Fevralın 11-də Tallinn Texnika Gimnaziyası şagirdləri
üçün tədris edilən "İnsan və cəmiyyət" fənni üzrə
növbəti dərsi Azərbaycana həsr olunmuşdur.
AzərTAc xəbər verir ki, gimnaziyanın layihə və inkişaf
rəhbəri Ave Tederin dəvəti ilə Azərbaycan həftəsonu
məktəbinin rəhbəri Sənəm Əliyeva və Tallinn Dövlət
Universitetinin doktorantı, "Universitetlərdə onlayn
təhsil strategiyalarının inkişaf etdirilməsi" mövzusunda
araşdırma aparan gənc alim Ülkər Bayramova şagirdlərin
qonağı olmuşlar.
Onlar Azərbaycanın tarixi və mədəniyyəti haqqında
məruzələr etmiş, slaydlar nümayiş etdirmişlər.
Tədbirdə Odlar Yurduna həsr olunmuş film göstərilmişdir.
Canlı diskussiya şəraitində keçilən dərsdə şagirdlər
müzakirələrdə fəal iştirak etmişlər. Artıq dərsin
bitməsini xəbərdar edən musiqinin səslənməsinə
baxmayaraq, heç kim auditoriyanı tərk etmək istəmirdi.
Dərsin sonunda müəllim və şagirdlərə Azərbaycana aid
kitablar hədiyyə olunmuş və onlar paxlavaya qonaq
edilmişlər.
Gimnaziyanın layihə və inkişaf rəhbəri dərsin yüksək
səviyyədə təşkili üçün təşəkkürünü bildirərək Sənəm
Əliyeva və Ülkər Bayramovaya xatirə hədiyyəsi təqdim
etmişdir. |