Müsahibimiz Azərbaycanın xalq şairi Mirvarid Dilbazidir
"Azərbaycan müəllimi", 5 mart 1996-cı il, № 8
- Mirvarid xanım, bir ziyalı kimi təhsilimizin indiki
vəziyyətini necə qiymətləndirirsiniz?
-
Orta və ali məktəblərdə pedaqoji təhsil aldığım üçün
əvvəllər mən də müqəddəs sənət olan müəllimliklə məşğul
olmuşam. Bu müqəddəs sənətin acılı-şirinli günlərini
yaşamışam. Həyatımda çox əziyyətlər çəkməyimə baxmayaraq,
hər dəfə sinfə girəndə bütün dərdlərimi unudub eyni
ruhla, eyni həvəslə uşaqlara dərs demişəm. Çünki mənim
özümə də vaxtilə müəllim adını hər şeydən uca tutan
şəxslər dərs deyiblər. Və mən onlardan faydalanmışam.
Elə o vaxtlar da vəziyyət çox ağır idi. Hamı özünü,
ailəsini güclə dolandırırdı. Həmçinin müəllimlər də bu
cür yaşayırdılar. Lakin onlar heç vaxt bu barədə
danışmır, özlərini mənən "sınmağa" qoymurdular. Çünki o
vaxtlar kimliyindən asılı olmayaraq, hamı müəllimə
pərəstiş edir, onun hər sözünü ibrətamiz kəlam kimi
yadda saxlamağa çalışırdı. İndiki dövrümüzə nəzər salsaq,
bütün bunların əksini görərik. Bazar iqtisadiyyatına
keçid dövrü adlandırdığımız bu illərdə neçə-neçə istər
orta, istərsə də ali məktəb müəllimləri öz sənətlərindən
perik düşüblər. Hər kəs bir parça çörəyini tapmaq üçün
sənətindən ayrılıb, başqa işlərlə (çox vaxtı alverlə)
məşğul olmağa başlayıb. Bunun nəticəsində gözəl savada
malik müəllimlərimizi itirmişik. Bu faciədir. Məni ən
çox ağrıdan bax bu məsələdir.
Sizinlə danışdıqca yenidən keçmiş illərimə qayıdıram: o
illərdə müəllimləri dinləmək, təhsil almaq mənim və
yaşıdlarım üçün xoşbəxtlik idi. 1921-ci ildə
N.Nərimanovun təşəbbüsü ilə açılmış Qızlar
Seminariyasında bacım Yaqutla təhsil alırdıq. Əvvəli
qızlar gimnaziyası olmuş buradan bizə zəngin bir
kitabxana qalmışdı. Aramızda mütaliəsiz bir-iki nəfər
ancaq tapılardı. Türk və rus dillərində edilən
tərcümələr vasitəsilə o illərdə Qərb ədəbiyyatının bir
çox ölməz sənətkarlarının əsərləri ilə tanış olurduq.
Eyni zamanda sevimli müəllimlərimiz fürsət tapıb öz
milli tariximizdən, qəhrəmanlarımızdan da söhbətlər
açardılar. Mən deyərdim ki, bu seminariya təkcə təhsil
ocağı deyil, insan ləyaqətini uca tutan bir məktəb idi.
Bura inam, vətənə, xalqa məhəbbət, əməyə hörmət,
halallıq, mənəvi saflıq ocağı idi. Müəllimlərimiz də
namuslu, yüksək savada malik, öz işini sevən ziyalılar
idilər. Məktəbdə təhsil sistemi elə qurulmuşdu ki,
burada heç bir güzəşt yox idi. İlboyu yaxşı oxuyanlar
imtahanlardan azad olunurdular və şagirdlər müəllimləri
ədalətli olmalarına görə sevirdilər. Müəllimlərin evləri
də çox sadə idi. Onların nə muzeyi xatırladan bahalı qab-qaşıqlarla
bəzənmiş evləri, nə də çeşid-çeşid qiymətli xalıları var
idi. Bütün bunlara baxmayaraq, onlar yoxsul deyil,
zəngin idilər. Bu zənginlik isə onlara xas olan mənəvi
zənginlik idi. Bizim müəllimlərimizin vaxtları pul
qazanmağa, bahalı əşyalar almağa yox, əksinə, elmi
əsərlər yaratmağa, istedadlar yetirməyə, bununla da öz
xalqı qarşısında vicdani borcunu verməyə çalışırdılar.
Bəli, müəllim öz sənətini hər şeydən üstün tutmalı, onun
nüfuzunun aşağı düşməsinə yol verməməlidir. Təhsilimizi
düşdüyü böhrandan ancaq Azərbaycan maarifini, öz
sənətini hər şeydən üstün tutan, yuxarıda sadaladığım
yüksək insani keyfiyyətlərə malik şəxslər və bu şəxslərə
olan yüksək qayğı çıxara bilər.
- Müəllimlərin son illərdəki intellektual səviyyəsi,
şəxsi keyfiyyətləri sizi qane edirmi?
- Son illərdəki müşahidələrimə əsasən, mənə elə gəlir ki,
"diplom" almaq xatirinə oxuyanlar əsl müəllimləri
üstələyib. Bu sənətin çətinliyini duymadan, müəllimlik
hisslərini yaşamadan peşənin bilicisi olmaq çətindir.
Müəllim eyni zamanda pedaqoqdur. Dərs dediyi fənni
tədris etməklə bərabər, qarşısındakı uşağın və yaxud
gəncin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır.
Bu iki əsas vəzifənin öhdəsindən gəlmək isə hər bir
müəllimdən yüksək şəxsiyyət, savad, təmkin, eyni zamanda
gözəl əxlaq sahibi olmağı tələb edir.
- Müəllim-şagird, müəllim-tələbə münasibətlərini necə
görmək istərdiniz?
- Əvvəlcə bir şeyi qeyd edim ki, biz oxuduğumuz illərdə
müəllimlər öz işində azad idilər. Yaxşıya-yaxşı,
pisə-pis qiymət verilirdi. Hamı çalışırdı ki, yaxşı
oxusun. Baxmayaraq ki, o dövrün bir çox nüfuzlu
ailələrinin uşaqları, qohumları bizimlə oxuyurdular,
lakin o zaman onlara güzəşt edilməsini heç kəs ağlına
belə gətirməzdi. Çünki bizim məktəbin müəllimlərinin bir
meyarı var idi: dərin bilik, elm, yüksək şəxsiyyət, işə
məsuliyyət, şagirdlərə ədalətli münasibət bəsləmək. Mən
deyərdim ki, indiki dövrdə bizim yeniyetmələrimizin,
gənclərimizin valideynləri öz uşaqlarına qarşı tələbkar
olsalar, nüfuzlarından istifadə edib, onlara
himayədarlıq etməsələr, biliksiz sinifdən-sinfə
keçənlərin, savadsız diplom alanların sayı heçə enər.
Bütün bunlar da siz dediyiniz münasibətlərə istər mənfi,
istərsə də müsbət cəhətdən öz təsirini göstərir. Bir
məsələni də yaddan çıxarmamalıyıq, bu da məktəbli geyim
formasıdır. Əvvəllər buna ciddi fikir verilirdi.
Nədənsə, indi heç kəs bununla maraqlanmır, xüsusi geyim
forması hər bir uşağı kimliyindən asılı olmayaraq,
məktəbli qayda-qanunlarına riayət etməyə vadar edir.
İndi vəziyyət elə hala gəlib ki, kimin müəllim və kimin
tələbə olduğu bilinmir. Mən istərdim ki, bütün bunlar
nəzərə alınsın və dediyimiz münasibətlər bizim
dövrümüzdəki münasibətlər kimi qayğı, pak, ülvi
hisslərlə əhatə olunsun. Fikrimcə, bu münasibətlər
şəraitdən asılı olmayaraq, həmişə bu cür stabil qalmalı,
illər keçsə də hər bir kəsin qəlbində xoş izlər
buraxmalıdır.
- Qeyri-dövlət təhsil müəssisələrinə münasibətiniz?
- Ümumiyyətlə, bu barədə fikirləşəndə ürəyim ağrıyır.
Bilirsiniz kimlərə? İstedadı olan, lakin maddi
vəziyyətinin yaxşı olmaması ucbatından təhsildən ayrı
düşmüş gənclərə. Belə təhsil müəssisələrində ancaq
imkanlı ailənin övladı pulun gücünə oxuya bilir. Onun
savadının olub-olmaması isə arxa plana keçir. Bir təhsil
ki, pulla ola, sizcə onun nəticəsi necə olmalıdır? Mən
qorxuram ki, bütün bunlar gələcəkdə millətin
savadsızlaşmasına, təhsilin daha acınacaqlı vəziyyətə
düşməsinə gətirib çıxarsın.
- Qızların oğlanlardan ayrı təhsil almalarına necə
baxırsınız?
- Buna çox təbii baxıram. Çünki vaxtilə mən özüm də,
dediyim kimi, Qızlar Seminariyasını bitirmişəm. Və
bununla heç nə itirməmişəm. Əksinə, buradakı təhsildən
razı qalmışam. Bu seminariyanı hamı "ismət məktəbi"
adlandırırdı. Burada yeniyetmə qızlar və gənc müəllimlər
vardı. Qızlar müəllimlərinə ilahi bir varlıq, müəllimlər
də öz növbəsində onlara bacı gözü ilə baxardılar.
Mənim fikrimcə, oğlanlarla qızlar ayrı təhsil alsalar
daha məqsədəuyğundur. Çünki yeniyetməlik dövrü elə bir
dövrdür ki, bu zaman artıq onlarda gənclik duyğuları
oyanır, bir-birini bəyənmək prosesi başlanır və çox vaxt
romantikaya qapılırlar. Bu isə onların təhsildən
yayınmalarına səbəb ola bilər.
- Dini-mənəvi dəyərlərimizə qayıdış bizə nə verə bilər?
- Hər bir şəxs dindən, müqəddəs Qurani-Kərimdən, onun
yazılmış qanunlarından bəhrələnməli, ona etiqad
etməlidir. Etiqad isə insanın özünü-özünə dərk etdirən
bir qüvvədir. Yaşından asılı olmayaraq, hamı dinin
qadağan etdiyi oğurluq, əyrilik, xəyanət, sözgəzdirmək,
aravurmaq, qapı pusmaq, arvad malına toxunmaq, qonşuya
xəbis olmaq, nahaq qan tökmək və s. kimi mənfi işlərdən
uzaq olmalıdır. Ən əsası isə nəyin günah və nəyin savab
olduğunu hamı bilməlidir. "Günah" məfhumu, etiqad
insanları pisliklərdən qoruyan bir qanundur.
Bu günün özündə xalqımızın çətin bir şəraitdə,
ərazisində müharibə getdiyi, torpaqlarının 20 faizdən
çoxunun işğal edildiyi dövrdə etiqadlı, səxavətli,
savabın, günahın mənasını dərk edən şəxslərin olduğunu
biləndə sevinir, bunun əksini görəndə ürəyimdən qara
qanlar axır.
- Gənc nəslin tərbiyəsində ailə, məktəb və mühitin
rolunu nədə görürsünüz və bunlardan hansını başlıca
hesab edirsiniz?
- Bunların üçü də vəhdətdə olmalıdır. İlk bünövrə -
xeyirxahlıq, yaxud bədxahlıq və şəxsiyyət vərdişləri
ailədə qoyulur. Məktəb də öz növbəsində təcrübəli
müəllimlərin səyi nəticəsində düzgün tərbiyədə mühüm rol
oynayır. Mühitə gəldikdə isə uşaq yaxşı və yaxud pis
mühitə düşə bilər. Burada həm ilk xeyirxah tərbiyə, həm
də uşağın öz ağlı, kamilliyi mühüm rol oynayır. Bəzən
çox pis mühitə düşmüş uşaqlardan gələcəkdə böyük alim,
yüksək istedada malik sənət sahibləri, məsuliyyətli
şəxslər çıxır və yaxud əksinə, gözəl mühitdə böyümüş
yaxşı bir ailənin övladı naxələf olur. Mən deyərdim ki,
hər şeydən əvvəl, insanda ən əsas ağıl və iradə rol
oynayır. Yazıçılardan biri demişdir: "İnsanda çatmayan
qüvvə deyil, iradədir".
- Tələbə gənclərin fəal siyasətlə məşğul olmaları necə,
düzgündürmü?
- Hər kəs ona aid olan işlə məşğul olsa, daha yaxşı olar.
Tələbələrə gəldikdə isə onlardan siyasi alət kimi
istifadə etmək olmaz. Biz bununla gəncləri elmdən,
təhsildən yayındırırıq. Sonradan isə acı nəticələrini
görürük. Belə səhvlərə yol vermək olmaz. Siyasətlə
siyasətçilər məşğul olsalar cəmiyyətimizin xeyrinə daha
faydalı nəticələr alınar.
- Övladlarınızın tərbiyəsində nəyə fikir verirsiniz?
Onlara hansı dəyərlərin aşılanmasını tövsiyə edərdiniz?
- Ən əsası yüksək əxlaqa malik olmaq, ata-anaya hörmət
etmək, əməyi sevmək, məsuliyyətli, birsözlü, birüzlü
olmaq, təmizlik, halallıq, xeyirxahlıq, bir parça
çörəyini yoldaşı ilə bölmək, torpağını, xalqını sevmək
kimi nəcib hisslər aşılamağa çalışmışam. Mən bütün
bunları təkcə qızıma, nəvə-nəticələrimə deyil, bütün
övladlarıma - xalqımızın oğul və qızlarına tövsiyə edir,
sözümü N.Gəncəvinin bu misraları ilə yekunlaşdırıram:
Kim ki, öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdansa gövhər çıxardar.
Ancaq öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
- Müasir dövrümüzdə varlı adamların təhsilə qayğı
sahəsindəki biganəliyini nə ilə izah edərdiniz?
- Bilirsiniz, bunu hamıya şamil etmək olmaz. Bizim
maarifimizə, təhsilimizə hörmətlə yanaşan, əməli kömək
edən xeyriyyəçilərimiz var. Lakin bunlar olduqca azlıq
təşkil edirlər. Sizin qeyd etdiyiniz qəbildən olan
adamlar isə, təəssüf ki, aramızda çoxdur. Onlardakı
biganəliyin əsas səbəbi budur ki, zəhmət və halallıqdan
uzaq olublar. Onların mənəvi dünyası çox kasaddır və
belələri həyatı maddi gəlirlə ölçürlər. Həyatının
mənasını müftə gəlirdə görənlər üçün N.Gəncəvi demişdir:
Nə şəhvət, nə yuxu, nə də ki, yemək
Həyatın mənası olmasın gərək.
- Xalqımızın ağbirçəyi Mirvarid xanımın demək istədiyi
son söz.
- Vaxtilə M.Hadi deyirdi ki, "Yox millətimin xətti o
imzalar içində". Mən çox şadam ki, Hadinin arzusu həyata
keçmiş və millətimin imzası artıq dünyanın hər yerində
tanınır. Millətin aparıcı qüvvəsi isə gənclikdir.
Hazırda gəncliyin üzərinə böyük vəzifələr və məsuliyyət
düşür. Bunların düzgün istiqamətləndirilməsinə, yüksək
intellektual savada malik olmasına isə birinci növbədə
müəllimlər cavabdehdirlər. Bütün təhsil işçilərinə,
pedaqoji kollektivlərə, müəllimlərə bu şərəfli işlərində
müvəffəqiyyətlər arzulayıram.
Müsahibəni apardı: Samirə KƏRİMOVA |