Kolumbiya Universitetində təhsil alan azərbaycanlı
tələbə ilə söhbət
Həsənova
Qərənfil Vaqif qızı 1991-ci ildə Lənkəran rayonunun
Veravul kəndində anadan olub. Orta təhsil illərinə
xüsusi imtahan verərək birbaşa II sinifdən başlayıb.
Əvvəlcə Veravul 2 nömrəli tam orta məktəbində, sonra
isə Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada
oxuyub. İlk təhsilini 4 nömrəli məktəb-liseydə başa
vurub. ABŞ Dövlət Departamenti tərəfindən
maliyyələşdirilən və keçmiş sovet respublikalarından
olan 15-17 yaşlı gənclər üçün nəzərdə tutulan FLEX
(Future Leaders Exchange Program - "Gələcək Liderlər
Mübadilə Proqramı") proqramının 2007-ci il üzrə
müsabiqəsinin qalibi olub. Müsabiqənin nəticəsi olaraq
bir il Amerikada təhsil almaq şansı qazanıb. Beləliklə
də Azərbaycanda orta məktəbi bitirdikdən sonra
2007-2008-ci tədris ilində Amerikanın Pensilvaniya
ştatında New Oxford High School-da XII sinifdə
oxuyaraq bu məktəbin də diplomunu əldə edib. Elə həmin
ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul
olunub. ABŞ-da təhsil aldığı bir il müddətində də
ciddi uğurları ilə fərqlənib. Onların arasında ən
önəmlisi isə yaşadığı şəhərdə konüllülük fəaliyyətinə
və Azərbaycanın mədəniyyətini uğurla təmsil etməsinə
görə ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən
"Prezidentin fəxri döş nişanı" ilə təltif edilən
gənclərdən biri olması olub. Hazırda "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində Kolumbiya
Universitetinin Beynəlxalq və İctimai Əlaqələr
Məktəbində magistr pilləsi üzrə təhsil alır. Xaricdə
təhsil alan ən fəal tələbələrimizdən biri kimi Qərənfil
Həsənova ilə söhbətimizə ilk növbədə onda elmə, oxumağa
marağın necə yaranmasından başladıq.
- Uşaq vaxtlarımdan ətrafımda yaşıdım az olduğundan
kitablar ən yaxın dostlarım idi. Anam həm orta məktəbdə,
həm də universitetdə dərs deyirdi və çox vaxt məni də
özü ilə işə aparırdı. Beləliklə də mən eyni zamanda həm
sinif otaqlarında, həm də ali məktəb auditoriyalarında
müxtəlif mövzulu, müxtəlif səviyyəli dərslərin
iştirakçısı olurdum. Buna görə də orta məktəbə gedənə
qədər artıq Azərbaycan, rus və ingilis dillərində 50-dən
artıq kitab oxumuşdum. Yadımdadır, bir dəfə anam
universitetdə qeyri-ixtisas qrupları üçün keçirilən
dövlət imtahan komissiyasında iştirak edən vaxt məni də
özü ilə aparmışdı. Tələbələr cavab verdikcə mətnlər və
sözlər mənə çox asan gəldi və anama gizlicə dedim ki,
mən də imtahanda iştirak etmək istəyirəm. Komissiya
üzvləri mənim istəyimi çox təəccüblə qarşıladılar və
mənə bilet çəkməyə icazə verdilər. Bir qədər sonra isə
mənim "İmtahan vərəqimə" yekdilliklə "5" (əla) yazıldı.
O vaxt mənim cəmi 6 yaşım var idi. Artıq saralmış bu
vərəq hələ də mənim üçün ən önəmli "sertifikat"lardan
biri sayılır.
- Orta məktəb illərini, ilk dərsləri necə
xatırlayırsınız?
- Orta məktəbə getməmişdən öncə artıq 3 dildə yazıb
oxumağı bacarırdım. Buna görə də 6 yaşım tamam olanda
yaşıdlarımla birlikdə birinci sinif şagirdi kimi
əlifbanı öyrənmək mənə çox darıxdırıcı gəldi. Məktəbdə
ilk gündən sonra evə gəlib anama bir daha ora
qayıtmayacağımı söylədim. Fikrimdən daşındırmaq
məqsədilə növbəti gün anam məni ikinci sinfə apardı ki,
dərslərin çətinliklərindən qorxub birinci sinfə qayıdım.
Amma tam əksi baş verdi - həm dərslərin səviyyəsi, həm
də sinif yoldaşlarım daha çox xoşuma gəldi və həmin
sinifdə qalmaq istədiyimi anama bildirdim. Bir neçə ay
sonra isə rayon təhsil şöbəsinin təşkil etdiyi xüsusi
imtahanı müvəffəqiyyətlə verərək rəsmən ikinci sinfə
qəbul olundum. Orta məktəbdə təhsil aldığım müddətdə
çalışdım ki, təhsilimlə yanaşı, digər sahələrdə də
fəaliyyətim olsun. Bir neçə dəfə o vaxt Lənkəran
şəhərində çap olunan "Söz" jurnalında, o cümlədən
məktəblilərin sevə-sevə oxuduqları "Tumurcuq" və
"Şəkərvilla" qəzetlərində ingilis dilindən tərcümə
etdiyim hekayələr nəşr olunmuşdu. Eyni zamanda
məktəbimizin şahmat və voleybol komandalarının da üzvü
idim.
- Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili
üçün tələbələrin seçim prosesi yaddaşınızda necə qalıb?
- İlk dəfə idi ki, xaricdə təhsil üzrə Dövlət
Proqramının seçim turlarında iştirak edirdim. Sənəd
qəbulundan tutmuş müsahibə mərhələsinə kimi həm Təhsil
Nazirliyinin əməkdaşlarının, həm də könüllü olaraq
nazirlikdə çalışan Xaricdə Təhsil Alan və Məzun Olmuş
Tələbələrin Beynəlxalq Forumunun (ASAİF) üzvlərinin öz
işlərinə necə məsuliyyətlə yanaşmaları, seçim prosesində
iştirak edən gənclərin hər bir sual və çoxsaylı
müraciətlərini, dəfələrlə soruşmalarına baxmayaraq,
təmkinlə cavablandırmaları məni müsbət mənada
təəccübləndirdi. Bizə göstərilən bu yüksək etimada görə
Azərbaycan dövlətinə minnətdarlıq edirəm.
- Xarici ölkədən baxdıqda Azərbaycan təhsilini, Təhsil
Nazirliyinin apardığı işi necə görürsünüz?
- Əminliklə deyə bilərəm ki, məzunu olduğum Azərbaycan
Dövlət İqtisad Universitetinin bizə verdiyi təhsil istər
müəllimlərin professionallığı, istərsə də istifadə
olunan tədris materialları baxımından Qərb təhsil
sistemindən heç də geri qalmır. Zənnimcə, Amerikada orta
məktəbdə təhsil alan digər həmyerlilərimiz də təsdiqləyə
bilər ki, bizim aldığımız təhsil amerikalı şagirdlərin
təhsilindən qat-qat üstündür. Pensilvaniyada təhsil
aldığım zaman dəfələrlə bizim məktəblərdə tədris olunan
coğrafiya, riyaziyyat və digər fənlərin daha güclü
olduğunun şahidi olmuşdum. Xarici universitetlərin və
məktəblərin əsas üstünlükləri ondadır ki, onlar
nəzəriyyə ilə yanaşı, təcrübəyə də çox önəm verirlər.
Əgər bizim məktəblərdə də şagirdlərimiz kimyəvi
reaksiyaları laboratoriyada özləri tətbiq etsələr,
zoologiya dərslərində öyrəndiklərini heyvanlar üzərində
kiçik əməliyyatlar vasitəsilə həyata keçirsələr və ya üç
ay ərzində öyrəndikləri fransız dili biliklərini
Fransaya səyahət edərək orada sınaqdan keçirsələr
təhsilimizin səviyyəsi qat-qat üstün olar.
Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" təhsil sistemimizin daha da inkişaf
etdirilməsinə xidmət edən hədəflərin reallaşdırılmasını
zəruri edir. Təhsil Nazirliyinin strategiya sənədində
əksini tapmış vəzifələrin həlli istiqamətində
fəaliyyəti olduqca təqdirəlayiqdir.
- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə
baxırsınız?
- Əlbəttə, gənclərimizin xaricdə təhsil almaq istəkləri
çox təqdirəlayiq bir haldır. Deməli, yüksək təhsili
dəyərləndirirlər. Lakin xaricdə təhsil almağa hazır
olmaq çox vacibdir. Çünki xaricdə oxumaq bəzilərinin
düşündüyü kimi səyahət xarakteri daşımır. Bir də çox
istərdim ki, xaricdə təhsil alan gənclərin böyük
əksəriyyəti təhsillərini başa vurduqdan sonra ölkəyə
qayıtsınlar və xaricdə əldə etdikləri bilikləri,
təcrübəni ölkənin inkişafı naminə tətbiq etsinlər. Onda
Azərbaycan daha da inkişaf edər və bəlkə də gələcək
nəsillərin təhsil almaq üçün xaricə üz tutmalarına belə
ehtiyac olmaz.
- Sizin üçün Amerikanın nüfuzlu universitetində təhsil
almaq nə deməkdir?
- Amerikanın nüfuzlu universitetində təhsil almaq nə
qədər maraqlı və arzulanan olsa da, bir o qədər də çətin
və məsuliyyətlidir. Bu cür universitetlərin magistratura
pilləsində təhsil almaq üçün yaş həddi adətən daha
yüksək olduğundan (27-28) tələbələrə verilən tapşırıqlar
çətin və onlardan gözləntilər daha çox olur. Lakin
bununla yanaşı, ətrafında həddindən artıq savadlı, dünya
görüşlü tələbələrin olması, dərs deyən professorların öz
sahələrini mükəmməl bilmələri, hətta sessiya vaxtı
universitetin bütün kitabxanalarının tələbələrlə dolu
olması insana sanki çox böyük enerji verir.
- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə
bilərsiniz?
- Xaricdə təhsilin ən yaxşı cəhəti odur ki, burada istər
orta məktəbdə, istərsə də ali məktəblərdə təhsillə
yanaşı, müxtəlif tədbirlər keçirilir. Çox vaxt da bu cür
tədbirlərin təşkilatçıları tələbələr özləri olur, yəni
müəllimlərdən təklif, yaxud yardım gözlənilmir.
Təşkilatçı tələbələr ideya irəli sürür, sosial
şəbəkələrdə elanlar verilir və tədbirə qatılacaq
insanlar qeydiyyatdan keçirlər. Bəzən arzu edən
müəllimlər də tələbələrə qoşulur. Ən maraqlısı isə odur
ki, belə tədbirlərdə vəzifəsindən asılı olmayaraq bütün
iştirakçılar eyni əhvali-ruhiyyədə olur, bütün işlərdə
eyni həvəslə iştirak edirlər. Məsələn, bu yaxınlarda
110 nəfərlik heyətlə Vermont ştatına xizək sürməyə
getmişdik. Deyərdim ki, elmi fəaliyyətə bir az fasilə
verib dostlarla vaxt keçirmək, təbiətin qoynunda
dincəlmək çox xoş oldu.
- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə...
- Kolumbiya Universiteti 1754-cü ildən bəri fəaliyyət
göstərir və daima dünyanın ən qabaqcıl
universitetlərinin sırasında öncül yerlərdən birini
tutur. Universitetin nəzdində bakalavr və magistr
dərəcələri almaq istəyənlər üçün müxtəlif məktəblər
mövcuddur. Məsələn, Kolumbiya Kolleci, Ümumi Elmlər,
Müəllimlər kolleci, Sosial İş, Mühəndislik Məktəbi və s.
Mənim təhsil aldığım ictimai idarəetmə proqramı
Beynəlxalq və İctimai Əlaqələr Məktəbinin təklif etdiyi
müxtəlif proqramlardan biridir. Hər bir proqramın
özünəməxsus tələbləri olur ki, onların hamısına əməl
etmədən məzun olmaq qeyri-mümkündür. Mənim proqramımın
müddəti 2 ildir. Bu 2 tədris ili arasında yay
internatura proqramlarında iştirak etmək şərtdir.
- Universitetdə imtahan sessiyası necə təşkil olunur?
- Amerika tədris sistemi istər müəllim-tələbə
münasibətinə, istərsə də tədris və qiymətləndirmə
prosesinə görə digərlərindən fərqlənir. Avropadan fərqli
olaraq imtahan sessiyası tətildən əvvəl bitir və
tələbələr tətil ərzində rahat dincələ bilirlər.
İmtahanların tarixi semestrin əvvəllərində, ən geci isə
ortalarında elan olunur ki, tələbələr tətil
proqramlarını qabaqcadan müəyyən edə bilsinlər. Sessiya
ərzində hər bir müəllim və onun assistenti hər hansısa
bir mövzu ilə bağlı çətinliyi olan tələbələr üçün
xüsusi məsləhət saatları elan edirlər. Bu, tələbələrə,
təhsilə verilən yüksək dəyərin bir nümunəsidir.
- Sizə dərs deyən hansı məşhur alimlərin adlarını
çəkərdiniz?
- Universitetimiz Birləşmiş Millətlər Təşkilatı ilə sıx
əməkdaşlıq edir. Keçən semestr BMT Təhlükəsizlik
Şurasının iclaslarında iştirak etmək üçün Nyu- Yorka
gələn xarici ölkə prezidentlərinin və baş nazirlərin
böyük əksəriyyəti universitetimizdə qonaq oldular,
tələbələr qarşısında çıxış etdilər və ölkələri ilə bağlı
bizi maraqlandıran suallara cavablar verdilər. Hazırda
bizə dərs deyən müəllimlərdən BMT-nin Baş katibi Pan
Gi-Munun minilliyin inkişaf məqsədləri üzrə xüsusi
məsləhətçisi və Kolumbiya Yer Kürəsi İnstitutunun
direktoru Cefrey Saksı misal göstərə bilərəm.
- Tələbə həyatınız necə keçir, hobbiniz?
- Kolumbiya Universitetində təhsil alan tələbələrin
50%-ə yaxını əcnəbilərdir, məhz buna görə də yerli və
xarici tələbələr arasında qətiyyən fərq qoyulmur.
Universitetin nəzdində Beynəlxalq Tələbələr üçün
Xidmətlər Ofisi fəaliyyət göstərir ki, istənilən
tələbənin hər hansısa bir problemi olarsa, çətinliklərlə
üzləşərsə dərhal onu aradan qaldırsınlar.
Tələbə həyatımız çox rəngarəng, maraqlı, eyni zamanda
gərgin keçir. Nə qədər çox çalışsan da həmişə səndən
irəlidə kimsənin ola biləcəyi fikri səni narahat edir.
Hobbimə gəlincə, yorulanda piyada gəzməyi, musiqiyə
qulaq asmağı, idmanla məşğul olmağı çox sevirəm.
- Asudə vaxtınız olurmu?
- Asudə vaxtım çox nadir hallarda olur, amma çalışıram
ki, həmin vaxtı çoxdan görmədiyim dostlarla keçirim.
Vaxtlarımız uyğun gələndə bir yerə yığışır, birlikdə
nahar, yaxud şam yeməyi yeyir, bir-birimizdən hal-əhval
tuturuq. Bəzən otaq yoldaşım çinli Şunan Vanqla
Nyu-Yorkdakı məşhur muzeylərə baş çəkir, bəzən də məşhur
"Broadway" myüzikllərı izləməyə gedirik.
- Azərbaycan diasporası ilə əlaqələriniz, Azərbaycan
adına keçirdiyiniz aksiyalar barədə...
- ABŞ-da olduğum müddətdə həm diaspora üzvləri ilə əlaqə
saxlayır, münasib vaxt olduqca görüşür, həm də BMT
yanında Daimi Nümayəndəliyimizin və Azərbaycan
Respublikasının ABŞ-dakı səfirliyinin tədbirlərində
iştirak etməyə çalışıram. Ötən ilin sentyabrında Xəzər
Strateji İnstitutunun (HASEN) Nyu-Yorkda keçirdiyi
"Cənub Qaz Dəhlizi" və bu dəhlizin Avropanın enerji
təhlükəsizliyində roluna həsr edilmiş tədbirin təşkilati
işlərinə cəlb olunmuşdum. Dəvət etdiyimiz Kolumbiya
Universitetinin tələbələri hər dəfə məni gördükdə
Azərbaycanın enerji siyasəti, regionda oynadığı rolla
bağlı suallar verirlər. Hətta enerji sahəsində
ixtisaslaşan tələbələrdən biri öz tədqiqat işini
ölkəmizin neft siyasətinə həsr etməyə qərar verib. Bir
neçə gün əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə
Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları
haqqında çoxlu kitab və digər informativ materialları
Kolumbiya Universitetinin Lehman kitabxanasının Rusiya,
Avrasiya və Şərqi Avropa ölkələri Departamentinə hədiyyə
etdim. Düşünürəm ki, bu materiallar kifayət qədər
maraqlı, dolğun və Azərbaycan barədə həqiqətləri özündə
əks etdirən əsl faktlar toplusu olduğu üçün onlardan
yararlanan əcnəbi gənclər ölkəmizlə bağlı xeyli
məlumatlar əldə edə biləcəklər. Hazırda da ölkəmizin
təbliği ilə bağlı bir neçə layihə üzərində çalışıram.
Ümid edirəm ki, çox yaxınlarda onları da həyata
keçirməyə müvəffəq olacağam.
- Darıxdığınız anlar çox olurmu?
- Mən daha öncə də Amerikada təhsil aldığıma görə
buranın yaşayış tərzi və mədəniyyəti ilə yaxından
tanışam. Lakin etiraf edim ki, bəzən Bakı, ailəm və
dostlarım, adət və ənənələrimiz, xüsusən də milli
yeməklərimiz üçün çox darıxıram.
- Gələcək planlarınız?
- Hazırda qarşımda duran ən önəmli məsələ təhsilimi
uğurla başa vurmaq və burada olduğum müddətdə Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması naminə əlimdən
gələni etməkdir.
- Biz də sizə bu şərəfli işlərinizdə və təhsilinizdə
uğurlar arzulayırıq.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |