Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin rektoru, professor
Bu günlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin
həyata keçirilməsi ilə bağlı islahatların əsas
prioritetlərini açıqlamışdır. Bu islahatlar arasında
əsas istiqamətlərdən biri də ali təhsil müəssisələrində
şəffaf və səmərəli təhsil mühitinin yaradılması,
təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin
idarə olunmasının müasir tələblər səviyyəsində
qurulmasıdır.
Qabaqcıl
texnologiyaların və idarəetmə üsullarının, elmi
nailiyyətlər əsasında yaradılan innovasiyaların
universitetimizin həyatına uğurlu tətbiqi ilə bağlı
ilkin işlərə bir neçə il bundan əvvəl başlanılmışdır.
Əsas məqsədimiz şəffaf və səmərəli təhsil mühitinin
yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və
universitetin idarə olunmasının müasir tələblər
səviyyəsində qurulması olmuşdur. Bunun tərkib hissəsi
olaraq E-universitet konsepsiyası hazırlanmış və bütün
universiteti əhatə edən dairəvi fibrooptik kabel
çəkilmişdir. Həyata keçirilmiş işlərin bazasında
Azərbaycan Texniki Universitetində Elektron Təhsil
Sisteminin yaradılması layihəsi hazırlanaraq 2010-cu
ilin sonlarında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
("KOICA") tərəfindən elan edilən beynəlxalq müsabiqəyə
təqdim edilmişdir. Müsabiqədə qalib gələn "Azərbaycan
Texniki Universiteti Elektron Təhsil Sisteminin
yaradılması" layihəsi Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin maliyyə dəstəyini qazanmış və müvafiq
qaydada hazırlanmış sənədlər Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Nazirlər Kabinetinin sərəncamına əsasən Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə müqavilənin
imzalanması səlahiyyəti verilmişdir. "Azərbaycan Texniki
Universitetinin Elektron Təhsil Sisteminin yaradılması"
layihəsi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin
səlahiyyətli nümayəndəsi və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi arasında imzalanmış və layihənin
icrasına Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə
başlanılmışdır. Layihənin əsas məqsədi Azərbaycan
Texniki Universiteti üçün Koreya Respublikasının ali
təhsil müəssisələrində istifadə olunan ən son
informasiya və kommunikasiya texnologiyaları əsasında
müasir təhsil-idarəetmə sisteminin yaradılması olmuşdur.
Fikrimizcə, yeni sistemin universitetimizdə yaradılması
ilə təhsilin bütün mərhələləri informasiyalaşdırılacaq,
şəffaflıq tam təmin ediləcək və tədrisin keyfiyyəti
yüksələcəkdir.
Haqqında danışdığımız "Azərbaycan Texniki
Universitetinin Elektron Təhsil Sisteminin yaradılması"
layihəsinin tətbiqinə artıq başlanılmışdır. Qısa zamanda
universitetimizdə, informasiya və kommunikasiya
texnologiyaları bazasında təhsilin keyfiyyətini və
cəmiyyətə açıqlığını əhəmiyyətli dərəcədə yüksəltməyə
imkan verən yeni metodlar yaradılmışdır. Bu metodların
əsasında təhsilin informasiyalaşdırılması, alimlərin və
pedaqoqların yeni texnologiyalardan istifadə etməklə öz
gündəlik fəaliyyətlərinin müasir səviyyədə qurmaları
durur.
Universitetimizdə informasiya və kommunikasiya
texnologiyalarının tətbiqinə dair işlər üç istiqamətdə
aparılmışdır. Təlim metodologiyaları və tədris
resursları yaradılmış, yeni texnika və əməliyyat
imkanları araşdırılmış, İKT texnologiyalarını tətbiq edə
biləcək mütəxəssislər hazırlanmışdır. Bundan əlavə,
universitetimizdə informasiya və kommunikasiya
texnologiyalarının elmi tədqiqat işlərində, o cümlədən
virtual laboratoriya, multimedia, modelləşdirmə və başqa
əyani vasitələr kimi istifadə olunması təmin edilmişdir.
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi
təhsil müəssisələrinin kompüterləşdirilməsini və
maddi-texniki bazasının müasirləşdirilməsini tələb
etdiyindən, bu sahədə əməli işlər universitetimizdə
fasiləsiz həyata keçirilir.
Universitetimizin kompüter şəbəkəsi təhsil-idarəetmə
sisteminin yaradılmasına tam şərait yaratmaqla yanaşı,
yaxın perspektivə hesablanaraq yenidən, ən müasir
tələblərə cavab verəcək səviyyədə qurulmuşdur.
Universitetin 9 korpusu optik rabitə xətti ilə dairəvi
birləşdirildikdən sonra İnternetə 100 mb/san sürətlə
çıxış təmin edilmişdir. Bu İntranet şəbəkəsinə 600-dən
artıq müasir tipli kompüter qoşulmuşdur. Universitetin
bütün əməkdaşları və tələbələri (10-minə yaxın
istifadəçi) İnternet şəbəkəsinə sərbəst və
məhdudiyyətsiz çıxış imkanı əldə etmişlər.
Azərbaycan Texniki Universitetinin İntranet şəbəkəsi
universitetin kompüter şəbəkələri sahəsində məxsusi
tədqiqatları və təcrübəsi bazasında qurulmuşdur. Bütün
kafedralar yüksək sürətli İnternetə qoşulmuş, bəziləri
isə özlərinin lokal kompüter şəbəkəsini yaratmışlar.
Multimedialı siniflər təşkil olunmuş və bu istiqamətdə
işlər sürətlə davam etdirilir. Dünyanın qabaqcıl
şirkətlərinin respublikamızdakı nümayəndəlikləri
tərəfindən universitetimizdə (telekommunikasiya və
proqram təminatı üzrə) açılmış bir sıra tədris
mərkəzləri və elmi-tədris laboratoriyaları tədris və
təcrübə proseslərində geniş istifadə olunur.
Ümumuniversitet tədris və idarəetmə proseslərini
informasiyalaşdıran proqram platforması bu gün tam
tətbiq edilir. Bu sistem universitetimizin İKT üzrə
mütəxəssisləri tərəfindən işlənilmiş və "KOICA"-nın
texniki dəstəyi ilə aşağıdakı istiqamətlər üzrə həyata
keçirilmişdir:
- ən son informasiya texnikası və texnologiyaları
bazasında işlənib hazırlanmış Elektron Universitetin
yaradılması;
- AzTU-nun rəsmi portalının qurulması (aztu.edu.az);
- Akademik təhsil və kollektiv əməliyyat sistemlərinin
qurulması;
- distant təhsil kontentlərinin nümunələrinin
hazırlanması.
AzTU-da yeni informasiya texnikası quraşdırılmışdır.
Layihə üzrə ilkin işlərə başlayarkən Elektron
Universitet konsepsiyasının ən son informasiya texnikası
və texnologiyaları bazasında işlənib hazırlanmasını
qarşımızda əsas hədəf kimi qoymuşduq. Bunun üçün müasir
və texniki imkanlarına görə gələcəyə hesablanmış IBM
serverləri və avadanlıqları, şəbəkə avadanlıqları
alınmışdır. Belə texnikanın gətirilməsi, nizamlanması,
yeni proqram təminatı ilə təchiz olunması və qurulması
bu sahədə böyük beynəlxalq təcrübəyə malik olan NongShim
Data System (NDS) şirkəti tərəfindən həyata
keçirilmişdir. NDS şirkəti "KOICA"-nın elan etdiyi
tenderin qalibi kimi universitetimizi ən müasir
informasiya texnikası və texnologiyaları ilə təmin
etməklə yanaşı, yuxarıda qeyd edilən istiqamətlər üzrə
universitetin mütəxəssisləri ilə birgə fəaliyyət
göstərərək qısa zamanda layihədə nəzərdə tutulan bütün
işləri həyata keçirmişdir. Bir neçə istiqamət üzrə
universitetimizin əməkdaşlarından ibarət işçi qruplar
yaradılmış, onlara Cənubi Koreyanın NDS şirkətinin Seul
şəhərindəki tədris mərkəzində yüksək səviyyəli treninq
kurslar keçirilmişdir. Kurslara cəlb edilmiş
əməkdaşlarımıza nəzəri biliklər aşılanmaqla yanaşı,
Seulun aparıcı universitetlərində müvafiq sistemlərin iş
prinsipləri praktik cəhətdən əyani şəkildə
göstərilmişdir. Nümayəndələrimiz beynəlxalq sertifikat
alaraq AzTU-ya qayıtmışlar. Daha sonra bizim əməkdaşlar
koreyalı mütəxəssislərin iştirakı ilə universitetimizdə
geniş təbəqə üçün sistemin iş prinsiplərinin öyrədilməsi
ilə bağlı treninqlər keçmişlər.
AzTU-nun rəsmi portalı yenidən qurulmuşdur.
Portalın ana səhifəsində xəbərlər, universitetin
bütövlükdə vacib, aktual informasiyaları, sosial
fəaliyyəti, xarici əlaqələri gündəlik işıqlandırılır.
Web-səhifələrdə isə universitetin strukturu (rəhbərlik,
şöbə, fakültə, kafedralar) haqqında məlumatlar əks
olunur. Universitetimizin portalını fərqləndirən ən
üstün cəhətlərdən biri hər bir professor-müəllimin
məxsusi Web-səhifəyə malik olması və özləri tərəfindən
idarə edilməsidir. Bu səhifənin bölmələrində müəllimin
ümumi, elmi-nəzəri, praktiki, pedaqoji fəaliyyəti və
elmi əsərləri haqqında məlumatlar və materiallar
yerləşdirilir. Bu isə müəllimin elmi-pedaqoji
fəaliyyətinin tamlılığı haqqında rəhbərliyin, tələbə və
ümumilikdə ictimaiyyətin informasiya əldə etməsinə imkan
yaradır. AzTU-nun rəsmi portalının ana səhifəsindən
elektron universitet sistemin əsas və müxtəlif
servislərinə giriş asanlaşır.
Akademik təhsil sistemi qurulmuşdur.
Akademik təhsil sistemində tədris prosesinin təşkili
üzrə infrastruktur yaradılmışdır. Ali təhsildə Bolonya
Bəyannaməsindən irəli gələn başlıca prinsipləri nəzərə
almaqla hazırlanmış sistemə tədrisin idarə olunması
üzrə əsas məlumatlar yerləşdirilmişdir. Akademik
təhsilin əsas komponentlərindən biri Web-auditoriya
sistemidir. Onun əsasında təhsilin müvafiq dövlət
standartlarına uyğun təşkili, müəllimin pedaqoji
fəaliyyətinin tamlığı təmin edilir. Web-auditoriya
sistemində tələbələrin dərsə davamiyyəti və tədris
növləri üzrə müvəffəqiyyəti gündəlik qeyd edilir. Bu
göstəricilərə heç bir müdaxilənin mümkün olmaması,
onların əsasında toplanan imtahanqabağı balların
obyektivliyini təmin edir. İmtahanların elektron test
sistemi ilə keçirilməsi, yekun ballar və qazanılmış
kreditlərin də obyektivliyini tam təmin edir. Tələbələr,
həmçinin valideynlər, istənilən vaxt və istənilən yerdən
fərdi idendifikator və parolları ilə akademik təhsil
sisteminə daxil olub nailiyyətləri haqqında məlumat əldə
edə bilərlər. Bu da universitetimizdə tədris prosesinin
şəffaflığına heç bir şübhə yeri qoymur.
Kollektiv əməliyyat sistemi ilə bağlı işlər
yekunlaşmışdır.
Təhsili idarəetmə sistemində ixtisas (ixtisaslaşma),
qrup və onların tədris planlarının, kurs, semestr və
transkripsiyaların idarə olunması, kafedra və müəllimlər
üzrə akademik yüklərin, auditoriya fondunun və dərs
cədvəlinin, həmçinin tələbələrin və fənn seçiminin idarə
olunması, e-imtahan sistemi ilə əlaqələrin təşkili yeni
tədris ili və semestr üzrə hazırlıq, tədrisin
keyfiyyətinə nəzarət və s. kimi idarəetmə funksiyaları
qısa müddətdə, çevik, dəqiq icra etməyə imkan verir.
Distant təhsil kontentlərinin nümunələri hazırlanmışdır.
Müasir sosial-iqtisadi şəraitdə ömürboyu (fasiləsiz)
təhsilalmanın mümkün olması çox vacibdir. Bununla
yanaşı, kadrların yenidən hazırlanmasında və
ixtisasartırılmasında keyfiyyətli distant təhsilin
tətbiqi əvəzsiz mexanizmdir.
"Azərbaycan Texniki Universitetinin Elektron Təhsil
Sistemi"ndə distant təhsil infrastrukturu xüsusi yer
tutur. Distant təhsilin təşkili üçün ən vacib element
elektron tədris-metodik kompleksidir. Bu kompleksə hər
bir ixtisas üzrə tədris olunan fənlərlə bağlı işçi
proqram, kontentlər, yoxlama testləri daxildir. Bu
kontentlərin əyani təhsilalanların da istifadə etmə
imkanına malik olması təhsilin keyfiyyətini əhəmiyyətli
dərəcədə artırır. Çünki onlar bu kompleksin vasitəsilə
tədrislə yanaşı, müstəqil olaraq zəruri məlumatlar əldə
etmək və İKT ilə iş vərdişlərinə yiyələnmək imkanı əldə
edirlər. Distant təhsil kontentlərinin hazırlanması
elektron təhsil sisteminin yaradılması prosesinin tərkib
hissəsi olmaqla yanaşı, gələcəkdə bizim universitetdə
müəyyən ixtisaslar üzrə distant təhsil xidmətlərinin
göstərilməsinə şərait yaradacaqdır. Belə kontentlərin
yaradılması və sistemə daxil olunması üçün
universitetimizdə müasir multimedia texnologiyaları ilə
təchiz olunmuş televiziya mərkəzi yaradılmışdır.
İxtisaslar üzrə distant təhsilə uyğun metodikalar
işlənib hazırlanmış, müəllimlərin İKT biliklərinin
yaxşılaşdırılması məqsədi ilə kurslar təşkil edilmiş və
kontentlərin texniki cəhətdən işlənib hazırlanmasını
(videoçəkiliş, sinxronlaşdırma, montaj və s.) həyata
keçirən işçi qrup yaradılmışdır. Bu isə bütün ixtisaslar
üzrə distant təhsilin təşkili üçün şəbəkə miqyaslı
tədris-metodik resurslarının yaradılmasına imkan verir
və universiteti İnternet məkanının fəal iştirakçısına
çevirir. Bu istiqamətdə görülmüş işlərlə
kifayətlənməyərək, universitetimizin nəzdində fəaliyyət
göstərən televiziya mərkəzinin daha müasir
avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər
aparırıq. Beynəlxalq qrantlar və ya digər dəstəklər cəlb
etməklə planlı və məqsədyönlü şəkildə televiziya
mərkəzinin genişləndirilməsinə çalışırıq.
Elektron sənəd dövriyyəsi təmin edilmişdir.
İT-sistemlərinin təhsil sahəsində tətbiq olunmasının
əsas məqsədlərindən biri də ənənəvi kağız
sənədləşmələrinin elektron sənəd dövriyyəsi ilə əvəz
olunması, zəruri sənədlərin səlahiyyətli istifadəçilərə
operativ çatdırılmasının və universitet xidmətlərinin
asanlaşdırılmasıdır. "Azərbaycan Texniki Universitetinin
Elektron Təhsil Sistemi"ndə elektron təsdiq (elektron
sənəd dövriyyəsi), məktublaşma (e-mail) və online
mesajlaşma, iş qrafikinin tərtibi (təqvim üzrə
planlaşdırma), tədbirlərin idarə olunması, bülleten
(elan) lövhəsindən ibarət kollektiv əməliyyat sistemi
infrastrukturuna malik olması qərar qəbulunun
keyfiyyətinin, heyətin əmək məhsuldarlıqlarının və
proseslərin şəffaflığının artırılmasına, müəssisə
strukturunun optimallaşdırılmasına, sənədlərin tərtibi,
qeydiyyatı və razılaşdırılması proseslərinin
sürətləndirilməsinə, universitet xidmətlərinin
asanlaşdırılmasına, tədrisin iştirakçılarının
kommunikabelliyinin yüksəlməsinə imkan verir.
Hazırda "Azərbaycan Texniki Universiteti Elektron Təhsil
Sisteminin yaradılması" layihəsi üzrə işlər tamamlanmaq
üzrədir. Universitetin 10 fakültəsinin, 45 kafedrasının
və bütün şöbələrinin yüzdən artıq əməkdaşı treninqlərdən
keçərək sistemin istifadəsinə dair sınaqlardan uğurlu
nəticələr əldə etmişlər. Sistemin test sınaqları
2013/2014-cü tədris ilinin payız semestrində 1-ci kursda
təhsil alan bir neçə qrupunda mənimsəmələrin qeydiyyatı
və qiymətləndirmənin hesablanması üzrə keçirilib və
qarşıdan gələn yaz semestri üçün universitetimizdə
təhsil alan bütün 1-ci kurs tələbələrinin tədris
prosesinə tətbiq edilməsi üçün tövsiyə edilmişdir.
Texniki və təhlükəsizlik məsələləri həll olunmuşdur.
Şəkil. Elektron Universitet kompleksi
Biz yaxşı başa düşürük ki, sistemin dayanıqlığını təmin
etmək üçün universitetin bütün əməkdaşları səylə
çalışmalı, şəffaf və səmərəli təhsil mühitinin
yaradılmasına öz töhfələrini verməlidirlər. Bunun üçün
yeni sistemin işləməsi ilə bağlı mütəmadi treninq
kursların keçirilməsini planlaşdırırıq. Bundan əlavə,
tələbələrə və onların valideynlərinə sistemin işi ilə
bağlı məlumatlar veriləcəkdir. Hər bir tələbə İD kodla
təmin ediləcək və məkanından asılı olmayaraq rahat
şəkildə özlərinin gündəlik, həftəlik, aylıq və yekun
imtahanqabağı qiymətləndirilməsinə nəzarət edə
biləcəkdir. Zənnimizcə, bu şəffaflığı tam təmin etməklə
yanaşı neqativ halların qarşısını birdəfəlik alacaq və
təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait
yaradacaqdır.
"Elektron-AzTU"
layihəsinin universitetimizdə reallaşdırılması, tədrisin
informasiya və kommunikasiya texnologiyaları bazasında
təşkili ilə yanaşı idarəetmə və tədris proseslərinin
keyfiyyətinin artırılmasına, onların daha şəffaf və
cəlbedici olmasına, ali təhsilin müasirləşdirilməsinə
imkan verəcək və mütəxəssis hazırlığına müsbət təsir
edəcəkdir. |