Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan
Respublikasının Baş naziri Plamen Oreşarskinin rəhbərlik
etdiyi nümayəndə heyəti fevralın 20-də Bakı Slavyan
Universitetində (BSU) olmuşdur.
AzərTAc xəbər verir ki, universitetin rektoru, professor
Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının
tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri
haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki,
universitetdə "Bolqar dili" və "Bolqarşünaslıq"
ixtisasları üzrə mütəxəssislər hazırlanır və 2007-ci
ildən bəri beynəlxalq münasibətlər fakültəsində ikinci
ixtisası bolqar dili olan 14 tələbə məzun olmuşdur.
Professor K.Abdulla Sofiya Universitetindəki Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzinin, BSU-dakı Bolqar Dili və
Mədəniyyəti Mərkəzinin dövlətlərimiz arasında əlaqələrin
inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Slavyan
Universitetində olmağından məmnunluğunu ifadə edən
Bolqarıstanın Baş naziri Plamen Oreşarski burada bolqar
dilinin tədrisi ilə fəxr etdiyini vurğulamışdır.
Görüşdə həmçinin azərbaycanlı tələbələrin Bolqarıstanda
təcrübə keçməsi barədə fikir mübadiləsi aparılmışdır.
Sonda BSU-nun rektoru K.Abdulla Bolqarıstan rəsmisinə
xatirə hədiyyəsi təqdim etmişdir.
Daha sonra Bolqarıstanın Baş naziri universitetdə
fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi
ilə tanış olmuşdur.
Qonağa ətraflı məlumat verən universitetin dosenti
Solmaz Süleymanova bildirmişdir ki, mərkəz 2004-cü il
oktyabrın 7-də yaradılmışdır. Mərkəzdə, həmçinin
Bolqarıstandan BSU-ya gələn qonaqlar barədə elektron
təqdimat nümayiş olunmuş, tələbələr bolqar dilində mahnı
oxumuşlar.
Baş nazir Plamen Oreşarski mərkəzə bolqar dilində bədii
ədəbiyyat hədiyyə etmişdir. Burada yaradılmış şəraiti
yüksək qiymətləndirən Baş nazir xatirə kitabına ürək
sözlərini yazmışdır. |