Fevralın
11-də Bakıdakı "Elitar" gimnaziyada Təhsil Nazirliyinin
təşəbbüsü, paytaxtın bir qrup orta ümumtəhsil
məktəblərində çalışan psixoloqların iştirakı ilə
"dəyirmi masa" keçirildi. Qeyd edək ki, "dəyirmi
masa"nın moderatoru ABŞ-ın Azərbaycandakı səfirinin
həyat yoldaşı, ixtisasca psixoloq olan xanım Feys
Morninqstar idi.
Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin
Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi
Vəfa Yaqublu xanım Feys Morninqstar haqqında
iştirakçılara məlumat verdi. "Dəyirmi masa"da iştirakına
görə xanım Feys Morninqstara təşəkkürünü bildirən
V.Yaqublu tədbirin əhəmiyyətindən danışdı. Belə
tədbirlərin məktəb psixoloqlarının işinə müsbət təsir
edəcəyinə ümidvar olduğunu bildirdi.
Məktəb psixoloqlarının rolu və vəzifələri haqqında
danışan xanım Feys Morninqstar psixoloqların üzərinə
düşən məsuliyyətin ciddiliyini önə çəkdi. Təhsil
ocaqlarında sağlam mühitin yaradılması, ruhi
sağlamlığın fiziki sağlamlıq qədər vacibliyi və digər
məsələlər haqqında fikirlərini bildirdi.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdir müavini Tamilla Əliyeva
məktəblərdə psixoloji xidmətin yüksək səviyyəyə
çatdırılmasının vacibliyini diqqətə çatdırdı.
Psixoloqların bu işə daha ciddi yanaşması və beynəlxalq
əməkdaşlıq üçün vacib olan dil biliklərinin artırılması
tövsiyə edildi.
Sonra məktəb psixoloqları çıxış edərək qarşılaşdıqları
problemlərdən söz açdılar. Mövcud problemlərin aradan
qaldırılması yolunda atılan addımlar yüksək
qiymətləndirildi.
Tədbirdə "Psixoloji xidmət haqqında Əsasnamə"nin
layihəsinin işlənməsi və məktəb psixoloqları üçün
silsilə elmi-metodik və praktik tədbirlərin
keçirilməsinə start verilməsi iştirakçıların nəzərinə
çatdırıldı.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |