Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

Tanınmış imzalar

 

Məktəb dostlarıma 

"Azərbaycan müəllimi", 14 sentyabr 1958-ci il, № 70 

O bina.., o görkəm... o boy, o vüqar

Durur beş il əvvəl durduğu kimi.

Divarda yenə də gümüş saat var,

Vurur beş il əvvəl vurduğu kimi.

 

Üzümə baxmayır keçən uşaqlar,

Ah onlar acıqmı verirlər mənə?

Uşaqlar, dayanın, sizə sözüm var,

Tez-tez ötürsünüz, nə olub yenə?..

 

Bir gör, qapıçı da yad sayır məni,

Hanı şəkər dilli Güldəstə xala?

Acıqlı-acıqlı saxlayır məni,

- Sən kimsən, nəçisən - deyir - ay bala.

 

Kimi soraq verim, mən kimi ona,

Nədənsə özümü öyə bilmirəm.

Bu məktəb mənimdir, deyimmi ona

Ancaq nə edim ki, deyə bilmirəm.

 

Deyimmi titrəyir qəlbimin teli,

Yaddaşın, hafizən əmi hardadır?

Deyimmi ömrümün dörd əziz ili

Əmican, bu gözəl otaqlardadır.

 

...Onda fizikanı çətin sayırdım,

Yanıram düşəndə hər yada indi.

Cəbr bilənləri lağa qoyardım

Gəlin qulaq asaq ona da indi...

Cabir NOVRUZOV


Məhəbbət və kədər şairi 

(M.V.Vidadinin anadan olmasının 250 illiyi münasibətilə) 

"Azərbaycan müəllimi", 14 iyun 1959-cu il, № 48 

M.V.Vidadi (1709-1809) Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Orijinal yaradıcılıq xüsusiyyətlərinə malik olan bu nəcib sənətkarın haqqında çox az yazılmışdır. Doğrudur, bir sıra ədəbiyyatşünaslar onun əsərləri ilə maraqlanmış, yaradıcılığı və şəxsiyyəti haqqında mülahizələr söyləmişlər. Buna baxmayaraq, Vidadi yaradıcılığı hələ dərindən öyrənilməmişdir.

...Vidadinin yaradıcılığında dərin bir kədər vardır. Bu kədərin obyektiv və subyektiv səbəblərini izah etmədən, onun ictimai mənasını başa düşmək, Vidadi şeirlərini düzgün qiymətləndirmək olmaz...

...Vidadi son dərəcə həssas, zərif ruhlu sənətkar olduğundan, xalqın dərdini, ələm və kədərini dərindən hiss etmişdir...

...Vidadi elə humanist və vətənpərvər bir insandır ki, elindən, obasından ayrı düşən qərib adamların əvəzinə gözlərindən qanlı yaş tökür. "Yüz min günəş bərq etsə" belə onun "möhnətli qəmindən qaralmış könlünü rövşən" edə bilmir. Lakin qəribə burasıdır ki, Vidadi bəzən "ləli-ləbi gövhər kanına" bənzəyən, dür dəhanlı, siyah telli gözəlləri tərənnüm edəndə də ağlayır.

Çərxi-fələyin zülmün görəndə, hicran keçirəndə, möhnət yükü qəddini əyəndə də ağlayır...

...Vidadi xalqa xoş gün, azad həyat diləyən bir şairdir. Ancaq o, bunu mübarizə ilə deyil, səbr və təmkinlə istəyirdi. Şair qorxur ki, bu mübarizə də insanlara yeni bir fəlakət gətirsin...

...Qüssəli və kədərli olmasına baxmayaraq Vidadi məğrur və qürurlu sənətkar olmuşdur. Başqalarının şüurunun ifadəçisi və köləsi olmaq onun hümanizmindən çox uzaqdır. O, allaha, dinə inansa da ictimai həyatda müti, aciz olmamış, heç kimə, hətta dövrünün zülmkarlarına baş əyməmişdir... 

Qulu XƏLİLOV


Yeni bucaqbölən alətin ixtirası 

"Azərbaycan müəllimi", 17 sentyabr 1959-cu il, 75 

İndiyə kimi bütün riyaziyyatçıları belə bir məsələ düşündürürdü ki, pərgar və bölgüsüz xətkeş vasitəsilə hər hansı bir bucağı üç bərabər hissəyə bölmək mümkündürmü?...

...Bucağı üç bərabər hissəyə bölmə məsələsi riyazi üsulların inkişafında böyük rol oynamışdır. Şübhəsiz ki, bucağın üç bərabər hissəyə bölünməsinin ilk həllini sadə həndəsi alətlər, pərgar və xətkeş vasitəsilə həll etməyə çalışmışlar.

Eramızdan əvvəl, V əsrdən başlayaraq, yunanlar bucağı dəqiq üç bərabər hissəyə bölmək üçün yeni mühüm vasitələr: kvadratrisa və daha sonralar konxoid və sairədən istifadə etmişlər. Dünyanın bir sıra görkəmli riyaziyyatçı alimləri sübut etmişlər ki, bu məsələni həll etmək mümkün deyildir. 1775-ci ildə Paris Elmlər Akademiyası bu məsələyə baxmaqdan boyun qaçırmışdır.

1837-ci ildə isə fransız riyaziyyatçısı P.Ventsel bucağı xətkeş vasitəsilə üç dəqiq bərabər hissəyə bölməyin mümkün olmadığını söyləmişdir.

...Bu yaxınlarda Azərbaycan SSR Elmlər Akademiyası xəritəçilik fondunun mühəndis-xəritəçisi Ağabala Kazımov həmin məsələni tapdığı bucaqbölən alət vasitəsilə həll etmişdir.

Bu məsələ üzərində xeyli müddət işləmiş Azərbaycan SSR Elmlər Akademiyası Astrofizika bölməsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Həbib Məmmədbəyli Ağabala Kazımovun bu ixtirasını bəyənmiş və tamamilə yeni bir ixtira olan həmin aləti görkəmli riyaziyyatçı, Azərbaycan SSR Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Zahid Xəlilova göstərməyi məsləhət bilmişdir.

Bu yeni maraqlı bucaqbölən alət akademik Zahid Xəlilovu maraqlandırmışdır. O, həmin işi Akademiyanın Riyaziyyat və Mexanika İnstitutu alimlərinin müzakirəsinə vermişdir. İnstitutun alimləri bucaqbölən aləti yüksək qiymətləndirmişlər...

... Heç bir cizgi alətinin iştirakı olmadan ilk dəfə təklif olunan bu alətin köməyilə nəinki bucağı üç bərabər hissəyə, hətta iki, dörd, altı, səkkiz, doqquz və s. bərabər dəqiq hissələrə bölmək mümkündür...

 Qulam MƏMMƏDLİ,
Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin elmi işçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov