Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Psixoloq məsləhəti

Uşaqlıq dövründə hansı qorxular normal olaraq qəbul edilir?

 

Hüseyn XƏLİLOV,

Qafqaz Universitetinin psixoloqu 

İnsanlarda müəyyən vəziyyətdə və şəraitdə yaranan qorxu hissi "fobiya" adlanır. Mütəxəssislərin fikrincə, fobiyaların yaranmasına əsas səbəb insanın uşaqlıq illərində keçirdiyi sarsıntı, yaxud onu dərindən təsirləndirən hadisələr ola bilər. Həyatın müxtəlif mərhələlərində fobiyalar dəyişə də bilər. Məsələn, körpə uşaqlar ilk vaxtlar yüksək səsdən qorxurlar. Zamanla bu hiss öz yerini başqa qorxulara verir. Hətta fobiyası olmayan insanda belə, müəyyən yaş dövründən sonra bu hiss yarana bilər.

Uşaqlarda fobiya tez-tez rast gəlinən bir vəziyyətdir. Uşaqların 90%-nin 2-14 yaşları arasında ən azı bir fobiyasının olduğunu göstərən tədqiqatlar var. Aparılan  tədqiqatlara görə, 0-2 yaş arası: yüksək səs, yad şəxslər, ata-anadan ayrı qalma və böyük obyektlərlə əlaqədar qorxular; 3-6 yaş arası: canavarlar, qarabasmalar, qaranlıq, tək  yatmaq, tanımadıqları səslərlə əlaqədar qorxular; 7-16 yaş arası: yaralanma, xəstəlik, məktəb nailiyyəti, ölüm və təbii fəlakətlər kimi daha gerçək qorxular bir çox uşağın ortaq qorxusudur. Əgər uşağınızın qorxuları onun gündəlik həyatına təsir etmirsə, müalicəyə ehtiyac yoxdur. Lakin ictimai fəaliyyətləri, məktəb performansı və yuxu nizamına ciddi  təsir edirsə, professional kömək alınması lazımdır.  

Qorxudan - fobiyaya  

Hər canlı, fərd olaraq varlığını təhdid edən, ya da təhdid riski daşıyan vəziyyətlərdən daxilən çəkinir. İnsan şüurunda bu qaçınma, qorxu hesab edilməkdədir. Qorxu bu halıyla, adamın varlığını, həyatını davam etdirməsinə xidmət edən özünümüdafiəetmə sistemlərinin bir ön-xəbərdarlıq mexanizmidir və yaşaya bilməsi üçün lazımlıdır. Məsələn, hər insan çox, ya da az ölçüdə itdən qorxur. Hətta ölümə səbəb ola biləcək bir təhlükə qaynağı ola biləcək itdən qorxmaq, normaldır və lazımlıdır. Bir itdən gələ biləcək təhlükə üçün lazım olan tədbirləri görmək bu qorxunun öhdəsindən gələ bilmək, beləcə bir itlə fiziki, ya da romantik təmas qura bilmək səviyyəsində tutula bilən it qorxusu, xəstəlikli bir vəziyyət olaraq qəbul edilə bilməz. Çünki bu halıyla, adamın idarəsindən çıxmış, onun hisslərinə hökm edən, nəticədə gündəlik həyatına mənfi istiqamətdə təsir edən bir duyğu durumu deyil.

Qorxunun, "kontroldan çıxması", həyatın davam etdirilməsi üçün lazımlı olan bir ön-xəbərdarlıq sistemiylə uyğunlaşma təmin edilə bilməməsi mənasındadır. İnsan, o qorxunun, onu qaçınmağa məcbur etdiyi vəziyyətlərdən qaçınmağı təmin edə bilmir, ya da bu qaçınma, onu duyğusal olaraq rahatlaşdırmır. Yenə narahatlıq və qorxu içindədir və bu təlaş onun gündəlik həyatını istədiyi tərzdə davam etdirməsinə imkan vermir. Onun sanki öz xaricində işləyən bir mexanizm kimi, öz hisslərinə hökm edən bir xarici təsir kimi funksiya göstərir. Bu halıyla, həyata xidmət edən qorxu, həyata qarşı olan fobiyaya çevrilir.

Müəyyən bir varlığa və vəziyyətə bağlana bilməyən fobiyalar da vardır. Hər şeydən əvvəl, fərdin varlığını təhdid edən bir çox xarici ünsür olduğuna görə, bir çox qorxu və fobiya da vardır. Ancaq adamın varlığını təhdid edən xarici ünsürlər bəzən müəyyən bir varlıq, ya da vəziyyətə bağlı olmurlar. Adamın, ümumi mənada öz varlığını təhdid altında qəbul etməsi vəziyyətində, onun şüur altında əks olunan, bu təyin olunmamış bir obyekt, ya da vəziyyətlə əlaqələndirilməmiş, naməlum təlaş, adamın şüur altında işləyən bir mexanizmlə təyin oluna bilən bir qorxu halına çevrilir. Qorxu halına çevrildiyi anda da, ümumi bir təlaş olması nəticəsində fobiyaya çevrilir. 

Ailə münaqişələrinin uşaqlarda doğurduğu fəsadlar 

Ailədə yaşanan psixoloji problemlər, sıxıntılar, valideynlərin mübahisələri bir-birinə və uşaqlara qarşı olan soyuq münasibət, valideynlər tərəfindən atılması kimi balacaların həll edə bilmədikləri böyük problemlər onların həyatına, dünyanı dərk etməsinə təsirsiz ötüşmür. Problemli ailələrdən olan uşaqlar, hətta həmyaşıdlarından daha bacarıqlı olsalar da, özlərinə tənqidi yanaşır, özünə qapanır.

Belə uşaqların valideynləri daim öz problemlərini həll etməklə məşğul olduqlarından, uşaqlarına lazımi diqqət və qayğını verə bilmir, onları tərifləmirlər. Belə valideynlər həyatdan küskün olduqları üçün uşaqların tərbiyəsi ilə maraqlanmırlar. Uşaqları valideynlər deyil, düşdükləri problemlər və mühit tərbiyə edir. Tərif, əzizləmə və sevgi etirafları əvəzinə belə uşaqlar valideynlərinin mübahisələrini, onlara qarşı yönələn tənqidləri eşidirlər. Artıq uşaqlıqdan özünü bəyənməyən, özünə nifrət edən çətin uşaqlar böyüyəndə də öz güclərinə inana bilmirlər.

Xüsusilə də natamam ailələrdə, yalnız ananın və ya atanın iştirakı ilə tərbiyə olunan ailələrdə uşaqlarda nevroz, fobiya və kompleks kimi problemlər müşahidə olunur. Bu problemlər xüsusilə də ayrılan valideynlərin uşaqların yanında daim bir-birini pisləməsi zamanı daha da qabarır. Uşaqlarda valideynlərdən birinə qarşı nifrət və aqressiya oyanır. Belə uşaqlar özünü atılmış və valideynlərdən biri tərəfindən sevilmədiyi üçün qüsurlu hiss edir. Bəzən isə elə olur ki, uşaqlar hər iki valideynin himayəsi altında böyüsə də, valideynlərdən biri uşağa az diqqət göstərir. Belə olan halda da uşaqlar psixoloji sarsıntıdan əziyyət çəkirlər.

Uşaqlığı çətin keçən adamlar kimdənsə kömək də istəyə bilmirlər. Ona görə ki, onlar kiminsə onlara kömək edəcəyinə inanmırlar. Bu tip adamlar problemlərini özləri həll edir. Onlar düşünürlər ki, heç kimə etibar etmək olmaz, hər şeyi özləri etməlidirlər. Bu cür fikirlər vaxtilə valideynləri onların köməyinə gəlmədiyi üçün formalaşıb. Lakin belə uşaqlar, uşaqlığı rahat keçənlərə nisbətən stress vəziyyətinə düşdükdə tez adaptasiya olurlar. Onlar böyüdükdə çətinliklərlə daha yaxşı mübarizə apara bilirlər. Adətən belə adamlar stressə davamlı və məqsədyönlü olurlar. Sakitlik, stabillik isə onları qorxudur. Belə uşaqlar hər şeyin yaxşı olmağını rahat qarşılamırlar. Çünki onların uşaqlığı çətinliklərlə, əziyyətlərlə keçib. Onlara elə gəlir ki, sakit və xoşbəxt həyat mümkün deyil. Bu hal tez keçəcək və hər şey gözlənilməz surətdə dəyişəcək.

Onlar şəxsi münasibətlərini də düzgün qura bilmirlər. Uyğun adam seçə bilməyən belə adamlar istəməsələr belə, öz uşaqlarını da problemlər içində böyütməli olurlar. Belə insanlar uşaqlıqda özləri streslə üzləşdiyi üçün bunu uşaqlarına yaşatmaqdan qorxurlar. Onlar uşaqlıqda da hər şeyə görə özləri cavabdeh olduqları üçün böyüdükdən sonra da bütün gücü öz üzərinə götürməyə çalışırlar. Düşünürlər ki, hər şeyi yalnız özləri yaxşı həll edə bilərlər.

Psixoloqlar qeyd edirlər ki, uşaqlıqda zorakılığa məruz qalan, valideynləri narkotik maddələrdən və ya spirtli içkilərdən asılı olan və ya sadəcə, diqqətsiz qalan uşaqların psixoloji problemləri  rahat  həyat  sürən  uşaqlara nisbətən  daha  çox  olur.  Belə  uşaqlarda zorakılığa meyil, autizm və başqa fobiyalar da özünü göstərir. Sevilmədiyi, diqqətsiz qaldığı üçün uşaqlıqdan onlarda komplekslər də formalaşır. Bəzən onlar ömür boyu bu komplekslərinə qalib gələ də bilmirlər. Problemli ailədən olan uşaqlar yaşa dolduqdan sonra kənardan uğurlu görünsələr də, uşaqlıqda yaşadıqları həyəcanı, kədəri unuda bilmir və daxilində gizlətməli olurlar.  

Uşaqlarda qorxu fobiyaya nə zaman çevrilə bilər? 

Uşaqlarda qorxu o zaman fobiyaya çevrilə bilər ki, məsələn uşaq bir heyvandan qorxur və həmin  heyvan uşağı dişləyirsə bu, uşaqda artıq fobiyaya çevrilmiş olur. Digər tərəfdən, uşaqlarda bu qorxu var və o, bu qorxu haqqında təcrübə qazanmışdır. Məsələn, ilan görüb və bu ilan ona toxunubsa, hörümçək onun əlini dişləyibsə, arı sancması olubsa və o uşaq qorxunun olması üçün təcrübə yaşayıbsa, bu artıq onda fobiyaya çevrilmiş olur. 

Uşaqlarda posttravmatik streslərin xüsusiyyətləri 

Məlumdur ki, stress uşaqarda daha ciddi fəsadlar törədir. Çünki uşaqlar yaşadıqları dərd haqqında məlumat verə bilmir. Uşaqlar ailədə və cəmiyyətdə əhalinin qayğıya, köməyə  və himayəyə daha çox ehtiyac duyan təbəqəsi sayılırlar. Bununla yanaşı, onlar da böyüklər kimi, təbii və texniki fəlakət zonalarında ağır fiziki və psixoloji sarsıntılara məruz qalır, hərbi əməliyyatların şahidi olur, girova çevrilirlər. Eyni zamanda, uzunmüddətli xəstəliklər və müxtəlif səbəblərdən xəstəxanaya düşmək uşaqlarda travmatik simptomların yaranmasına səbəb ola bilər. Burada sadalanan amilləri nəzərdən keçirərək təhlil edək.

Uşaqlarda fobiya və stress yaradan ən ciddi hadisə müharibə və onun dəhşətləridir. Faktlar göstərir ki, hərbi döyüş əməliyyatları ilə bağlı olan hadisələr uşaqların həyatına və sağlamlığına böyük zərbə vurur. Aparılmış tədqiqatların təhlilindən çıxış edib, onu aşağıdakı kimi qruplaşdıra bilərik.

1. uşağın və onun yaxınlarının həyatının və sağlamlığının bilavasitə təhlükə ilə üzləşməsi;

2. valideynlərini və yaxınlarını itirmək;

3. uşağın fiziki travmaya məruz qalması.

Uşaqlar çox vaxt öz həyatlarında baş vermiş hadisə ilə bağlı hər hansı səbəb olmadan günahkarlıq və narahatlıq hissi keçirirlər. Şübhəsiz ki, uşağın yaş dövründən asılı olaraq, bu xüsusiyyətlər fərqli şəkildə özünü büruzə verir. Məktəb yaşına qədər uşaqlarda bu qəbildən olan travmatik vəziyyətlərin tipik xüsusiyyətləri reqressiv davranışda özünü göstərir. Bu zaman uşaqlar valideynlər və yad adamlar qarşısında səbəbi bilinməyən qorxu hissi keçirir, əldə etdikləri vərdişləri itirir, təlqinə, kənar təsirlərə qarşı həssas olurlar.

Psixi inkişaf psixoloji xassələrin davamlılığı, sabitliyi ilə sıx bağlıdır. Bu həmin xassələrin şəxsiyyətin daimi əlamətlərinə çevrilməsi prosesində özünü göstərir. Uşağın inkişafının ayrı-ayrı mərhələlərində psixikanın bu və ya digər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Bu şəraitlərdən bəzisi müvəqqəti, keçici xarakter daşıyır. Belə ki, psixi xassələr və xüsusiyyətlər yaş dövrlərindən əhəmiyyətli dərəcədə asılıdır.

Nisbətən böyük yaşlı uşaqlarda isə bu, daha çox təhsil və ünsiyyətlə bağlı problemlərdə özünü göstərir. Depressiyadan aqressiyaya qədər müxtəlif davranış pozuntuları onlar üçün xarakterik əlamətdir. Belə uşaqlarda müxtəlif somatik xəstəliklər də özünü büruzə verir. Müharibə şəraitində valideynlərindən uzun müddət aralı düşən uşaqlarda depressiya, razılıq hiss etmək qabiliyyətinin olmaması, sosial əlaqələrin pozulması halları baş verir.

Ümumiyyətlə, uşaqların  şahid olduğu həyatı təhdidedici bir hadisədən sonra inkişaf edən qayğı belirtiləri, hadisəyə bağlı qaçınma davranışları  və qorxu reaksiyalarını ehtiva edir. Bu hər hansı bir ölüm hadisəsini, təbii fəlakət, hər hansı bir qəza və buna bənzər adamı və həyatı təhdidedici bir hadisədən sonra illər içərisində inkişaf edə bilər. Uşaq belə bir vəziyyət qarşısında reaksiyasız və çarəsiz qalmış ola bilər.

Ümumiyyətlə, məruz qalınan hadisə ilə əlaqədar kabuslar, yaşanılan hadisənin yeri, ildönümü və onu xatırladan şeylərdən qaçış və onunla əlaqədar qorxular, yuxunun pozulması, pessimist düşüncələr, qayğı, qıcıqlanma, o hadisənin təkrar yaşanma qorxusu, uşağı o hadisə ilə əlaqədar narahat edən düşüncələr şəklində şikayətlənmələr olar.

 Uşaqlarda saçkəsdirmə qorxusu 

Bəzi insanların saç kəsdirmək kimi qorxuları əvvəlki təcrübədən qaynaqlanır. Daha doğrusu bu qorxu  pis bir təcrübə ilə bağlı olur və nəticədə fobiya halına gələ bilir.  Uşaqları məcburi şəkildə stola otuzdurub ağlaya-ağlaya saçlarını kəsdirmək çox yanlış bir hərəkətdir. Çünki uşaqlar bu zaman saç kəsdirmək prosesinə daha çox nifrət edirlər. Ümumiyyətlə, uşaqları nəyəsə məcbur etmək və hansısa işi zorla gördürmək olmaz.

Xüsusilə də ilk dəfə saç kəsdirən uşaqlara qarşı ehtiyatlı davranmaq lazımdır.  Saç kəsən alətlər uşaqları qorxuda və ağlamağa məcbur edə bilər. Həmin alətləri gördükdə uşaqlar qəribə bir sıxıntı keçirir. Valideynlərin "Qorxma, heç nə olmayacaq və incitməyəcək" deməsi onları daha da təşvişə salır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov