Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Beynəlxalq təhsil xəbərləri

 

YUNESKO: Dünyada uşaqların təhsil səviyyəsi aşağı düşür 

YUNESKO (Təhsil, Elm, Mədəniyyət Təşkilatı)  dünyanın bir sıra ölkələrində uşaqların təhsil  səviyyəsinin aşağı düşməsi barədə hesabat yayıb. Təşkilatın hesabatında qeyd olunur ki, bütün dünyada 250 milyona yaxın uşaq hətta oxumaq, yazmaq və hesablamaq kimi elementar vərdişlərə malik deyil.  Eyni zamanda sənəddə dünya ölkələrinin 1/3-də müəllimlərin 25 faizinin aşağı hazırlıq səviyyəsində olduğu bildirilir. YUNESKO qeyd edir ki,   təhsil sahəsində qlobal böhran bəşəriyyətə 129 milyard dollara başa gələcək.  Yoxsul ölkələrdə 150 milyon gənc hətta bir cümlə belə oxuya bilmir.  Bir çox uşaq məktəbə gedir, lakin onlar  minimal həyati  vərdişlərə yiyələnə bilmirlər,  bu isə özünü böyük iqtisadi itkilərdə göstərir. Əgər bu tendensiya davam edərsə,  yoxsul ölkələrdən olan gənc qadınlar arasında savadsızlığın ləğvi  yalnız  2072-ci ildə  mümkün olacaq. YUNESKO-nun rəsmi  nümayəndəsi  Vibek Yensenin sözlərinə görə, bütün bunların səbəbi  peşəkar müəllimlərin  çatışmamasıdır. "Məktəbə gedən uşaqların sayı çox olsa da təhsilin keyfiyyəti azalıb. Hazırda bütün diqqət buna yönəldilməlidir".

  YUNESKO-nun Baş direktoru  İrina Bokova bəyan edib ki,  gənc nəslin taleyi müəllimlərin əlindədir. Bu gün onların sayı isə fəlakətli dərəcədə çatışmır. 2015-ci ildə əlavə 5,2 milyon müəllimə ehtiyac yaranacaq.


Amerikalı tələbələr Britaniyanı seçir

Son  4 il ərzində Böyük Britaniyada bakalavr təhsili almaq istəyən amerikalıların sayı 30 faiz artıb.  Bu barədə ABŞ-ın Ali təhsilin statistikası agentliyi xəbər yayıb. Məlumata görə, 2012-2013-cü illərdə Britaniyada bakalavr təhsili alan amerikalıların sayı 4346 nəfərlə ən yüksək göstəriciyə çatıb. Bu isə  ötənilki göstəricidən 4 faiz çoxdur. Deməli, 2008-2009-cu illərdən indiyədək Britaniyada bakalavr təhsili almaq istəyən amerikalıların sayı 28 faiz artıb. 2014-2015-ci illərdə Britaniyada oxumaq üçün müraciət edənlərin sayı isə 8 faiz artıb. Gələn il burada təhsil almaq üçün 2933 amerikalı tələbə 10500 müraciət göndərib. ABŞ-dakı "British Council" təşkilatının direktoru Pol Smit bildirib ki, Britaniyanı seçən tələbələr təkcə keyfiyyətli təhsildən deyil, həmçinin gələcək karyeraları üçün beynəlxalq təcrübədən yararlanacaqlar.

"Düşünürdüm ki, mənim üçün ən münasibi Böyük Britaniya universitetləridir. Xoşladığım fənləri burada elə əvvəldən yaxşı öyrənə bilərəm", - deyə Endryus Universitetinin  tələbəsi Miko Braun bildirib.   Xatırladaq ki, post-bakalavr da daxil olmaqla, təhsilin bütün səviyyələri üzrə ötən il Britaniya universitetlərində oxuyan amerikalı tələbələrin sayı 16233 nəfər olub. Bu, ötən 4 illə müqayisədə 13 faiz artım deməkdir. Eyni dövrlər üzrə İngiltərə və Şotlandiya üçün göstəricilər müvafiq olaraq 14 və 17 faiz artıb.

Qeyd edək ki, beynəlxalq tələbələrin ödədiyi təhsil haqqı və yaşayış xərcləri hesabına Britaniya iqtisadiyyatına 10.2 milyard funt-sterlinq xeyir gəlib. Biznes innovasiyası və qabiliyyət göstəriciləri şöbəsinə görə,  AB-yə daxil olmayan   ölkələrdən Britaniyaya gələn tələbələrin 5 faizi amerikalıdır.

ABŞ tələbələrinin ən çox seçdiyi ilk 5 universitet isə bunlardır:  Endryus Universiteti, Oksford Universiteti, Edinburq Universiteti, London Universitet  Kolleci və Uestminister Universiteti.


Britaniya əcnəbi tələbələr üçün yeni qaydalar tətbiq edir

Böyük Britaniyada təhsil alan əcnəbi tələbələr oxuduqları müddət ərzində mümkün tibbi xidmətlərə görə əlavə pul ödəməli olacaqlar. Səhiyyə təşkilatının (National Health Service -NHS) məlumatına görə, yeni qaydalar 6 aylıq qısamüddətli kurslarda, eləcə də 6 aydan 11 aya kimi bu ölkədə yaşamaq vizası olan şəxslərə şamil olunacaq.  Qaydalara əsasən, Avropa Birliyinə daxil olmayan ölkələrdən olan və Britaniyada 6 ay müddətində təhsil alan əcnəbi tələbələr də təklif olunan tibbi xidmətlərə görə daha yüksək ödəmələr etməlidirlər. Tələbə mübadilə proqramı üzrə təhsil alanlar ildə 150 funt-sterlinq ödəməlidirlər. Bir sıra ekspertlər narahatçılıqla bildirirlər ki, bu cür qaydalar  Böyük Britaniyada təhsil alan xarici tələbələrin sayına mənfi təsir göstərəcək. Bu halda əldə olunacaq gəlir mümkün itkiləri doğrulda bilməyəcək.


İsveçdə xarici tələbələrin sayı azalıb

İsveçin ali məktəblərində oxuyan xarici tələbələrin sayı 80 faiz azalıb. Bunun əsas səbəbi kimi Avropa Birliyinə  daxil olmayan ölkələrdən gələn tələbələr üçün pullu təhsil sisteminin tətbiq olunmasıdır.  İlk növbədə, texniki universitetlərdə təhsil alan xarici tələbələrin sayı azalıb.  Ölkənin "Astra Zeneca", "Scania" və "Volvo" kimi iri şirkətlərinin rəhbərləri,  eləcə də Geteborq Universitetinin və Stokholmdakı Ali Kral Texnik Məktəbinin rektorları da bəyan ediblər ki, İsveç xaricdən daha çox tələbə cəlb etməlidir. Əcnəbi tələbələrin 85 faizi ali məktəbi bitirdikdən sonra İsveçdə qalıb işləməyi arzu edir. Lakin onların heç də hamısı işlə təmin oluna bilmir. İsveçdə ali məktəb məzunu yalnız universiteti başa vurana qədər  iş tapa bildiyi təqdirdə bu ölkədə  yaşamaq vizası ala bilər. Bu isə nadir hallarda baş verir. "İsveç radiosu"nun verdiyi məlumata görə, əcnəbi tələbələrin yalnız 17 faizi ölkədə qala bilir.      

 Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

Xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov