Fevralın
7-də Təhsil Problemləri İnstitutunda ABŞ-ın
Azərbaycandakı səfirinin xanımı Feys Pirs Morninqstar
ilə görüş keçirildi.
Görüşdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu
Novruzov tədbir iştirakçılarını salamladı, onlara
görüşün məqsədi barədə məlumat verdi. O, xanım
F.P.Morninqstarın təhsilalanların reproduktiv, psixoloji
və fiziki sağlamlığı, qidalanma mədəniyyəti,
təhlükəsizliyi, eləcə də qızların təhsildən yayınma
halları, qadın və qızların başqaları tərəfindən lider
kimi qəbul olunması barədə məsələlərin fənn
kurikulumlarında əks olunma vəziyyəti ilə maraqlandığını
bildirdi. Natiq müzakirəyə çıxarılan mövzunun Prezident
cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda nəzərdə tutulmuş bir sıra məsələlərin
həyata keçirilməsində əhəmiyyət daşıdığını ifadə etdi.
Daha sonra xanım F.P.Morninqstar qeyd olunan
məsələlərlə bağlı "Sağlam bədəndə sağlam ruh olar"
mesajını insanlara çatdırmaq üçün videoçarxların
hazırlanaraq Bakıda və regionlarda vətəndaşlarla görüşdə
təqdim olunmasının məqsədəmüvafiqliyini qeyd etdi. O, bu
işin daha geniş miqyas alması üçün məktəb şagirdləri və
onların valideynləri ilə işgüzar söhbətlərin
aparılmasının əhəmiyyətindən danışdı.
İnstitutun əməkdaşları müzakirə olunan məsələlərə
münasibət bildirdilər. Müzakirələr zamanı xanım
F.P.Morninqstarın təklif etdiyi məsələlərin həyat
bilgisi fənn kurikulumunda öz əksini tapdığı qeyd
edildi. Psixoloji sağlamlıqla bağlı məsələlərin isə
əsasən təlim prosesində reallaşdığı iştirakçıların
nəzərinə çatdırıldı.
Görüşdə qızların təhsildən yayınması halları, qadınların
cəmiyyət tərəfindən lider kimi qəbul olunması, təhsil
hüququ və digər məsələlərlə bağlı müzakirələr aparıldı.
İlham CAVADOV,
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin
koordinatoru,
pedaqogika üzrə fəlsəfə doktoru |