Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında qısamüddətli kurslar başlanılıb

 

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri" proqramı üzrə qısamüddətli kursların açılışı olmuşdur.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kursların keçirilməsinin məqsədlərindən danışmışdır. Rektor qeyd etmişdir ki, məqsədimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.

Bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və onlarda vətənpərvərlik ruhunun yüksəlməsinə kömək göstərməklə yanaşı, həm də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Kurslarda ilk olaraq İctimai Birliyin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, DİA-nın dosenti Elçin Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri", tarix elmləri doktoru, professor Kərim Şükürov isə "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və nəticələri" mövzusunda mühazirələr oxumuşlar.

Kurslarda "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)", "Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)", "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər). DQMV-nin yaradılması və nəticələri", "Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri", "XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri. Xocalı soyqırımı; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlarda", "Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi" və s. mövzularda proqram üzrə ayrı-ayrı mütəxəssislər və bu sahənin tədqiqatçıları tərəfindən mühazirələr oxunacaqdır.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatların verilməsi nəzərdə tutulmuşdur.

Fevralın 18-dən 28-dək davam edəcək kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov