Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə British Councilin əməkdaşlığı uğurla davam edir

 

Böyütmək üçün şəkili seçinFevralın 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) ilə British Councilin əməkdaşlığının iki illiyinə həsr olunmuş "Davamlı Peşəkar İnkişaf" (DPİ) pilot layihəsinə dair birgə beynəlxalq konfrans təşkil edilmişdir. Bakı şəhərinin "Hilton" otelində keçirilən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları  şöbəsinin müdiri Fərzəli Qədirov, BPKİYİ-nin rektoru, professor Asəf Zamanov, Britaniya Şurasının direktoru xanım Yelizavet Vayt, Norviç Dil Təhsili İnstitutunun (NİLE) direktor müavini, professor Alan Pulverness, təlimçilər, həmçinin təlim və layihələrin iştirakçısı olmuş 200-ə qədər ingilis dili müəllimi iştirak etmişlər. Britaniya Şurasının direktoru xanım Yelizavet Vayt konfransı açaraq BPKİYİ ilə Britaniya Şurası arasında mövcud əməkdaşlığın  səviyyəsindən, ingilis dilinin tədrisində keyfiyyət standartlarının təkmilləşdirilməsi məqsədi ilə birgə fəaliyyətdən, tədrisdə innovasiyaların tətbiqindən, təlim metodologiyalarının səviyyəsindən razılığını ifadə etdi.

Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov pilot layihənin tətbiqi mərhələsində təmsil etdiyi nazirliyin strateji dəstəyindən və  nailiyyətlərdən söz açdı, təkliflərini bildirdi və layihənin əsas tərəfdaşı olan BPKİYİ-də Davamlı Peşəkar İnkişaf üzrə resurs mərkəzinin yaradılmasının əlavə imkanlar açacağını, təlimçi müəllimlərin imkanlarından istifadə etməklə daha çox ingilis dili müəlliminin DPİ kurslarından keçməsinin mümkün ola biləcəyini xüsusi vurğuladı. O, özünü təkmilləşdirmə və inkişaf etdirmənin müəllimin əsas məqsədi olmasının vacibliyini qeyd edərək, konfransın işinə uğurlar arzuladı.

Konfransda institutun rektoru, professor Asəf Zamanov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə British Council arasında 2012-ci ilin yanvar ayında imzalanmış anlaşma memorandumunun uğurlu nəticələrindən, bu əməkdaşlıq çərçivəsində ingilis dili müəllimlərinin pilot layihə əsasında təlim kursu keçmələrindən, həmin layihə üzrə təlim keçmiş müəllimlərin keyfiyyət göstəricilərindən, "İngilis dilinin intensiv tədrisi layihəsi" çərçivəsində görülən uğurlu işlərdən söz açdı. Rektor qeyd etdi ki, bu layihə əsasında Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərin 400-dən çox ingilis dili müəllimi Davamlı Peşəkar İnkişaf kurslarını müvəffəqiyyətlə bitirmişdir. Professor Asəf Zamanov bu layihə çərçivəsində Böyük Britaniya, Belarus, Gürcüstan, Özbəkistan və digər ölkələrin mütəxəssislərinin iştirak etdiyi 30-31 oktyabr 2013-cü il tariBöyütmək üçün şəkili seçinxlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Britaniya Şurası ilə birgə "Xarici dillərin tədrisində yeni tendensiyalar: mövcud təcrübə və inkişaf strategiyaları" mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın əhəmiyyətini, British Councilin dəstəyi ilə treninqlərə cəlb edilmiş beynəlxalq təlimçilərin rolunu da vurğuladı. Britaniya Şurası ilə birgə görülmüş işlər, həyata keçirilmiş layihələr haqqında dolğun təqdimat tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Konfransda Norviç Dil Təhsili İnstitutunun direktor müavini, professor Alan Pulvernessin "Sinifdə tədqiqatlar və əsl müəllim" başlıqlı təqdimatı iştirakçıların böyük marağına səbəb oldu. Təqdimatda dil tədrisində müəllimin rolunun bu prosesi asanlaşdıran bir şəxs kimi qəbulu, sinif tədqiqatlarının prinsipləri, praktiki sinif tədqiqatları və bu tədqiqatların müəllimin inkişafına potensial təsiri məsələlərinə toxunuldu. Tədbirdə Britaniya Şurasının İngilis dili mərkəzinin rəhbəri Qari Bruks, həmçinin peşəkar təlimçilər tərəfindən DPİ layihəsinin mahiyyəti, DPİ-də başlanğıc və son təşəbbüslər, mövcud təcrübə və perspektivlər, DPİ-də dilin yeri və digər aktual məsələlərə aydınlıq gətirən təqdimatlar edildi.

İngilis dili müəllimləri üçün Davamlı Peşəkar İnkişaf Pilot layihəsinə həsr olunmuş konfransda məruzələrdə qeyd olunan məsələlərə dair müzakirələr aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı. British Councilin layihə rəhbəri Gülşən Hüseynova beynəlxalq konfransın uğurla başa çatması münasibətilə iştirakçıları təbrik etdi və tədbiri yekunlaşdırdı.

Beynəlxalq konfrans iştirakçılarının bir qrupu İctimai Televiziyanın "Açıq dərs" layihəsinin müəllim inkişafı məsələlərinə həsr edilmiş buraxılışının qonağı oldular.

***

Fevralın 13-də BPKİYİ-nin rektoru, professor Asəf Zamanov Norviç Dil Təhsili İnstitutunun direktor müavini, professor Alan Pulvernessi qəbul etdi. Rektor Asəf Zamanov qonağa institutun strukturu, fəaliyyət istiqamətləri, o cümlədən beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları barədə geniş məlumat verdi. Qeyd etmək yerinə düşər ki, 11 mart 2013-cü il tarixdə NİLE ilə BPKİYİ arasında elm və təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə çərçivəsində tərəflər elmi-pedaqoji kadr potensialı, həmçinin maddi-texniki bazalarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik məsləhət və informasiya, pedaqoji kadrların və təhsil müəssisələrinin rəhbərlərinin ixtisaslarının artırılması, beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin təşkili, yeni pedaqoji texnologiyaların tətbiqi, müxtəlif beynəlxalq təşkilatların maliyyə köməyi ilə təhsil layihələrinin reallaşdırılmasında birgə iştirak nəzərdə tutulmuşdur.

Professor A.Pulverness də institutumuzda Heydər Əliyev muzey-lektoriyası, Beynəlxalq əlaqələr şöbəsi, tədris prosesi, kompüter mərkəzləri ilə tanış oldu, həmçinin Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərin direktorları, eləcə də ingilis dili müəllimləri üçün təşkil edilmiş ixtisasartırma kurslarında müdavimləri maraqlandıran sualları cavablandırdı. Qonaq səmimi qəbula görə rektor, professor Asəf Zamanova minnətdarlığını bildirərək gələcəkdə də əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə etdi. 

Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov