| 
						
						2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin 
						görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və 
						şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 
						illiyi tamam olur. 
						
						Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik 
						şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, 
						mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs 
						yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol 
						açmış maarifçilik ideyalarının bərqərar olmasında onun 
						mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin 
						müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi 
						mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır. 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ictimai 
						fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli 
						töhfələr vermiş Abbasqulu Ağa Bakıxanovun 220 illik 
						yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və 
						Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə 
						birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini 
						nəzərə almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik 
						yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb 
						həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						Sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 12 fevral 2014-cü il
 |