Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Təhsil Nazirliyində brifinq

 

 Fevralın 19-da Təhsil Nazirliyində "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ın şərhinə həsr olunmuş brifinq keçirilib.

Brifinqdə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova və həmin şöbənin baş məsləhətçisi Natiq İbrahimov iştirak ediblər.

Təhsil Nazirliyinin nümayəndələri qeyd olunan qaydaların təfərrüatlarını açıqlayıb və müvafiq müddəaları şərh ediblər.

Bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun 14 fevral 2014-cü il tarixli əmri ilə təsdiq olunmuş yeni qaydalar "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin müddəaları ilə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda olan ziddiyyətin aradan qaldırılması məqsədlərinə xidmət edir. Yeni qaydalar xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla bütün ali təhsil müəssisələrinə şamil olunur.

Böyütmək üçün şəkili seçinBundan sonra ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçiriləcək. İndiyədək isə bu prosesləri ildə bir dəfə həyata keçirmək mümkün idi.

Ali təhsilin magistratura səviyyəsində isə tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

Yeni qaydalara əsasən, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına isə yol verilməyəcək.

Tələbələrin köçürülməsi məsələsinə gəlincə, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. İxtisasın dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı (ixtisas) üzrə qəbul planı ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılır.

Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.

Tələbənin təhsil aldığı ali məktəbdə eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi də asanlaşır. Qiyabidən əyaniyə və ya əksinə keçmək üçün tələbənin rektorun adına ərizə yazması kifayətdir.

Digər ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmək istəyən tələbə müvafiq sənədləri təqdim etməklə köçürülmək istədiyi ali təhsil müəssisəsinə ərizə ilə müraciət etməlidirlər. Tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsində onun təqdim etdiyi sənədlər "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması və dünya reytinq cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq sorğular göndərilməklə köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Köçürülmə üçün əsas olmadığı hallarda ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir.

Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Yeni qaydalara görə, tələbələr sırasından xaric olunmasından nə qədər müddət keçməsindən asılı olmayaraq, hər bir şəxs ali təhsil müəssisəsinə bərpa oluna bilər. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslərə də ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrində oxumaq imkanı verilir.

Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ailə vəziyyətinə görə (2 il müddətinədək), səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətdə), sosial məzuniyyətə çıxdıqda (qanunvericiliklə müəyyən olunmuş müddətdə), müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə də tələbəyə akademik məzuniyyət verilir. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılır.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov