"ADA" Universitetinin Karyera Hazırlıq Mərkəzi fevralın
24-27-də "Azersun Holding"in sponsorluğu və tərəfdaşlığı
ilə ikinci karyera həftəsi keçirəcəkdir.
Universitetdən AzərTAc-a bildirilmişdir ki, karyera
həftəsinin keçirilməsində məqsəd müxtəlif müzakirə
panelləri, seminar və təqdimatlar vasitəsilə "ADA"
Universitetinin tələbələrini ölkədəki iş bazarı və
karyera imkanları ilə tanış etməkdir. Bununla yanaşı,
tələbə və məzunlar hökumət və qeyri-hökumət
təşkilatlarının, özəl sektoru təmsil edən qurumların
nümayəndələri ilə görüşmək və ünsiyyət qurmaq imkanı
əldə edəcəklər. Tələbələr yay tətili zamanı peşəkar
təcrübə və qısamüddətli iş imkanları ilə də tanış
olacaqlar.
Karyera həftəsi çərçivəsində həm də karyera sərgisi
təşkil olunacaqdır. Sərgidə Azərbaycanda müxtəlif
sektorlarda fəaliyyət göstərən 90-dək çoxsaylı təşkilat
və şirkət təmsil olunacaqdır. |