Dostumuz və yoldaşımız Səməd Vurğuna
"Azərbaycan müəllimi",
10 may 1956-cı il,
№
18
Azərbaycan SSR Maarif Nazirliyi Sizi - xalqımızın əziz
oğlunu, sevimli şairini, azadlıq və sülh nəğməkarını
anadan olmanızın 50 illiyi və Lenin ordeni ilə təltif
olunmanız münasibəti ilə qızğın təbrik edir.
Siz müasir sovet ədəbiyyatının ən qabaqcıl
nümayəndələrindən biri, zəmanəmizin görkəmli şairisiniz.
Siz xalq yaradıcılığının zəngin xəzinəsindən, Nizami,
Füzuli və Vaqif şeirindən, A.S.Puşkin, M.Qorki və
V.Mayakovski yaradıcılığından ilham almış və onların
əsərlərini məhəbbətlə öyrənmisiniz.
Sosialist realizmi, partiyalılıq, vətənpərvərlik və
xəlqilik Sizin əsərlərinizdə həmişə qüvvətli şəkildə
ifadə olunmuşdur.
Siz bir müəllim olaraq, öz pedaqoji fəaliyyətiniz ilə,
gözəl şeirləriniz və görkəmli dram əsərləriniz
vasitəsilə böyük ölkəmizdə kommunizm cəmiyyəti
quruculuğu işinə həmişə yorulmaq bilmədən kömək
etmişsiniz və indi də edirsiniz. Böyüklərlə birlikdə
uşaq və gənclərimiz də Sizin əsərlərinizi sevə-sevə
oxuyur, həyat və yaradıcılığınızı dərindən öyrənirlər.
Dostumuz və əzizimiz Səməd!
Azərbaycan SSR maarif işçiləri və müəllimləri sovet
vətənimizin, xalqımızın sədaqəti üçün, gənc nəslin
kommunist tərbiyəsi üçün Sizə cansağlığı və uzun ömür
diləyir və bundan sonra da səmərəli fəaliyyət
göstərmənizi ürəkdən arzu edirlər.
Azərbaycan SSR Maarif Nazirliyi kollegiyası adından:
M.MƏMMƏDOV,
Azərbaycan SSR maarif naziri
Məktəblinin gün rejimi haqqında
"Azərbaycan müəllimi",
27 yanvar 1955-ci il,
№
4
Məktəblilər vaxtlarının çoxunu ailədə keçirirlər. Buna
görə evdə uşağın fəaliyyəti və istirahətinin səmərəli
təşkilində gündəlik rejimin düzgün tərtib edilməsi böyük
rol oynayır. Günün normal rejimi pozulduqda uşağın iş
qabiliyyəti aşağı düşür. Bu hal uzun müddət davam
etdikdə isə şagirdin təlimdə müvəffəqiyyətsizliyinə və
ikinci il eyni sinifdə qalmasına səbəb olur.
Gündəlik rejimin tələbinə görə uşaq yaşına müvafiq
olaraq yatmalı, təmiz havada gəzməli, istirahət etməli,
2-3 saatdan az olmayaraq ailə işlərinə kömək etməli və
vaxtlı-vaxtında yeməlidir. Bütün bunlarla yanaşı,
şagirdin dərslərini hazırlaması üçün də müəyyən vaxt
nəzərdə tutulmalıdır. Gündəlik rejim müəyyən edərkən
uşağın yaş xüsusiyyətlərilə yanaşı, sağlamlığı da
nəzərdə tutulmalıdır...
Kiçik yaşlı uşaqların yuxusuna xüsusi əhəmiyyət
verilməlidir. Şagirdin yaşı artdıqca gündəlik rejimdə
yuxu müddəti azalır və təlim məşğələlərinə ayrılan vaxt
artırılır. Bütün şagirdlər yuxudan səhər saat 7-də
durmalıdırlar. Birinci növbədə oxuyan uşaqlar üçün saat
7 ilə 8 arasında olan vaxt səhər idmanı, yuyunmaq, yemək
və məktəbə getmək üçün sərf edilməlidir. İkinci növbədə
oxuyan uşaqlar da həmin vaxtda yuxudan dururlar. Onlar 7
ilə 8 arasındakı vaxtı səhər idmanı, yuyunmaq və yeməyə,
həmçinin ailə işinə kömək etməyə, yaxud da gəzintiyə
sərf edirlər...
...RSFSR Pedaqoji Elmlər Akademiyasının fiziki tərbiyə
və gigiyena institutunun göstərişlərinə görə evdə dərs
hazırlanmasına sərf olunan vaxtın miqdarı aşağıdakı
qayda üzrə olmalıdır: I sinif şagirdi üçün 1 saat, II
sinif şagirdi üçün 1 saat, 1 saat yarım. III-IV sinif
şagirdləri üçün 1 saat yarım, 2 saat. V-VI siniflər üçün
2 saat, 2 saat yarım. VII sinif üçün 2 saat yarım, 3
saat. VIII-X siniflər üçün 3-4 saat nəzərdə tutulmalıdır.
Şagird ev tapşırıqlarını yalnız iş günlərində icra
etməlidir. O, istirahət günlərini yalnız gəzintiyə və
istirahətə sərf etməlidir...
Professor Ə.SEYİDOV
Bədii ədəbiyyatın əsas predmeti haqqında
"Azərbaycan müəllimi",
6 oktyabr 1955-ci il,
№
30
Oxuduğumuz roman, hekayə, dram, şeir və başqa əsərlərdə
həyat həqiqəti öz bədii ifadəsini olduğu kimi deyil,
obrazlı bir şəkildə tapır. Biz bunlarda insan, təbiət və
heyvanlar aləmindən alınmış müxtəlif obraz və
hadisələrə rast gəlirik. İlk baxışda adama elə gəlir ki,
ədəbiyyatın predmeti onun əhatə etdiyi həyat həqiqəti
qədər zəngin və çoxdur. Lakin məsələyə diqqətlə
yanaşdıqda görürük ki, ədəbiyyatın əsas predmeti
insandır...
...Bədii əsərdə öz ifadəsini tapan həyat həqiqətini
öyrənərkən biz, birinci növbədə, tiplərə - insan
obrazlarına müraciət edirik. İnsan obrazlarının
xarakteri, psixologiyası, mübarizəsi, ümumiyyətlə,
həyata münasibəti oxucularda həyat həqiqəti haqqında tam
real təsəvvür doğurur. Məsələn, C.Cabbarlının "Almas"
pyesi kollektivləşmənin ilk dövründə kənddəki sinfi
mübarizəni yalnız Almas, Hacı Əhməd və onların
ətraflarına toplaşan adamlar vasitəsi ilə təsvir edir...
...Ədəbiyyatın əsas predmetinin insan olduğunu bəşər
tarixində yaranan ən gözəl sənət əsərləri də təsdiq
etməkdədir...
Cəfər XƏNDAN,
Filoloji elmlər doktoru, professor |