Cahangir
MƏMMƏDLİ,
İctimai Teleradio Yayım Şurasının sədri, filologiya
elmləri doktoru, professor
Dünyanın ən böyük şəxsiyyətlərindən, ünlü alimlərindən,
məşhur sənət adamlarından tutmuş adi insanlara qədər hər
kəs öz həyatı, uğurları, tutduğu mövqeyinə görə müəllimə
minnətdar olduqlarını etiraf edir. Özünün 80 yaşını
tamamlamaqda olan və müəllimlər müəllimi olan bir
müəllim də var: "Azərbaycan müəllimi" qəzeti. Yola
çıxdığı zamandan bu günədək böyük sınaqlardan, ideoloji,
siyasi təsirlərdən uğurla çıxmış "Azərbaycan müəllimi"
bizi tərbiyə edib cəmiyyətə yetirən müəllimlərimizin
müəllimi rolunda böyük xidmətlərə imza atmışdır. Müasir
Azərbaycanın media sistemində özünün aydın tipoloji
xarakteri ilə xüsusi yer tutan bu qəzetin xalqa,
cəmiyyətə xidmət missiyasında maarifçilik kimi müqəddəs
bir vəzifə yer alıb. Qəzet bu missiyanı polifonik -
çoxsahəli tematikası ilə, yeni formatları və layihələri
ilə, Azərbaycan məktəbinin uğur və qayğılarını,
problemlərini gündəmə gətirməyi ilə və nəhayət,
redaksiya kollektivinin peşəkarlıq səviyyəsi ilə yerinə
yetirməkdədir. Bütün yaradıcılıq tarixi boyunca və bu
gün xüsusi olaraq gurultulu hay-küydən uzaq, sakit
üslubu ilə media sistemində böyük oxucu auditoriyasına
malik "Azərbaycan müəllimi" tədris prosesinə göstərdiyi
elmi - metodoloji-praktik köməyi ilə məktəblidən tutmuş
qocaman professora qədər hər kəsin nəsə öyrəndiyi bir
mətbuat orqanıdır. Mən bu qəzetin 1950-ci illərdən bir
şagird kimi bizim günlərimizin bir professor oxucusuyam.
"Azərbaycan müəllimi" dünənimizin də, bu günümüzün də
əvəzolunmaz məktəbidir. Bu məktəbin 80 il bundan öncə
bünövrəsini qoyanlara və onu bu gün uğurla davam
etdirən yaradıcı kollektivə dərin minnətdarlığımızı
bildiririk. İçində, ürəyində müəllim məhəbbəti gəzdirən
"Azərbaycan müəllimi"nin 80 yaşı mübarək olsun!
Ənvər
ÖZƏRƏN,
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının
sədri, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti,
dosent
Azərbaycanın hər bir ziyalısının stolüstü mətbu orqanı
kimi özünə layiq yer tutmuş "Azərbaycan müəllimi" qəzeti
özünün 80-ci yaşını qeyd edir.
Bir qəzet üçün bu ömür o qədər də uzun olmasa da keçdiyi
yol olduqca uzun görünür. Repressiyalar dalğası, İkinci
Dünya müharibəsi, sovet dövrü, yenidənqurma və s. O
proseslərin içində olub onları yaşamaq, yaşayaraq da
ayaqda qalmaq dövlət orqanının təhsil sahəsinin
tribunası üçün, əlbəttə, o qədər də asan olmamışdır.
Və bugünkü müstəqillik dövrü. Müstəqillikdən əvvəlki
dönəmlərdə qəzet nə qədər öz dəst-xəttini qoruyub
saxlamışdısa, respublikamız müstəqilliyə qədəm basdığı
ilk illərdə daha da pərvazlandı, daha da yeniləndi. İndi
"BİZİM QƏZET" (kollektivimizin üzvləri arasında
"Azərbaycan müəllimi" qəzetini belə adlandırırıq)
əvvəlki illərin müsbət ənənələrini özündə saxlamaqla və
onlara söykənərək yenilənmiş, daha oxunaqlı olmuş,
müəllimlərin, bütün təhsil işçilərinin, valideynlərin
maraqla izlədiyi bir mətbu orqana çevrilmişdir.
Biz respublikamızda və xarici ölkələrdə təhsil sahəsində
baş verən yenilikləri "Azərbaycan müəllimi" qəzetindən
("BİZİM QƏZET"-dən) öyrənir, təhsil müəssisələrində baş
verən müsbət nə varsa, istədiyimiz məlumatları oradan
götürürük. Bu qəzet məktəb-universitet-valideynlər
arasında bir körpüyə çevrilmiş, sözün həqiqi mənasında
Azərbaycan müəllimlərinin tribunası rolunu oynayır.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının
çoxminli şagird, tələbə, professor-müəllim heyəti və
valideynlərimiz adından və şəxsim adımdan qəzetin
əməkdaşlarını yubiley münasibətilə səmimi-qəlbdən təbrik
edir, yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.
"Azərbaycan müəllimi"nin arxivindən
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hanaa
Singerin qəzetimizə müsahibəsi zamanı (5 sentyabr
2007-ci il)
|