Müəllimlik və ziyalılıq məktəbi
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik
Azərbaycanda
çoxsaylı mətbuatın mövcud olduğu və fəaliyyət göstərdiyi
bir dövrdə "Azərbaycan müəllimi" qəzeti möhkəm davamlı
ənənələri və daim müasirlik ruhu ilə seçilən mətbuat
orqanı kimi özünü isbat etmişdir. "Azərbaycan müəllimi"
ölkəmizdə maarifçi ziyalıların, müəllimlərin sözünü
deyən, onların yaradıcı axtarışlarını üzə çıxaran, yeni
düşüncə və yanaşmaları qiymətləndirən, cəmiyyətə təqdim
edən qəzetdir. "Azərbaycan müəllimi" qəzeti Azərbaycan
ziyalılığının əsas xitabət kürsüsüdür. Müasir mərhələdə
Azərbaycan milli təhsil sistemində aparılan islahatlar,
böyük dəyişikliklər və yeniləşmələr "Azərbaycan
müəllimi" qəzetinin işığında sistemli və ardıcıl şəkildə
ictimaiyyətə çatdırılır. Azərbaycan ictimaiyyəti
ölkəmizdə təhsil sahəsində gedən yeni prosesləri ilk
növbədə "Azərbaycan müəllimi" qəzetindən öyrənir. Bütün
bunlara görə "Azərbaycan müəllimi" qəzeti öz məktəbini
yaratmışdır. "Azərbaycan müəllimi" qəzetini diqqətlə və
ardıcıl şəkildə oxuyub-öyrənib orta, yaxud ali təhsil
səviyyəsində bilik və məlumatlar almaq, dünyagörüşü
qazanmaq mümkündür. "Azərbaycan müəllimi" - müəllimlik,
ziyalılıq, elmilik məktəbidir.
Azərbaycanda məktəb və pedaqoji fikir tarixi,
pedaqogika, psixologiya, fənlərin tədrisi metodikası,
defektologiya və sair kimi bu qəbildən olan elmlərin
inkişafında "Azərbaycan müəllimi" qəzetinin böyük rolu,
xüsusi xidmətləri vardır. Geniş mənada isə bütün elm
sahələrinə, xüsusən də humanitar və ictimai elmlərə
"Azərbaycan müəllimi" qəzetində geniş yer ayrılır.
"Azərbaycan müəllimi" akademik elmlə -
pedaqogika-psixologiya elmləri arasında böyük körpüdür.
Elm sahələri arasında əlaqələrin formalaşması və
inkişafında "Azərbaycan müəllimi" qəzetinin xüsusi yeri
mövcuddur.
Elm və təhsil işçilərini "Azərbaycan müəllimi" qəzetinin
şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir,
qəzetin yaradıcı kollektivinə daha böyük uğurlar
arzulayıram. |