| 
						
						
						 Prezident 
						İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə 
						iştirak ediblər 
						
						Fevralın 13-də Bakıda Azərbaycan Milli 
						Konservatoriyasının yeni inzibati-tədris kompleksinin 
						açılışı olmuşdur. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
						xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. 
						
						Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən 
						lenti kəsdi. 
						
						Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə 
						imzaladığı Fərmanla yaranan Azərbaycan Milli 
						Konservatoriyası müstəqillik dövründə fəaliyyətə 
						başlayan ilk ali məktəblərdən biridir. Milli 
						Konservatoriya milli mədəniyyətin öyrənilməsi, tədrisi 
						və ixtisaslaşması kimi məsələlərin ölkəmizin 
						ictimai-mədəni həyatında aktuallıq kəsb etdiyi bir 
						vaxtda meydana gəldi. Elə həmin dövrdə muğam, milli alət 
						ifaçılığı üzrə ali təhsilli kadrlara, muğamların nəzəri 
						tədqiqinə və tətbiqinə yeni yanaşma zərurətinin ortaya 
						çıxması Milli Konservatoriya ideyası ilə vəhdət təşkil 
						etdi. Ulu öndərin 2001-ci il 10 avqust tarixli 
						"Azərbaycan Milli Konservatoriyasının maddi-texniki 
						bazasının yaradılması haqqında" sərəncamı ilə Bakı 
						Musiqi Kolleci və respublika İncəsənət Gimnaziyası Milli 
						Konservatoriyanın tərkibinə daxil edildi. Beləliklə, 
						ümummilli lider Heydər Əliyevin təhsilin və mədəniyyətin 
						inkişafına göstərdiyi qayğı yeni tarixi dövrdə xalqımıza 
						daha bir təhsil ocağını - Milli Konservatoriyanı bəxş 
						etdi. 
						
						
						 Sonrakı 
						dövrdə Milli Konservatoriyanın fəaliyyəti dövlətimizin 
						başçısı İlham Əliyevin diqqətindən kənarda qalmadı. 
						2006-cı ildən Milli Konservatoriyanın yeni 
						inzibati-tədris kompleksinin tikintisinə başlandı. 
						2012-ci ildə Prezident İlham Əliyev bu təhsil ocağının 
						inşası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam 
						imzaladı və müvafiq maliyyə vəsaiti ayrıldı. Bütün 
						bunlar da ondan irəli gəldi ki, dövlətimizin başçısı 
						ölkədə mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır, 
						son illərdə bu sahənin tərəqqisi istiqamətində həyata 
						keçirilən tədbirlər mühüm uğurlarla müşayiət olunur. 
						Bütün ölkə miqyasında mədəniyyət ocaqları yenidən 
						qurulur, qədim tarixi abidələrimizə yeni həyat verilir, 
						mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial 
						vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli 
						addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə 
						həyata keçirilən bu işlərə Heydər Əliyev Fondunun 
						prezidenti Mehriban Əliyeva da öz layihələri ilə dəstək 
						verir. Azərbaycan mədəniyyətinin dünya miqyasında 
						təbliği, milli muğam sənətinin yaşadılması ilə bağlı 
						görülən işlər indi ölkəmizin beynəlxalq imicinin 
						formalaşmasında mühüm rol oynayır. 
						
						Dövlətimizin başçısına məlumat verən Azərbaycan Milli 
						Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi 
						bildirdi ki, binada tədrisin yüksək səviyyədə aparılması 
						üçün hər cür şərait yaradılmışdır. Burada xalqımızın 
						ümummilli lideri Heydər Əliyevin və Prezident İlham 
						Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı 
						həyata keçirdikləri işləri əks etdirən muzey 
						yaradılmışdır. Muzeydə həm ulu öndərin, həm də 
						dövlətimizin başçısının müxtəlif mədəniyyət 
						tədbirlərində iştirakından və incəsənət xadimləri ilə 
						görüşlərindən çəkilmiş fotoşəkillərə geniş yer 
						verilmişdir. 
						
						
						 Milli 
						Konservatoriyanın kitabxanası da zəruri ədəbiyyatla 
						təchiz olunaraq tələbələrin istifadəsinə verilmişdir. 
						Lazımi avadanlıqla təmin edilən sinif otaqlarında tədris 
						prosesinin yüksək səviyyədə aparılması üçün hər cür 
						şərait yaradılmışdır. Tələbələrin ixtiyarında olacaq 
						idman zalında da müxtəlif yarışların keçirilməsi üçün 
						hər cür imkan vardır. 
						
						Azərbaycan Milli Konservatoriyası ifaçılıq və 
						tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu 
						fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət 
						göstərir. Hazırda 287 tələbənin təhsil aldığı 
						konservatoriyanın yeni binası 1000 tələbənin burada 
						oxumasına imkan verir. Azərbaycan Milli 
						Konservatoriyasının professor-müəllim heyətinin tərkibi 
						xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar 
						dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və 
						ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. 
						Milli Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi 
						məqsədilə "Milli musiqinin tətbiqi" və "Milli musiqi 
						alətlərinin araşdırılması" elmi laboratoriyaları 
						yaradılmışdır. Bu laboratoriyalarda qədim xalq çalğı 
						alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların 
						ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. 
						Elmi-praktik fəaliyyətin çox ciddi istiqamətlərindən 
						biri xalq musiqisi nümunələrinin toplanılması, 
						sənədləşdirilməsi, nota yazılması və tədrisdə istifadə 
						edilməsidir. 
						
						Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 
						Milli Konservatoriyanın müəllim heyəti, görkəmli 
						mədəniyyət xadimləri ilə görüşdülər. 
						
						
						 Dövlətimizin 
						başçısı Azərbaycan Milli Konservatoriyasının yeni 
						binasının açılışı münasibətilə təbriklərini çatdırdı. 
						
						Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı 
						bir çox mühüm tədbirlərin həyata keçirildiyini deyən 
						Prezident İlham Əliyev qeyd etdi ki, milli mənəvi 
						dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli 
						musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bununla 
						bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini 
						verir. 
						
						Bu sırada muğam sənətinin yaşadılması və gələcək 
						nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir 
						edən dövlətimizin başçısı gənc istedadların üzə 
						çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin 
						əhəmiyyətini vurğuladı. 
						
						Prezident İlham Əliyev bir daha gənclərdə Vətənə və 
						milli mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi 
						istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin 
						düşdüyünü diqqətə çatdıraraq vurğuladı ki, milli 
						musiqinin inkişafında xidmətləri olan şəxslər 
						Azərbaycanın milli sərvətidir. 
						
						Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan 
						Abdullayev Prezident İlham Əliyevə və xanımı Mehriban 
						Əliyevaya milli mədəniyyətin inkişafına göstərdikləri 
						diqqət və qayğıya görə minnətdarlıq etdilər. 
						
						Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 
						mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət 
						mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli 
						musiqinin inkişafının prioritet olduğunu vurğuladı. 
						
						Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş 
						Kərimi son illərdə bu təhsil ocağında həyata keçirilən 
						layihələrdən danışdı, milli musiqiyə, muğama marağın 
						artdığını bildirdi. 
						
						Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi 
						alətlərimiz olan tar və kamança hədiyyə olundu. 
						
						Mərasimdə gənc musiqiçilərin ifasında muğam səsləndi. 
						
						Sonra xatirə şəkli çəkdirildi.  
						
						Daha sonra Prezident İlham Əliyevə Milli 
						Konservatoriyanın maketi təqdim olundu, gələcəkdə burada 
						görüləcək işlər barədə məlumat verildi. 
						
						Dövlətimizin başçısı yeməkxanada yaradılan şəraitlə də 
						tanış oldu. Qeyd edildi ki, binanın daxilində yüksək 
						zövqlə tərtib olunan üzgüçülük hovuzu da qurulmuşdur.  
						
						
						AzərTAc |