Fevralın 13-də "Hyatt Regency" otelinin "Quba" zalında
Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil
müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat
mərasimi keçirilib.
Mərasim iştirakçılarını salamlayan Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarov "SABAH"
qruplarının yaradılması zərurəti haqqında fikirlərini
bildirib. "SABAH" qrupları savadlı, bacarıqlı və
hazırlıqlı tələbələrdən təşkil olunacaqdır.
Təhsil naziri bildirib ki, qloballaşan dünyanın yeni
çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin
qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında
tamamilə yeni tələblər qoyur. Bu tələblər ali təhsil
sahəsində keyfiyyətin təmin olunması üçün istedadlı,
öyrənməyə güclü marağı olan tələbə və müasir tədris
üsullarını mənimsəmiş müəllim amilini aktuallaşdırır.
Biz Azərbaycan ali təhsil sistemində yüksək keyfiyyətli
təhsil verilməsinə nail olmalıyıq. Müasir və qloballaşan
dünya çevik, xarici dillərin öyrənilməsinə yer verən və
innovativ təhsil sisteminin formalaşdırılmasını tələb
edir. "SABAH" qruplarının fəaliyyətində əsasən, bu
məsələlər nəzərə alınacaqdır.
"SABAH" qruplarında müvafiq universitetlərdə çalışan
müəllimlərlə yanaşı, "2007�2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində xaricdə təhsil almış gənc
kadrların potensialından da istifadə olunması nəzərdə
tutulub.
Təhsil naziri qeyd edib ki, "SABAH" qruplarının səmərəli
fəaliyyətinin təmin olunması ilə yanaşı, bütün
tələbələrin yüksək səviyyəli təhsil almasının təmin
olunması qarşıda duran prioritet vəzifələrdəndir. Müasir
dünyada ali təhsilə indiki qədər maraq olmayıb. Bu,
qloballaşan dünyada bilik iqtisadiyyatının daha geniş
təşəkkül tapması ilə bağlıdır. Bütün bunları nəzərə
alaraq, işəgötürənlərlə əlaqələrin inkişafına xüsusi
diqqət yetirir, bu istiqamətdə işgüzar görüşlər və
müzakirələri davam etdiririk. Ali təhsil müəssisələri
ilə işəgötürənlərin qarşılıqlı əməkdaşlığının
genişləndirilməsi, məzunların praktik hazırlıq prosesinə
cəlb olunması və onların hərtərəfli hazırlığının təmin
edilməsi mühüm əhəmiyyət kəsb edir.
Tələbələrin seçimi məsələsinə aydınlıq gətirən nazir
"SABAH" qruplarının ali təhsil müəssisələri üzrə əyani
şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən
formalaşdırılacağını bildirib. Elmi-pedaqoji potensialı,
tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan
ali məktəblərdə "SABAH" qruplarına seçilmiş tələbələrin
II kursdan təhsilini davam etdirməsi nəzərdə tutulur.
Sonra Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin baş
məsləhətçisi Sülhəddin Gözəlov "SABAH" qruplarının
yaradılması və bu baxımdan qarşıda duran vəzifələrlə
bağlı təqdimat-məruzə ilə çıxış edib.
Daha sonra "SABAH" qruplarının formalaşdırılması ilə
bağlı media nümayəndələrini maraqlandıran suallar
cavablandırılıb. |