Fevralın
18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev
Mərkəzində Monako Knyazı II Albert ilə görüşmüşdür.
Monako Knyazı II Albert, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti
Leyla Əliyeva əvvəlcə Mərkəzi gəzmişlər.
Monako Knyazının diqqətinə çatdırılmışdır ki, mərkəzdə
xalqımızın ümummilli liderinin xatirəsinin
əbədiləşdirilməsi məqsədi ilə yaradılan muzey təşkil
olunarkən burada Azərbaycan tarixinin və ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif
dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir.
Burada toplanılan məlumatlar ziyarətçilərə interaktiv
formada çatdırılır. Muzeyin müxtəlif bölmələrində ulu
öndərin həm sovet hakimiyyəti dövründə, həm də
müstəqillik illərində həyata keçirdiyi fəaliyyət
konsepsiyasının ayrı-ayrı aspektləri virtual formada
təqdim edilir. Bu, muzeyin orijinallığını daha da
artırır. Dizaynına və tətbiq olunan yeni texnologiyaya
görə fərqlənən muzey Heydər Əliyev Mərkəzinin modern
üslubu ilə həmahənglik təşkil edir.
Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər də
açılmışdır. Burada xalqımızın tarixini və mədəniyyətini
əks etdirən "Azərbaycan inciləri" ekspozisiyasında
ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə,
mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.
Monako Knyazı II Albert mərkəzdə "Bakıya uçuş. Müasir
Azərbaycan incəsənəti" sərgisi ilə də tanış olmuşdur.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha
yaxından tanıdılması istiqamətində həyata keçirdiyi
tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyan bu sərgini
Şərq ilə Qərb mədəniyyətlərinin sintezini təcəssüm
etdirən müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı
kimi də qiymətləndirmək olar.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı
və Monako Knyazı II Albertin görüşü olmuşdur. Görüşdə
2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına
hazırlıq, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil
sahələrində gördüyü işlər, birgə konsertlərin
keçirilməsi, Heydər Əliyev Mərkəzində şahzadə Qreysin
sərgisinin təşkili məsələləri müzakirə edilmişdir.
Azərbaycanda məşhur maestro Mstislav Rostropoviçin
xatirəsinə həsr olunmuş ənənəvi musiqi festivalından
xəbərdar olduğunu deyən Monako Knyazına tanınmış rəssam
Altay Sadıqzadənin "Bakı" və "Monako" adlı əsərləri
hədiyyə edilmişdir.
AzərTAc |