Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və
ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan
problemlərin araşdırılması və həll edilməsi yönündə sıx
əməkdaşlığın qurulması məqsədilə Azərbaycan Respublikası
təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842
nömrəli əmrinə əsasən təşkil olunmuş "İctimai
təşəbbüslərin dəstəklənməsi üzrə layihə-müsabiqə"də
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüs
qrupu "Tədris keyfiyyətinin yüksəldilməsi üçün
mentorluq yanaşması" mövzusunda təqdim etdiyi layihə ilə
qalib olmuşdur.
Layihənin yazılmasında məqsəd Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ikinci
strateji istiqamətində qeyd olunan təhsil sahəsində
insan resurslarını müasirləşdirilmək, müasir təhsil
fəlsəfəsinin dərk edilərək fənn kurikulumlarının
tətbiqində müəllimlərə dəstək vermək, onların peşəkar
inkişafları üçün şəxsi və təşkilati qabiliyyətlərin
təkmilləşdirilməsinə kömək göstərmək; müəllim
fəaliyyətinin effektivlik səviyyəsini aydınlaşdırmaq,
onların praktik fəaliyyətini təkmilləşdirmək üçün
dürüst informasiyalar vermək, mentorluq sisteminin
tətbiqi ilə müəllimin peşəkar inkişafını təmin etməkdir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasında təhsil sisteminin bütün pillələrində
müəllimlərin bilik, bacarıq və peşəkarlıq
qabiliyyətlərinin müasir tələblərə uyğun yüksəldilməsi
xüsusi olaraq qeyd olunmuşdur. Bu baxımdan, əksər
müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar
müasir tələblərdən geri qalır. Bir çox hallarda
təhsilalanlara əldə etdiyi bilikləri tətbiq etmə və
müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır. Fənn
kurikulumları tətbiq edilən siniflərdə artıq keyfiyyətli
təlim mühitinin yaradılmasında, məzmun standartları
vasitəsilə uşaqların inkişafına nail olunmasında, təlim
prosesinin uşaqların inkişaf səviyyələrinə, fərdi
ehtiyaclarına və müxtəlif qavrama üslubuna görə
təşkilində, valideynlərin öz uşaqlarının təhsilinə cəlb
olunmasında müəyyən nailiyyətlər əldə edilmişdir. Lakin
peşəkarlığın müxtəlif inkişaf səviyyələrində olan
müəllimlərin davamlı professional inkişafını təmin etmək
üçün konkret bir nəticə yoxdur. Fənn kurikulumlarının
tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmiş,
təfəkkürün inkişafına yönəlmiş təhsil təşkil olunmur.
Problem məhz müəllimin məzmun standartlarını
reallaşdırmaq, öyrədici, inkişafetdirici, tədqiqata
yönəlmiş təlim mühiti yaratmaq, valideyn-məktəb-uşaq
münasibətlərinin qurulması işini düzgün
tənzimləməməsindədir.
Aydındır ki, təhsilin səviyyəsi müəllimin səviyyəsindən
yüksək ola bilməz. Deməli, problemləri həll etmək,
tədrisin səviyyəsini yüksəltmək üçün, ilk növbədə,
müəllim hazırlığının keyfiyyətini təmin etmək lazımdır.
Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq
sisteminin yaradılması ideal variantlardan biridir. Qeyd
etmək yerinə düşər ki, müasir dövr üçün mentorluq
universal bir yanaşmadır və nəinki fənn kurikulumları
tətbiq edən müəllimlər, həmçinin interaktiv metod və
priyomlarla işləməyə çalışan digər müəllimlər üçün də
yararlıdır. Mentorluq yanaşması müəllim üçün ən vacib
olan etibarlı münasibətin qurulması, bilik və
bacarıqların artırılması və özünütəhlil üzərində
qurulmuş vacib və təqdirəlayiq bir yanaşmadır. Mentorluq
təlimdə yeni metod və yanaşmaları öyrənən pedaqoqlarla
iş prosesini necə qurmağın ümumi müddəalarını özündə
cəmləşdirmişdir. Öyrənənin güclü tərəflərinə əsaslanan
mentorluq sisteminin yaradılması müəllimlərin
innovasiyaları tədricən mənimsəmələrinə doğru yönəlmiş
bir prosesdir.
Layihənin reallaşdırılması üçün ilkin olaraq Təhsil
Problemləri İnstitutunun Təhsil Texnologiyaları
Mərkəzində peşəkar müəllimlər və təlimçilər arasından
mentorluq yanaşması üçün müvafiq namizədlər seçilmiş, on
günlük təlim kursuna cəlb olunmuşdur. Kurs müddətində
mentor üçün vacib olan keyfiyyətlər (ünsiyyət və
müşahidə bacarıqları), şəxsiyyətlərarası münasibət,
mentorun əsas funksiyaları (fasilitator, tədqimatçı,
məsləhətçi, məşqçi) barədə müzakirələr aparılmışdır.
Təlimin planlaşdırılmasında intellektin tiplərinin və
təfəkkürün növlərinin nəzərə alınmasına dair nəzəri və
praktik bacarıqlar verilmişdir. Təlimin tamlığını
təşkil edən əsas komponentlərlə əlaqədar təqdimatlar
edilmişdir. Kursu müvəffəqiyyətlə başa vuran
iştirakçılara institutun direktoru Qulu Novruzov
tərəfindən sertifikatlar təqdim olunmuşdur. Mentorluq
sisteminin yaradılması üçün səmərəli və çevik fəaliyyət
planı hazırlanmışdır. Layihənin Bakı şəhərinin müvafiq
ümumtəhsil məktəblərində həyata keçirilməsi
planlaşdırılmışdır.
Layihənin icra planında nəzərdə tutulan məsələlərin
həlli öyrədənlərdə yeni düşüncə tərzinin formalaşmasına
təkan verəcək. Yeni vərdişlər əldə edən müəllimlər
müşahidə, təcrübə, təlim metodlarından müstəqil istifadə
bacarıqlarına yiyələnəcəklər. Bu da onların peşəkarlıq
baxımından özünüinkişafa sövq edəcək.
Mentorlar müəllimlərin hər gün üzləşdikləri
problemlərdən baş açmaqla, təlim prosesinin
yeniləşdirilməsi üçün əldə etdikləri biliklərdən
istifadə etməkdə yardımçı olacaqlar. Onlar fənn
kurikulumlarını tətbiq etməkdə çətinlik çəkən
müəllimlərin daha təcrübəli həmkarlarının təcrübəsini
öyrənmələrinə imkan yaradacaqlar. Beləliklə, mentorluq -
pedaqoji uğurların ifadə olunması və mübadiləsi üçün
səmərəli mexanizm olacaqdır.
Bu model belə bir zəminə əsaslanacaq ki, mentorun
köməyi ilə müəllimlər tədris prosesini dərk etməyə və
yeni informasiyaya əsaslanmaqla yüksək keyfiyyətli
təlimi reallaşdırmağa qadir olacaqlar. Mentorlar
müəllimlərin intellektual inkişafına və təlim prosesi
üçün vacib olan qərarları qəbul edə bilmə bacarıqlarının
möhkəmləndirilməsinə xidmət edən strategiyalara xüsusi
diqqət yetirəcək, məhz uşaqlar üçün səmərəli təlim
metodları və priyomlardan istifadə etmələrinə kömək
göstərməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail
olacaqlar. Müəllimlər təlim standartları və proqramlar,
istedadlı və ya xüsusi qayğıya ehtiyacı olan uşaqların
fərdi ehtiyacları əsasında işlərini planlaşdırmağı
bacaracaq və şagird nailiyyətlərini, onun inkişaf
sürətini nəzərə alaraq sistemli və düzgün qiymətləndirmə
metodlarından istifadə edəcəklər.
Müəllimlər fəaliyyətlərinin keyfiyyət və səmərəliliyini
müntəzəm dəyərləndirəcək və davamlı peşəkar inkişafa
diqqət yetirəcəklər.
Afaq ƏLİYEVA,
layihə rəhbəri |