1. Ümumi müddəalar
1.1. Ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində təhsilalanların (bundan
sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından
xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət
götürülməsinə dair müvəqqəti Qaydalar (bundan sonra -
Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq
olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və
tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil
proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric
edilməsi, bərpa olunması və akademik məzuniyyət
götürülməsi məsələlərini tənzimləyir.
1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi
təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil
edilir.
1.3. Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali
təhsil müəssisəsindən və ya təhsil proqramından
(ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət götürülməsi məsələləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart
2001-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq
üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə
vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində
təhsil almaları haqqında Əsasnamə" ilə tənzimlənir.
1.4. Ali təhsilin bakalavriat səviyyəsində tələbələrin
bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi,
ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi,
tələbələr sırasına bərpası və akademik məzuniyyətdən
qayıtması qış və yay tətili dövründə həyata keçirilir.
1.5. Ali təhsilin magistratura səviyyəsində tələbələrin
bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə
köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan
tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric
olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali
təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
Bu prosedurlar 1.4-cü bəndində göstərilən müddətdə
həyata keçirilir.
1.6. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən,
ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan
şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni
ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini
yalnız ödənişli əsaslarla davam etdirirlər.
1.7. Akkreditə olunmayan xarici ölkə ali təhsil
müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa
olunmasına yol verilmir.
1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq
bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil
müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi,
bakalavriat və magistratura səviyyələrində xaric olunmuş
şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil
aldıqları ali təhsil müəssisəsinə öz ixtisasları üzrə
bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil
Nazirliyinin razılığı ilə həyata keçirilir.
1.9. Dövlət adından təsisçi funksiyalarını həyata
keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin
(bundan sonra - dövlət qurumu) tabeliyində olan dövlət
ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və
bərpası tabe olduqları dövlət qurumunun və Təhsil
Nazirliyinin razılığı ilə həyata keçirilir.
1.10. Ali təhsil müəssisəsi ilə bağlanmış müqaviləyə
əsasən tələbənin təhsil haqqını hər hansı fiziki və ya
hüquqi şəxs ödədiyi təqdirdə, başqa ali təhsil
müəssisəsinə və ya ixtisasa köçürülmə həmin şəxslə
yazılı qaydada razılaşdırılır.
2. Tələbələrin köçürülməsi
2.1. Ali təhsilin bakalavriat səviyyəsində tələbələrin
ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi,
bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi
birinci semestr başa çatdıqdan sonra həyata keçirilir.
2.2. İxtisasın dəyişməsi və ya bir ali təhsil
müəssisəsindən digərinə köçürülməsi tələbənin köçürülmək
istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı
(ixtisas) üzrə qəbul planı (akkreditasiya haqqında
sertifikat) ilə müəyyən edilmiş tələbələrin say həddi
gözlənilməklə aparılır.
2.3. Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin
bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o
şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (bundan sonra - TQDK) tərəfindən keçirilən
qəbul imtahanlarında tələbənin topladığı bal qəbul
olunduğu ildə köçürülmək istədiyi ali təhsil
müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid
balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu
və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən
müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır1.
2.4. Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə
məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil
müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri
reytinqlərində2
yer alması, TQDK tərəfindən keçirilən qəbul
imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı
balın həmin ildə köçürülmək istədiyi ali təhsil
müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid
balından az olmaması və tələbənin akademik göstəriciləri
nəzərə alınır.
2.5. Bakalavriat səviyyəsində xarici ölkə ali təhsil
müəssisəsində təhsil alan tələbənin ailəsi və ya özü
təhsil aldığı müddətdə ailə qurması ilə əlaqədar
Azərbaycan Respublikasına köçdükdə bu Qaydaların 2.4-cü
bəndində qoyulan tələblər, habelə tələbə akademik
məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil
müəssisəsində həmin ixtisas üzrə kadr hazırlığı
aparılmadıqda bu Qaydaların 2.3-cü bəndinin birinci
cümləsində qoyulan tələblər ali təhsil müəssisəsini və
ya ixtisasını dəyişməsi zamanı nəzərə alınmır.
2.6. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsində
eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun
ərizəsi əsasında (qiyabi təhsilalma formasından əyaniyə
keçirilərkən çağırış yaşı çatmış oğlanlar üçün hərbi
xidmətdən möhlət hüququ barədə arayış əlavə olunmaqla)
rektorun əmri ilə həyata keçirilir. Bu halda oğlanların
hərbi uçot sənədlərində müvafiq qeydlər aparılır.
2.7. Digər ali təhsil müəssisəsinə və ya ixtisasa
köçürülmək istəyən tələbə aşağıdakı sənədləri təqdim
etməklə köçürülmək istədiyi ali təhsil müəssisəsinə
ərizə ilə müraciət edir:
2.7.1. tələbənin təhsil müddətində fənlər üzrə topladığı
kreditləri və qiymətləri (hərf və balla) özündə əks
etdirən sənəd (bundan sonra akademik transkript);
2.7.2. ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı
bal haqqında sənəd;
2.7.3. Bu Qaydaların 2.5-ci bəndində göstərilən
səbəblərə görə köçürülmək istəyənlər - müvafiq
təsdiqedici sənədlər;
2.7.4. dövlət xətti ilə təhsil alanlar istisna olmaqla,
xaricdə öz hesabına təhsil alan tələbələr - təhsil
aldıqları dövlətin qanunvericiliyinə uyğun
leqallaşdırılmış akademik transkript və təhsil aldığı
müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər.
2.8. Tələbənin köçürülmək istədiyi ali təhsil
müəssisəsində onun təqdim etdiyi sənədlər "Tələbə-məzun"
dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, təhsil
aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə
akkreditə olunması və dünya reytinq cədvəllərindəki yeri
yoxlanılır, habelə təhsil aldığı ali təhsil müəssisəsinə
müvafiq sorğular göndərilməklə köçürülmə üçün əsasların
olub-olmadığı müəyyənləşdirilir. Köçürülmə üçün əsas
olmadığı hallarda ərizəçiyə köçürülməkdən imtina barədə
cavab verilir. Tələbələrin köçürülməsi mümkün sayıldığı
hallarda ali təhsil müəssisəsi onların siyahısını
(müvafiq sənədlər3
əlavə olunmaqla) Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə təqdim edir.
2.9. Təhsil Nazirliyi təqdim edilmiş sənədləri yoxlayır
və müsbət rəy olduğu halda tələbənin bir ali təhsil
müəssisəsindən digərinə köçürülməsi məsələsini
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil
üzrə Komissiya ilə razılaşdırır.
2.10. Müsbət qərar qəbul olunduğu təqdirdə Təhsil
Nazirliyi tələbənin təhsil aldığı ali təhsil
müəssisəsinə müvafiq məktubla akademik arayış blankını,
köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə öz
razılıq məktubunu göndərir.
2.11. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin
rektoru Təhsil Nazirliyinin məktubunu aldıqdan sonra 2
(iki) iş günü müddətində tələbənin başqa ali təhsil
müəssisəsinə köçürülməsi ilə bağlı xaric olunması
haqqında əmr verir və akademik arayışla birlikdə
tələbənin şəxsi işini onun köçürüldüyü ali təhsil
müəssisəsinə göndərir. Şəxsi iş ali təhsil müəssisəsi
tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında
onun səlahiyyətli nümayəndəsinə verilə bilər.
2.12. Tələbənin köçürüldüyü ali təhsil müəssisəsinin
rektoru Təhsil Nazirliyindən razılıq məktubu və
tələbənin şəxsi işi4
daxil olduqdan sonra 2 (iki) iş günü müddətində akademik
transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı
fənlər üzrə kreditləri müqayisə edir və uyğun olanları
nəzərə alaraq, onun tələbə kontingentinə daxil edilməsi
barədə əmr verir.
3. Tələbələr sırasından xaric edilmə
3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən
xaric edilir:
- öz arzusu ilə;
- başqa ali təhsil müəssisəsinə köçürüldükdə;
- ali təhsil müəssisəsinin daxili intizam qaydalarını
kobud şəkildə pozduqda;
- müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə
görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);
- növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin
sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə
saxlamadıqda.
3.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər
hərbi xidmətə çağırışdan möhlət hüququnu itirirlər. Ali
təhsil müəssisəsinin rektoru tərəfindən həmin şəxslərin
xaric olunması barədə onların hərbi uçotda olduqları
dövlət qurumlarına bir həftə müddətində rəsmi məlumat
verilir.
3.3. Tələbələr sırasından xaric edilmiş şəxsə akademik
arayış və təhsil haqqında sənədin əsli verilir, həmin
sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış
isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində
saxlanılır.
4. Tələbələr sırasına bərpa
4.1. Ali təhsil pilləsinin hər iki səviyyəsində
tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma
vaxtından bir semestr keçdikdən sonra ali təhsil
müəssisəsinə bərpa olunmaq hüququna malikdir.
4.2. Azərbaycan Respublikasının ali təhsil
müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil
müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi
əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən
müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə
həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.7
- 1.10-cu və 2.2 - 2.8-ci bəndlərinin tələbləri
gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası
Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Bərpa
barədə ərizəyə akademik arayış və əvvəlki təhsil
haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil
müəssisəsinə bərpa olunmursa) əlavə edilir.
4.3. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil
alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər
hansı bir səbəbdən xarici ölkə ali təhsil
müəssisələrindən tələbələr sırasından xaric edilmiş
şəxslər ixtisasına uyğun olaraq Azərbaycan
Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə
bərpa oluna bilərlər. Onların bərpası bu Qaydaların
1.4-cü bəndində göstərilən müddətdə bu Qaydaların 2.7-ci
bəndində göstərilən sənədləri müvafiq mülki ali təhsil
müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin
müraciəti əsasında Azərbaycan Respublikası Təhsil
Nazirliyinin razılığı ilə həyata keçirilir.
4.4. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir.
Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma
haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən
xaric edilmiş tələbələrin şəxsi işinə isə habelə
akademik arayış və xaric olunma haqqında əmrdən çıxarış
əlavə edilir.
5. Akademik məzuniyyətin verilməsi
5.1. Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və
müddətə verilir:
5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda -
xidmət müddətinə;
5.1.2. ailə vəziyyətinə görə - 2 il müddətinədək;
5.1.3. səhhətinə görə - həkim-məsləhət komissiyasının
arayışında göstərilən müddətə;
5.1.4. sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə
müəyyən olunmuş müddətə;
5.1.5. müxtəlif proqramlar əsasında xarici ölkələrə
təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.
5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris
prosesinə növbəti semestrdən buraxılırlar.
Qeyd:
1. Bu zaman II və III ixtisas qruplarında
müəyyənləşdirilmiş "tarix və coğrafiya müəllimliyi",
"tarix müəllimliyi" və "tarix" ixtisasları öz
aralarında, eləcə də II ixtisas qrupunda
müəyyənləşdirilmiş "beynəlxalq münasibətlər" və
"regionşünaslıq" ixtisasları isə III ixtisas qrupuna
daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət
ixtisasları istisna olmaqla) uyğun hesab edilir.
2. Times Higher Education World University Rankings
(http://www.timeshighereducation.co.uk/world-university-rankings/2013-14/world-ranking
Quacquarelli Symonds - QS World University Rankings
(http://www.topuniversities.com/university-rankings),
Academic Ranking of World Universities - Shanghai
Ranking (http://www.shanghairanking.com/ARWU2013.html)
3. Tələbənin köçürülməsini əsaslandırdığı sənədlər
(nikah şəhadətnaməsi, xəstəlik haqqında arayış və s.)
və fənlər üzrə topladığı kreditlər barədə arayış
(akademik transkript).
4. Əvvəlki təhsil səviyyəsi barədə sənəd, qəbul və xaric
olunma, təhsili barədə əmrlərdən çıxarışlar və blankı
Təhsil Nazirliyi tərəfindən verilən dövlət nümunəli
akademik arayış. |