IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə
Beynəlxalq Dialoq) İctimai Birliyi, "ASAN xidmət" və
"Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər
kağızı bir yarpağa dəyişək" müştərək layihəsi davam
edir.
Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji
problemlərlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin
iştirakını təmin etmək, real ekoloji layihələr
vasitəsilə insanlar arasında maarifləndirmə işinin
səmərəliliyini artırmaq və ekoloji mühitə dəyən zərəri
minimuma endirmək məqsədilə tullantıların düzgün
istifadəsini təşkil etməkdən ibarətdir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai
Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində
13 fevral 2014-cü il tarixindən etibarən hər gün saat
15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət
göstərən "ASAN xidmət" mərkəzlərinin hər birində kütləvi
aksiya keçirilir. Keçirilən aksiyada ictimaiyyət
nümayəndələrinin, dövlət orqanlarının, qeyri-hökumət
təşkilatlarının və özəl müəssisələrin iştirakı ilə kağız
tullantılarının "ASAN xidmət" mərkəzlərində toplanılması
nəzərdə tutulur.
Aksiyada iştirak etmək istəyənlər "ASAN xidmət"
mərkəzlərinə müraciət etməklə istifadə olunmuş kağız və
kağız məhsullarını təhvil verə bilərlər. Təhvil verilmiş
hər 50 kiloqram kağız tullantısı qarşılığında isə 1
ağacın əkilməsi planlaşdırılır.
Təhsil Nazirliyi də "Hər kağızı bir yarpağa dəyişək"
aksiyasına fəal şəkildə qoşulub. Belə ki, aksiyanın ilk
günündə - fevralın 13-də 16 ümumtəhsil, 6 ilk
peşə-ixtisas və 16 orta ixtisas təhsili müəssisəsi
tərəfindən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 2500
kiloqrama yaxın tullantı kağız təhvil verilib. Təhsil
müəssisələri tərəfindən aksiyada iştirakın davam
etdirilməsi nəzərdə tutulub. |