Fevralın 13-də "Kempinski Badamdar" otelində "Sabahın
alimləri" III Respublika Müsabiqəsinin açılış mərasimi
keçirilib.
Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz
elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və
onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF
müsabiqəsində iştirak edəcək namizədləri
müəyyənləşdirməkdir. Faktiki olaraq, bu müsabiqə dünyada
şagirdlər arasında keçirilən ən nüfuzlu beynəlxalq
müsabiqəyə seçim turudur.
Müsabiqənin açılış mərasimində təhsil naziri Mikayıl
Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev,
gənclər və idman nazirinin müavini İntiqam Babayev,
İntel İSEF-in MDB ölkələri üzrə meneceri Tatyana
Nanayeva, "Mədəd" təşkilatının icraçı direktoru Vüsal
Xanlarov, ali təhsil müəssisələrinin rəhbərləri,
ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və
şagirdlər iştirak ediblər.
"Sabahın alimləri" III Respublika Müsabiqəsində Bakı,
Sumqayıt və Naxçıvanda yerləşən ümumtəhsil məktəblərinin
IX-XI sinif şagirdləri iştirak edir. Müsabiqənin
təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi və "Mədəd" təşkilatıdır.
Müsabiqəyə elmi dəstək verən Bakı Dövlət Universiteti,
Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və
Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti
tərəfindən gələcəyin alimləri üçün elmi ünsiyyət
mühitinin formalaşmasına xüsusi diqqət yetirilir.
Şagirdlərə qeyd olunan təhsil ocaqlarının
laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə
etmək və elmi rəhbərləri ilə birgə tədqiqat aparmaq
imkanı yaradılıb.
Müsabiqə 8 kateqoriya üzrə (riyaziyyat, fizika, kimya,
biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik,
kompüter elmləri) keçirilir. Müsabiqədə 108 şagird 65
elmi layihə ilə iştirak edir. Həmin layihələrdən 36-ı
kollektiv, 29-u isə fərdidir. Layihələrin
qiymətləndirilməsi üçün hər kateqoriya üzrə
respublikamızın aparıcı alimlərindən ibarət Münsiflər
Heyəti yaradılıb. Müsabiqəyə yalnız yeni elmi ideyası,
eksperimentin, mühəndis layihəsinin texniki təsviri,
innovativ kompüter proqramının təsviri olan layihələr
qəbul edilir. Müsabiqənin final mərhələsinə Elmi
Ekspertiza Komitəsi tərəfindən baxış keçirilən və
annotasiyaları təsdiq edilən layihələr buraxılır.
Üç gün davam edəcək müsabiqədə layihələrin
qiymətləndirilməsi və ölkəmizin görkəmli alimləri ilə
şagirdlərin görüşü keçiriləcək. Bakı və Sumqayıt
şəhərlərindəki məktəblərin şagirdləri və müəllimləri,
eləcə də media nümayəndələri layihələrlə tanış ola
biləcəklər. Sonra müsabiqə qaliblərinin mükafatlandırma
mərasimi keçiriləcək.
Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis
edilmiş pul mükafatı, diplom və medal təqdim
olunacaqdır.
Münsiflər heyəti tərəfindən seçilmiş 5 şagird cari ilin
may ayında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles
şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak
etmək imkanı qazanacaqdır. |