| 
						
						Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo 
						Kartli-Borçalı bölgəsinin Dmanisi rayon mərkəzindəki 
						Heydər Əliyev Fondunun kompüter təhsil mərkəzi Fond 
						rəhbərliyinin təşəbbüsü ilə 6 il bundan əvvəl təşkil 
						olunmuşdur. Burada uşaqlar gürcü və ingilis dillərini 
						öyrənir, həmçinin kompüter kursları keçirlər. 
						
						Mərkəzin direktoru Diana Qaralova AzərTAc-a 
						müsahibəsində bildirmişdir ki, ulu öndərin ideyalarının, 
						arzu və istəklərinin ardıcıl və məqsədyönlü şəkildə 
						reallaşdırılması istiqamətində çox böyük layihələr 
						həyata keçirən Heydər Əliyev Fondu xaricdə yaşayan 
						soydaşlarımızın durumunun yaxşılaşdırılması, təhsilin 
						inkişafı və digər sahələrdə önəmli işlər görür. 
						 
						
						Diana Qaralova Gürcüstan azərbaycanlılarına göstərilən 
						diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısı 
						İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, 
						YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban 
						Əliyevaya dərin minnətdarlığını bildirmişdir. 
						 
						
						Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun təsis 
						olunmasından keçən müddətdə həyata keçirdiyi xeyirxahlıq 
						işlərini saymaqla qurtarmaq olmaz. Bizim mərkəz məhz 
						həmin nümunələrdən biridir. Burada təşkil olunan 
						məşğələlərə Dmanisi şəhərindən və rayonun ayrı-ayrı 
						kəndlərindən 120 nəfərdən çox uşaq cəlb olunmuşdur. 
						Gürcü dilini öyrənən qrupda əsasən azərbaycanlı, ingilis 
						dili qrupunda isə kompüter kursunda olduğu kimi, həm 
						azərbaycanlı, həm də gürcü uşaqlarına məşğələlər 
						keçilir. Uşaqlara "SOCAR Corcia petroleum" şirkətinin 
						hədiyyə etdiyi avtobus xidmət göstərir.  
						
						Diana Qaralova diqqətə çatdırmışdır ki, mərkəzimizin 
						fəaliyyət göstərdiyi müddətdə 300 nəfərədək dinləyici 
						sertifikat almışdır. Sertifikat almış azərbaycanlılardan 
						təxminən 10 nəfəri Gürcüstanın ali məktəblərinə qəbul 
						olunmuşdur. O, kursların birillik olduğunu bildirmişdir. 
						
						Mərkəzin direktor müavini Tamar Tetradze, 
						dinləyicilərdən Roman Mahmudov, Məryəm Aslanişvili və 
						başqaları xeyirxahlığa və belə bir şəraitin 
						yaradılmasına görə Heydər Əliyev Fondunun prezidenti 
						Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını 
						bildirmişlər. |