Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri
Nurlan Niqmatulinin rəhbərlik etdiyi nümayəndə heyəti
Bakı Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə
görüşüb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov
qonağı təqdim edərək onun haqqında ətraflı məlumat
verib. Bildirilib ki, Nurlan Niqmatulin Astana şəhər
icra hakiminin müavini, Prezident Administrasiyası
rəhbərinin müavini, Qaraqanda vilayətinin qubernatoru,
"Nur Otan" partiyası sədrinin birinci müavini
(Qazaxıstan Respublikasının iqtidar partiyası )
vəzifələrində çalışıb. Artıq iki ildir ki, Qazaxıstan
Respublikası Parlamentinin Məclis sədri vəzifəsini
daşıyan N.Niqmatulin hökumətin ali mükafatları olan
"Kurmet" və II dərəcəli "Barıs" ordenləri ilə təltif
olunub. Akademik Abel Məhərrəmov Azərbaycan-Qazaxıstan
münasibətlərinin inkişafından da bəhs edərək deyib ki,
bu ölkələr ortaq dil, mədəniyyət və tarixə malik olan
qardaş dövlətlərdir. Əsrlər boyu xalqlarımız bir-birinə
bağlı olub və həmişə bu əlaqələri qorumaq, gücləndirmək
və genişləndirmək istiqamətində səy göstəriblər. Hazırda
qarşılıqlı uğurlu əlaqələrin mövcud olması Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev və qazax
xalqının görkəmli oğlu Nursultan Nazarbayevin birgə
səylərinin nəticəsində hasil olub.
Daha sonra çıxış edən Qazaxıstan Respublikası
Parlamentinin Məclis sədri Nurlan Niqmatulin BDU-nun
onda xoş təəssürat yaratdığını və bu qocaman ali təhsil
ocağının kollektivi ilə görüşməsindən məmnunluğunu ifadə
edib. Qonaq ölkələrimiz arasında mövcud münasibətlərdən,
ölkəsinin xarici siyasəti, iqtisadiyyatın bugünkü
durumu, ölkə qarşısında duran məqsədlərdən və digər
mühüm məsələlərdən danışıb.
Qeyd edək ki, qonaq universitetin Heydər Əliyev Muzeyi,
Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi ilə
tanış olub.
Xatırladaq ki, Qazaxıstan Parlamenti Məclisinin sədri
Nurlan Niqmatulin fevralın 19-da Azərbaycana rəsmi
səfərə gəlib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |