli 934 nömrəli Fərmanla "Gənclər üçün Prezident
Mükafatı" təsis olunub. Məhz Prezident İlham Əliyevin
böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi bu
gün artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal
sosial təbəqəyə çevrilib.
Bu gün universitetin Gənc Alimlər Şurasının sədri kimi
mənə göstərilən diqqət və qayğıya, əldə etdiyim bu
nailiyyətlərə görə həm universitet rəhbərliyinə, həm də
Gənclər və İdman Nazirliyinə təşəkkür edir və
minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, mənə
verilən bu mükafat universitet elminə, ümumiyyətlə
Azərbaycan elminə və təhsilinə verilən mükafatdır və mən
bu etimadı doğrultmaq üçün bundan sonra da bütün səy və
bacarığımla çalışacağam.
"Mükafata layiq görüldüyümə görə çox sevinirəm"
Rafiq
SƏFƏROV,
AMEA Geologiya İnstitutunun aparıcı elmi işçisi
1984-cü il sentyabrın 16-da Bakı şəhərində anadan olub.
1991-ci ildə Əmircan qəsəbəsində yerləşən 84 nömrəli
məktəbin I sinfinə gedib və 2001-ci ildə Yasamal
rayonunda yerləşən 1 nömrəli Respublika
fizika-riyaziyyat və informatika təmayüllü liseyi
bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin
geologiya fakültəsinə qəbul olunub və 2005-ci ildə
universitetin bakalavr pilləsini geofizika ixtisası üzrə
bitirib. 2005-ci ildə BDU-nun geologiya fakültəsinə
magistr pilləsi üzrə qəbul olub və 2007-ci ildə həmin
fakültəni "seysmologiya və seysmometriya" ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirib.
2005-2012-ci illərdə AMEA Geologiya İnstitutunun
"Geotektonika və geodinamika" şöbəsində böyük laborant,
kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi
vəzifələrində çalışıb. 2013-cü ildən şöbənin aparıcı
elmi işçisidir. 2008-2011-ci il tarixlərində Geologiya
İnstitutunun aspirantı olub, geofizika ixtisası üzrə
"Azərbaycan ərazisində müasir geodinamik şəraitin və
seysmik təhlükənin GPS məlumatları əsasında tədqiqi"
mövzusunda dissertasiya işini tamamlayıb və müzakirəyə
təqdim edib.
2011-2012-ci illərdə Yaponiya Beynəlxalq Seysmologiya və
Zəlzələ Mühəndisliyi İnstitutu, Yaponiya Milli Siyasi
Tədqiqatlar İnstitutu və Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyi tərəfindən təşkil olunmuş "Seysmologiya,
zəlzələ mühəndisliyi, sunami və təbii fəlakətlərin
nəticələrinin azaldılması" mövzusunda 52-ci illik təlim
kursunda iştirak edib və Nagoya Universitetində magistr
təhsili alıb. Beynəlxalq təlim kurslarında və
seminarlarda beynəlxalq və yerli qrant və layihələrdə
iştirak edib. AMEA Geologiya İnstitutunun nəzdində
fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan
olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan
Milli Məlumat Mərkəzinin tədqiqatçısıdır. Eyni zamanda
pedaqoji fəaliyyətlə də məşğul olur. Hazırda Bakı Dövlət
Universitetinin seysmologiya və yer təkinin fizikası
kafedrasında "Yerin fizikası" fənnini tədris edir.
- Fürsətdən istifadə edərək, mənə verilən mükafata və
göstərilən etimada görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı
bildirirəm. Cənab Prezidentin gəncliyin inkişafı məqsədi
ilə təsdiq etdiyi Dövlət Proqramlarının və eyni zamanda,
onun şəxsi qayğısı, diqqəti və himayəsinin nəticəsidir
ki, gənclərimizin hər sahədə əldə etdikləri
nailiyyətlər, qazandıqları uğurların sayı artmaqdadır.
Mənim elmi fəaliyyətimdə qazandığım uğurlar da bu qayğı
və diqqətin nəticəsidir. Gənclər üçün Prezident
Mükafatına layiq görülməyimə görə çox sevinirəm və mənim
üzərimdə zəhməti, əməyi olan valideynlərimə,
müəllimlərimə, Bakı Dövlət Universiteti geologiya
fakültəsinin professor-müəllim heyətinə, AMEA-nın
rəhbərliyinə, elmi rəhbərimə minnətdaram. Bundan sonrakı
elmi fəaliyyətimdə də Azərbaycan elminin inkişafı, onun
beynəlxalq inteqrasiyası üçün aktiv və fəal olmaqla
bacarıqlarımı əsirgəməyəcəyəm. Prezident Mükafatına
layiq görülən bütün gəncləri təbrik edir və onlara
gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.
"Adımı siyahıda görəndə böyük sevinc və qürur hissi
duydum"
İlyas
İSMAYILLI,
Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri
1989-cu il martın 10-da Sumqayıt şəhərində anadan
olub. 2005-ci ildə Bakıdakı 291 nömrəli "Araz"
ekologiya liseyini bitirib, həmin il Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə daxil olub. 2009-cu
ildə həmin universiteti fərqlənmə diplomu ilə
bitirib. 2009-2010-cu illərdə Azərbaycan Silahlı
Qüvvələrində xidmət edib. 2010-cu ildə Bakı Dövlət
Universitetinin hüquq fakültəsinin kommersiya hüququ
ixtisasına qəbul olunub və 2012-ci ildə həmin fakültəni
bitirib.
2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə
Gənclər Təşkilatının üzvü olub. 2006-cı ildən Azərbaycan
Skautlar Assosiasiyasının Beynəlxalq Komissarının
köməkçisi, 2009-2012-ci illərdə Azərbaycan Skautlar
Assosiasiyasının beynəlxalq komissarı vəzifəsinə
seçilib. 2006-cı ildə Misirdə təşkil olunan mədəni
mübadilə proqramında iştirak edib, 2007-ci ildə
İngiltərədə keçirilən Dünya Skautlarının toplantısında
Azərbaycan kontingentinin komanda lideri təyin edilib.
2007-ci ildə Avrasiya Skaut Regionunun konfransında,
2008-ci ildə Ümumdünya Skaut Konfransında nümayəndə
kimi iştirak edib, Avrasiya regionu adından hesablama
palatasına üzv seçilib. Azərbaycan - Norveç skautları
arasında əməkdaşlığın koordinatoru (2008-2009),
Azərbaycan - Türkiyə skautları arasında əməkdaşlığın
koordinatoru (2008-2013) seçilib. Müxtəlif illərdə
ayrı-ayrı ölkələrdə keçirilmiş skaut konfranslarında
iştirak edib. 2012-ci il dekabrın 28-də Azərbaycan
Skautlar Assosiasiyasının rəhbəri seçilib. İlyas
İsmayıllı bir sıra yerli və beynəlxalq tədbirlərdə
Azərbaycanı layiqincə təmsil edib.
- Gənclər üçün Prezident Mükafatı ilə təltif
olunmağımı ilk dəfə eşidəndə sevincimdən buna
inanmadım, əmin olmaq üçün özüm Azərbaycan Respublikası
Prezidentinin saytına daxil olub sərəncamlara baxdım. Öz
adımı siyahıda görəndə çox böyük sevinc və qürur hissi
duydum. Qeyd etmək istəyirəm ki, bu mükafat tək mənim
zəhmətim nəticəsində olmayıb, bütün təşkilatımızın
fəaliyyətinə, əməyinə verilən qiymətdir. Fəaliyyətimizin
dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi bir
daha sübut edir ki, Azərbaycan üçün görülən hər bir iş
ölkə rəhbərliyi tərəfindən nəzərə alınır. Gənclər üçün
Prezident Mükafatı ilə təltif olunmaq şərəfinə nail
olmağıma görə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə, valideynlərimə, dostlarıma,
Azərbaycan Skautlar Assosiasiyasının bütün üzvlərinə
təşəkkürümü bildirmək istəyirəm. Onlarsız bu nailiyyətə
çatmaq mümkün olmayacaqdı.
Səhifəni hazırladı:
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |