Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə
fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident
sarayında "Yer kürəsi uşaqların gözü ilə" devizi altında
sərgi açılmışdır.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın
Prezidenti Corc Abela, Baş nazir Cozef Muskatın xanımı
Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu ölkənin
dövlət və hökumət rəsmiləri, ətraf mühitlə bağlı bir
sıra qurumların rəhbərləri, ali təhsil ocaqlarının
təmsilçiləri, habelə Azərbaycanın İtaliyada və Maltadakı
səfiri Vaqif Sadıqov və başqaları iştirak etmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya
şöhrətli fotoqraf Reza Deqatinin dəstəyi ilə 2012-ci
ildə baş tutan "Yer kürəsi uşaqların gözü ilə" adlı
beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit
mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran
ilk beynəlxalq layihə hesab olunur. Həmin ilin
sentyabrında elan olunmuş "Mən təbiəti sevirəm" və "Mən
çirklənmədən qorxuram" devizləri altında keçirilən
müsabiqədə dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və
gənc iştirak etmişdir. Beynəlxalq fotomüsabiqəyə 4
mindən çox fotoşəkil təqdim edilmişdir. Müsabiqənin
qalibləri Reza Deqatinin sədrlik etdiyi, "Reuters",
"Polka" jurnalı, "National Geographic", "Associated
Press" və foto sahəsində tanınmış digər qurumların
nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən
müəyyən edilmişdir.
Müsabiqənin nəticələrinin elan olunması məqsədilə
2013-cü ilin mayında Bakıda "Yer kürəsi uşaqların gözü
ilə" festivalı keçirilmişdir. Valettada təşkil olunan
sərgidə məhz həmin müsabiqədə seçilmiş 100 ən yaxşı
şəkil nümayiş olunur.
"Yer kürəsi uşaqların gözü ilə" sərgisinin
təşkilatçıları IDEA İctimai Birliyi və tanınmış fotoqraf
Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət
təşkilatıdır. 2012-ci ilin oktyabrında Moskvada
keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə
şəhərində də təşkili planlaşdırılır.
Əvvəlcə "Yer kürəsi uşaqların gözü ilə" layihəsinin
nümayəndəsi, Maltanın məşhur fotoqrafı Çarls Mifsud
tədbir iştirakçılarını salamlamış və sərginin
əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu təkcə
fotosərgi deyil, eyni zamanda, dünyanın müxtəlif
ölkələrindən gələn uşaqların ətraf mühitə baxış
tərzidir.
Azərbaycanın heyranedici ölkə olduğunu deyən Çarls
Mifsud ədəbiyyatımızın, tarixi abidələrimizin onu məftun
etdiyini diqqətə çatdırmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin rəhbəri Leyla ƏLİYEVA sərginin
əhəmiyyətindən danışaraq dedi:
- İlk öncə, özünəməxsus tarixə malik bu gözəl ölkədə
olmaqdan məmnunluğumu bildirmək istərdim. Bu gün biz
buraya IDEA İctimai Birliyi və dünyanın aparıcı
fotoqraflarından biri olan Reza Deqati tərəfindən əsası
qoyulan "Yer kürəsi uşaqların gözü ilə" devizi altında
keçirilən beynəlxalq layihəni təqdim etmək üçün
toplaşmışıq. Sərgi 90-dan çox ölkədən minlərlə uşağa öz
istedadlarını nümayiş etdirməyə və ətraf mühitə, təbiətə
olan maraqlarını göstərməyə imkan yaradır. Nümayiş
olunan şəkillərin fərqli cəhəti ondan ibarətdir ki,
onlar təkcə təbiətin gözəlliklərini deyil, eyni zamanda,
planetimizin üzləşdiyi təhlükə və dağıntıları əks
etdirir. Bu, uşaqların Yer kürəsində baş verənləri
anlaması və hiss etməsi üçün yaxşı təcrübədir. Sərgi bir
daha göstərir ki, dünyanın müxtəlif bölgələrindən olan
insanlar planetimizi qorumaq məqsədilə bir araya gəlir.
Azərbaycan çox zəngin biomüxtəlifliyə malikdir.
Ölkəmizdə ətraf mühitə dair əsaslı proqram mövcuddur.
Proqrama uyğun olaraq ətraf mühitə dair bir çox
təşəbbüslər həyata keçirilmiş, mühüm nailiyyətlər əldə
edilmişdir. Bu gün Azərbaycan qonşu dövlətlər arasında
dialoqun qurulmasında bilavasitə iştirak edən və bu işə
töhfə verən ölkədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan
bu gün ətraf mühit üzrə təşəbbüslərin həyata keçirilməsi
istiqamətində regionda liderdir. Çox şadam ki, IDEA
İctimai Birliyi bu təşəbbüslərə öz töhfəsini
verməkdədir.
Ümid edirəm ki, sərgi planetimizin qorunmasında iştirak
etmək istəyən insanların sayını artıracaqdır.
Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə
baxmayaraq ölkələrimiz arasında qarşılıqlı hörmət,
anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur.
Tarixən hər iki ölkə Avropa ilə dünyanın digər bölgələri
arasında körpü rolunu oynamışdır.
Reza Deqati vurğulamışdır ki, sərgidə bir çox ölkələri
təmsil edən və birgə çalışdığı uşaqların işləri nümayiş
olunur. Bu şəkillər vasitəsilə biz yaşadığımız dünyaya
bir daha nəzər yetirmiş oluruq.
Qeyd edilmişdir ki, IDEA İctimai Birliyinin rəhbəri
Leyla Əliyevanın belə bir təşəbbüsü irəli sürməsinin
məqsədi gələcək nəsilləri ətraf mühitlə bağlı
məlumatlandırmaqdır. Məhz uşaqların gözü ilə ətraf
mühitlə bağlı problemlərin nə dərəcədə önəmli olduğunu
nümayiş etdirmək çox gözəl ideyadır.
Bakı ilə Maltanın şəhərlərini biri-birinə bənzədən Reza
Deqati diqqətə çatdırmışdır ki, sərgi iki ölkəni daha da
yaxınlaşdırır.
Tədbirin əhəmiyyətindən danışan səfir Vaqif Sadıqov
vurğulamışdır ki, belə bir sərginin keçirilməsi müxtəlif
qitələri təmsil edən uşaqların planetimizi necə
gördüyünü öyrənmək baxımından olduqca vacibdir. Sərgi
ilə tanışlıq zamanı uşaqların onları əhatə edən dünyanı,
təbiəti necə təsəvvür etdiklərini, planetimizi daha
gözəl bir məkana çevirmək üçün balacaların hansı
xəyalları qurduqlarını görmək mümkündür.
Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai
Birliyinin müvafiq istiqamətdə gördüyü işlərə toxunan
səfir qurumun dünyanın müxtəlif ölkələrində bu cür
sərgilər təşkil etdiyini diqqətə çatdırmışdır. Qeyd
etmişdir ki, bu cür tədbirlər təbiəti qorumaq üçün
səfərbər olan insanların bir araya gəlməsi baxımından
yaxşı imkan yaradır.
Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan
Vaqif Sadıqov bildirmişdir ki, son illər ikitərəfli
münasibətlər bütün sahələrdə inkişaf etməkdədir.
Tədbirdə çıxış edən təhsil naziri Evarist Bartolo
bildirmişdir ki, yaradıcılıq, fikirlərin, hisslərin
səmərəli ifadəsi sərginin ən mühüm elementləridir. Biz
bu şəkillər vasitəsilə uşaqların Yer üzündə mövcud olan
gözəllikləri necə əks etdirdiklərinin şahidi oluruq.
Sərgi, eyni zamanda, ətraf mühitdə cərəyan edən mənfi
prosesləri görməyimiz üçün də yaxşı imkan yaradır.
Təbiətin çirklənməsi və insanların ətraf mühitə vurduğu
ziyan dəhşətli həddə çatmışdır. Məhz bu şəkillər
həqiqətləri görməkdə bizə yardımçı olur.
Malta Respublikasının Prezidenti Corc ABELA sərgidə
çıxış edərək bildirmişdir ki, bizi əhatə edən təbiət son
dövrdə unudulmuşdur. İnsanlar ətraf mühitdə baş
verənlərə biganə yanaşırlar. Bu baxımdan planetimizdə
cərəyan edən hadisələrə uşaqların gözü ilə baxmaq
olduqca maraqlıdır.
Malta dövlətinin başçısı diqqətə çatdırmışdır ki,
ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr
mövcuddur. Bu münasibətlər təkcə siyasi səviyyədə deyil,
digər istiqamətlər üzrə də inkişaf etməkdədir.
Xalqlarımız ortaq dəyərləri bölüşür.
Prezident Corc Abela sərginin bu ölkədə keçirilməsi
təşəbbüsünə görə IDEA İctimai Birliyinin rəhbəri Leyla
Əliyevaya minnətdarlığını bildirmişdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın şərəfinə Maltanın Baş nazirinin yay
iqamətgahı olan Girgenti sarayında şam yeməyi
verilmişdir.
Sərgi fevralın 28-dək davam edəcəkdir.
AzərTAc |