Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Gənc istedadlar

Bizi dünyada tanıdan məktəbliləri siz də tanıyın

 

 İçərişəhərdə yerləşən "Abşeron" Rəsm Qalereyası 28 yanvar 2014-cü ildə "Yaponiya müsabiqəsinin qalibləri" adlı sərgi açdı. Fevralın 3-dək davam edən bu sərgidə Yaponiyanın Tokio şəhərində YUNİSEF-in dəstəyi ilə "Yer kürəsində dostcasına yaşamaq" adı altında keçirilən Beynəlxalq Uşaq Ekoloji Rəsm Müsabiqəsində 2012-ci ilin qızıl medalçısı olmuş 12 yaşlı Məhəmməd İsmayılovun, həmçinin eyni müsabiqədə 2013-cü ilin qızıl medalçıları - 15 yaşlı Cavidan Əhmədovla, 8 yaşlı Nərgiz Əmiraslanlının rəsmləri sənətsevərlərin diqqətinə çatdırıldı.

Əziz  oxucular!  Respublikamızı  beynəlxalq  aləmdə  tanıdan  üç məktəbli rəssamımızı  siz  də  tanıyın:  Cavidan  Əhmədov,  Məhəmməd İsmayılov, Nərgiz Əmiraslanlı. Biz bu istedadlı uşaqlarla  Nizami  rayonunda  yerləşən  Uşaq-Gənclər  Yaradıcılıq  Mərkəzində  görüşdük.  Onların  hər  birinin  dediyi  fikirlər  elə  fərdi  yaradıcılıqları  qədər  bizə  maraqlı  gəldi.

 

 

 

 

 


Məqsədim tanınmış bir memar olmaqdır 

Əhmədov Cavidan Azər oğlu:

- Tanış olaq. Mən Cavidanam. 1998-ci il martın 24-də anadan olmuşam. Rəsm çəkməyə demək olar ki, beş yaşımdan başlamışam. Yeddi yaşımdan bu günə qədər isə Dilarə Atakişiyevanın rəhbərlik etdiyi Da-art studiyasında rəssamlığın sirlərini öyrənirəm.

- Rəssamlığa həvəs sənə kimdən keçib?

- Atamın İsmayıl Məmmədov adında bir xalası oğlu var, o da rəssamlıqla məşğul olur. Rəssamlığa meyl etməyimdə İsmayıl əminin  rolu böyük olub.

- Gələcək həyatını artıq müəyyənləşdirmisən?

- Bəli. Hazırda Nəsimi rayonundakı 164 nömrəli orta məktəbdə X sinifdə təhsil alır, həm də I qrup üzrə ali məktəbə qəbul imtahanlarına hazırlaşıram. Məqsədim Rəssamlıq Akademiyasının memarlıq fakültəsində oxumaq, tanınmış bir memar olmaqdır. Amma həyatımı rəsm çəkmədən təsəvvür belə edə bilmirəm. Mənim həyat tərzimdə rəssamlığın yeri artıq bir başqadır. Çox sevdiyim, ürəkdən bağlandığım  bu sənəti heç bir məşğuliyyət əvəz edə bilmir.

- Yağlı boya ilə işləyirsən, yoxsa sulu boya ilə?

- Professional işlərimi yağlı boya ilə çəkirəm. Sakit vaxtlarımda isə sulu boya ilə işləməyi xoşlayıram. Mənə elə gəlir ki, yağlı boya ilə işlədiyim rəsmlər daha keyfiyyətli alınır.

- Çəkdiyin rəsmlərə baxdım, bəyəndim. Onlara çox rəngarəng adlar vermisən. "Şirvanşahlar sarayında", "Sehirli at", "İpək yolu", "Cəbrayılda kənd", "Dədə Qorqud" və s. kimi maraq doğuran adları özün düşünmüsən, yoxsa?

- Bəzi vaxtlarda mənə ideya verirlər, bəzi vaxtlarda isə özüm öz fikirlərimi rəsmə çevirirəm. Məsələn, Şirvanşahlar sarayını mən özüm gəzmişəm, üstəlik  tarixi kitablarda Şirvanşahlar sarayının şəklini də  görmüşəm. Ona görə də əsərlərimdən birində həmin sarayı çəkmişəm.

- Hansı janr səni daha çox cəlb edir?

- Əsasən peyzajlar, həmçinin natürmort üslubunda mənzərələr...

- Rəssamlardan kumirin kimdir?

- Xarici rəssamlardan  Leonardo da Vinçi, Van Qoq, bizimkilərdən isə Tahir Salahov.

- Dərslərini hazırlamaq və rəsmlə  məşğul olmaq- bunlar bir-birinə mane olmur ki?

- Dərsin öz  yeri var, rəssamlığın öz yeri. Mən bunların fərqinə vara bildiyim üçün rəsmlə məşğul olmağım dərs oxumağımda mənə heç bir maneə yaratmır.

- Rəsm çəkərkən hansı rənglərə daha çox üstünlük verirsən?

- Rəng seçimi mənimçün problem deyil. Rəsm çəkdiyim zaman ekspozisiya hansı rəngləri tələb edirsə, o rəngləri də seçirəm. Fikrimcə, peşəkar rəssam üçün əslində bütün rənglər sevimlidir.

- Ailənin neçənci uşağısan?

- Cəmi iki qardaşıq. Evin kiçiyi mənəm. Qardaşım tələbədir, ingilis dili ixtisası üzrə təhsil alır. Atam tikinti ilə məşğuldur. Anam isə ingilis dili müəllimidir, amma işləmir.

- Özünü necə xarakterizə edərsən?

- Təbiətən sakitəm. Çox danışmağı sevmirəm. Boş vaxtlarımda ya düşünürəm, ya da rəsm çəkirəm. Qrafika ilə çəkməyi daha çox xoşlayıram. Miniatür sənətinə də üstünlük verirəm.

- Sevincini dostlarınla bölüşürsən?

- Əlbəttə! Mən rəsm müsabiqəsində qalib olanda məktəbdəki dostlarım da çox sevindilər. Sərgim keçiriləndə həmişə dostlarımı dəvət edirəm, onlar da həvəslə gəlirlər.

- Hansı sərgilərdə iştirak etmisən?

- Azərbaycanda  bir neçə dəfə sərgim təşkil olunub. Dünya ölkələri sırasında isə ilk dəfə rəsmlərim 2011-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Beynəlxalq Uşaq sərgisində diploma və qızıl medala layiq görülüb. Həmin yarışmada Azərbaycandan qızıl medalı yeganə olaraq mən aldım. Amma Yaponiyada təşkil olunan sərgidə isə Azərbaycandan üç şagird qızıl medal aldıq: Məhəmməd İsmayılov 2012-ci ildə, mən və Nərgiz Əmiraslanlı isə 2013-cü ildə.

- Cavidan, biz də sənə gələcəkdə daha böyük uğurlar qazanmağı arzu edirik.

- Təşəkkür edirəm. Bu gün Azərbaycanda yaradıcı gənclik üçün, bacarığımızı nümayiş etdirmək üçün hər bir şərait var. Azərbaycan mədəniyyəti hər sahədə inkişaf edir.  Mən çox xoşbəxtəm ki, bu gözəl ölkənin vətəndaşıyam və Azərbaycan məktəbinin qızıl medala layiq görülmüş yetirməsiyəm.  


Beş yaşından müsabiqələrdə iştirak edirəm

 

İsmayılov Məhəmməd Nəriman oğlu:

- 2001-ci il iyulun 31-də anadan olmuşam. Ailədə üç qardaşıq. Böyük qardaşımın 19, kiçik qardaşımın isə 2 yaşı var. Böyük qardaşım da rəsm çəkməyi bacarırdı. Amma bu peşəyə elə də marağı olmadı deyə, heç dərnəyə də getmədi. Hazırda Azərbaycan Dillər Universitetində təhsil alır.

- Məktəb proqramı və rəssamlıq dərnəyinin məşğələləri...

- Rəssamlıqla məşğul olmaq məktəbdəki dərslərimə heç bir maneçilik yaratmır. Hər gün ilk növbədə dərslərimi hazırlayıram, qalan vaxtımı isə rəsm çəkməyə sərf edirəm.

Mən Bakı şəhərindəki 200 nömrəli məktəbin VII sinif şagirdiyəm. Rəsm çəkməyə mən də beş yaşımda başlamışam. Ağlım kəsəndə evimizdə rəsm çəkmək üçün nə lazımsa hər şey var idi. Mən fırçanı əlimə aldım və başladım rəsmlər çəkməyə. Anam mənim həvəsimi görüb rəsm dərnəyinə apardı.

- Ailənizdə rəssam varmı?

- Atamın da rəssamlıq bacarığı var. Dayım da Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib.

Evdəkilər görəndə ki, rəssamlığa həvəsim ötəri deyil, məni apardılar rəsm qalereyasına. Orada müəllimim Rəhilə xanım idi. Beş yaşından müsabiqələrdə iştirak edirəm. İlk diplomumu 6 yaşım olanda almışam. Orada mənim  çəkdiyim rəsm birinci yeri tutdu. Polşa səfirliyinin rəsm qalereyasında isə mənim əl işim 31 ən yaxşı işlərdən biri olub. 

- Hazırda rəsm müəllimin kimdir?

- Mənimlə Dilarə Atakişiyeva məşğul olur. Dörd ildən çoxdur ki, Da-art studiyasında daha professional rəssam olmağın sirlərini öyrənirəm. Uşaq Rəsm Qalereyası  mənim rəsmlərimdən ibarət "Məhəmmədin nağılları" adlı kitabça çıxarıb Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə göndərmişdi.

- Əlinə fırça aldıqda ilk olaraq hansı mövzular diqqətini çəkir?

- Mən rəsmlərimi milli ruhda çəkməyi xoşlayıram.

- Hansı rəssamların yaradıcılığı sənin üçün örnəkdir?

- Özüm gələcəkdə tanınmış, sənətdə öz yolu olan  bir rəssam olmağa çalışacam. Azərbaycan rəssamlarından Toğrul Nərimanbəyovun, Səttar Bəhlulzadənin,  Rasim Babayevin yaradıcılığı diqqətimi çəkir...

Gənc rəssamlardan Cavidanın  rəsmləri  çox xoşuma gəlir. Biz həm də dostluq edirik.

- Rəsm işləyərkən mövzu seçməkdə çətinlik çəkmirsən ki?

- Xalqımızın adət-ənənəsi, tarixi mövzular mənim maraq dairəmi əhatə edir. "İçərişəhər" və "İrəvan qalası" əsərlərimin mövzusu mənim üçün doğmadır. 2012-ci ildə YUNİSEF-in təşkilatçılığı ilə Yaponiyada "Ətraf aləm" mövzusu adı altında keçirilən müsabiqənin qalibi olmuşam. Mən həmin müsabiqədə çoxfiqurlu kompozisiya ilə iştirak edirdim. Elə həmin ildə Azərbaycanın müstəqilliyinə həsr olunmuş müsabiqədə Mədəniyyət və Turizm nazirliyi tərəfindən II dərəcəli diplomla təltif olundum. Mən qalib olanda evimizdə də, məktəbimizdə də hər kəs sevindi. "Qız qalası" festivalında  fəal iştirak etdiyim üçün məni festivalın bağlanış müsabiqəsinə də çağırmışdılar. Yaponiyada qalib olandan sonra gələn il keçiriləcək müsabiqədə də iştirak etmək üçün  mənə dəvətnamə göndərdilər.

Uğur qazanmağımda təbii ki, anamın və müəllimimin rolu çox böyükdür. Hələ ki, dərnəyə məni anam aparıb-gətirir. Ürəyimdən keçir ki, bir gün anamın gözəl bir portretini çəkim.

- Hansı rənglər ürəyinə daha çox yatır?

- Bütün rənglər xoşuma gəlir. Rəssamlıqda hər bir rəngin öz yeri var. Ancaq mənim özümün fərdi olaraq xoşladığım rəng qırmızıdır. Çünki qırmızı  rəng həmişə nikbinlik oyadır. Ən çox xoşladığım bir mövzu da var ki, bu da qıpqırmızı nar çəkməkdir. Nardı, almadı, bunlar həmişə adama milli adət-ənənələrimizi xatırladır. Azərbaycan nağıllarında da narın həmişə adı çəkilir.

- Orta məktəbdə keçirilən dərslərdən hansı fənni daha çox sevirsən?

- Məktəbdə ən sevdiyim ingilis dili dərsləridir. Fikrimcə, peşəkar rəssam olanda nə qədər çox dil bilsəm, Azərbaycanı dünyaya daha rahat tanıda bilərəm.

- Gələcək arzuların?

- Mən rəssamlıqla məşğul olan hər bir uşağa peşəkar rəssam olmağı arzu edirəm.

- Məhəmməd, adətən rəssamlar xarici görkəminə görə cəmiyyətdə başqalarından fərqlənməyə can atırlar. Sən necə?

- Mən hər zaman səliqəli, ciddi görkəmə üstünlük verirəm. Amma kimin hansı imicdə görünməsinə də barmaqarası baxmıram. Mən özümə cavabdehəm və özüm hər bir sahədə olduğu kimi, xarici görkəmimdə də  ciddiliyi sevirəm.

- Stolun üstunə qoyduğun bu əsər sənindir?

- Bəli. Baxın, burada dəvə karvanı çəkmişəm, çayın kənarında evlər var. İrəvan Azərbaycanın ən qədim yurd yerlərindəndir. Mən bu əsərimdə özümün və xalqımın sabaha olan inamını rənglərlə bildirmək istəmişəm. Yəni ki, günün birində biz İrəvana da, Qarabağa da gedə biləcəyik.

- İnşallah. 


Azərbaycana aid rəsm çəkmək istəyirəm

 Əmiraslanlı Nərgiz Qalib qızı:

- Mən 2005-ci il aprelin 20-də anadan olmuşam. Bakıdakı 238 nömrəli məktəbin üçüncü sinif şagirdiyəm. Beş yaşımdan rəsm çəkməyə başlamışam. Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibəti ilə bağçalararası keçirilən müsabiqədə ilk dəfə birinci yeri tutmuşam. 2013-cü ildə isə Yaponiyada keçirilən rəsm müsabiqəsində birinci yeri tutdum.

- Adətən balaca qızlar gəlinciklərlə oynamağı daha çox sevərlər. Bəs sən?

- Mənim üçün rəssamlıq daha maraqlı gəldi. Ona görə də mən də bu işə həvəs göstərdim. Çəkdiyim rəsmləri evdə ən birinci görən anam oldu. O, özü ibtidai sinif müəllimidir. Evdə iki uşağıq. Altı yaşında bir qardaşım var. Valideynlərimiz hər zaman bizə diqqət ayırırlar.

- Hansı mövzular xoşuna gəlir?

- Sulu boya ilə ən çox təbiət mənzərələrini, nağıl qəhrəmanlarını, heyvanları çəkməkdən böyük zövq alıram. Bir dəfə nənəmlə Nizami metrosunda idik. Orada qatar gözləyərkən gözüm divarlardakı rəsmlərə sataşdı. Nənəm dedi ki, bu rəsmlərdəki qadın şair Nizami Gəncəvinin əsərindən götürülmüş Fitnədir. Mən o rəsmləri çox bəyəndim və nənəmə dedim ki, qoy bu rəsmlərə doyunca baxım. Nənəm  razı oldu. Evə gələndən sonra mən fırçamı əlimə alıb Fitnənin rəsmini çəkdim.

- Azərbaycanın rayonlarından hansını görmüsən?

Sualımı Nərgizin əvəzinə anası Səidə xanım cavablandırır:

- Mən əslən Cəbrayıldanam. Yoldaşım isə Gədəbəydəndir. Mənim torpağım düşmən ayağı altında, yoldaşımgilin kəndi də cəbhə zolağında. Ürəyimiz  istədiyi yerlərdə hələ ki, uşaqlarımızı aparıb gəzdirə bilmirik.

- Nərgiz, həyatda kimə oxşamaq istərdin?

- Müəllimim Nərmin xanıma. Biz həyət evində yaşayırdıq. Evdəkilər bir də gördülər ki, başlamışam divarları rəngləməyə. Bağçalararası rəsm müsabiqəsi keçiriləndə mən   beş yaşında çəkdiyim  "Bakının neft buruqları" rəsmimlə həmin müsabiqədə iştirak elədim və Bakı şəhəri üzrə birinci yeri  tutdum. O müsabiqədə qazandığım uğur məni rəssamlığa daha da həvəsləndirdi. Ondan sonra valideynlərim məni  Nizami rayonundakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gətirdilər. Burada ilk müəllimim Şahnaz xanım, sonra da Nərmin xanım oldu. İndi  neçə illərdir Nərmin müəllim mənimlə məşğul olur, bilmədiklərimi başa salır, öyrədir. Onun sayəsində beynəlxalq müsabiqələrdə iştirak etmişəm, bir çox uğurlar qazanmışam.

- Nərgiz, rəssamlığa həvəs sənə kimdən keçib?

- Ana babamdan, dayımdan.

Nərgizin anası söhbətimizə müdaxilə edir:

- Amma onların əl işləri həvəskarlıqdan o tərəfə keçməyib. Nərgiz özü də rəssam olacaqmı, olmayacaqmı, onu gələcək göstərər. Bizdən bir valideyn kimi bu gün tələb olunan odur ki, bu yolda Nərgizə dəstək olaq. Biz də oluruq.

Nərgiz:

- Mən seçimimi etmişəm. Rəssam olacam.

- Hazırda hansı rəsmlərin üzərində işləyirsən?

- İndi portret çəkməyi öyrənirəm. Bir də Azərbaycana aid rəsm çəkmək istəyirəm. Azərbaycan deyəndə yadıma əvvəl bayraq düşür, sonra da Xəzər dənizi. Bir də güllər, çiçəklər diqqətimi çox çəkir. İstəyirəm hər rəsmimin içində gül-çiçək də olsun.

- Rəssam olmaq üçün gərək təbiətlə dost olasan, qızım.

- Hər il yay tətilində müəllimimiz bizi görməli yerlərə aparır, təbiət mənzərələrini göstərir.  


Yaponiyadan gələn bağlama bizi sevindirdi 

Lalə Qəti, Bakı şəhəri, Nizami rayonu, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru:

- Bizim mərkəz 1974-cü ildən fəaliyyət göstərir. Əsas məqsədimiz uşaqların, yeniyetmələrin, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. 2003-cü ildən burada çalışıram. Mərkəzdə 28 adda dərnək fəaliyyət göstərir.  Bu gün bizim mərkəzin uşaqları seriallara dəvət alır, televiziyalarda verilişlər aparırlar. Adətən biz mərkəzə uşaqları 6 yaşından, əgər uşaqda qeyri-adi istedad hiss ediriksə, onda 5 yaşından qəbul edirik.

2014-cü ilin ilk iş günündə bizə böyük bir bağlama gəldi. Açıb gördük ki, Yaponiyadandı. Kataloqlar, təşəkkür məktubu və müsabiqədə iştirak edən 31 nəfər uşağın siyahısı idi. Müsabiqədə iştirak edən 43 işin 31-i bizimki idi. Hazırda mərkəzdə 1802 uşağımız var.  "Abşeron" sərgi salonunda üç uşağın sərgisi keçirildi. Onlardan biri - Nərgiz Əmiraslanlı bizim yetirməmizdir.


Məktəblilərin beynəlxalq sərgilərdə iştirak etməsi sevindirici haldır 

Nərmin Abdullayeva - Nərgizin müəllimi:

- Artıq on ilə yaxındır ki, Nizami rayonundakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində çalışıram. Uşaqlarla çalışmaq mənimçün çox xoşdur. Gənclər laureatı adına, 60-dan çox diploma, Prezident təqaüdünə layiq görülmüşəm. Bu gözəl balalarla indiyə qədər biz Azərbaycana 13-14 qızıl medal, xeyli sayda gümüş və bürünc  medallar gətirmişik. Nərgiz balamızın və onun digər məktəbli həmkarlarının nüfuzlu müsabiqələrdə, sərgilərdə iştirak etməsi çox sevindirici haldır. Müsabiqədə qoyulan mövzunun əsas mahiyyəti o idi ki, dünyamızı, ətraf mühiti qoruyaq, mühafizə edək.

Nərgizin müsabiqəyə təqdim etdiyi rəsm işi çox maraqlı bir işdir.  Nərgizin öz rəsmində toxunduğu hisslər bəşəri hisslərdir. Onun  rəsmləri həm rəng duyumuna, həm kompozisiyasına, həm də tamaşaçıya çatdırmaq istədiyi fikirlərə görə çox mənalıdır.

Nərgizlə bağlı bir də onu deyə bilərəm ki, mən onu ilk dəfə gördüyüm gün o, çox böyük bir əsər üzərində işləyirdi. Bu, Mikayıl Abdullayevin "Fitnə" əsəri idi. Nərgizin bu əsəri möhtəşəm, gözəl bir əsərdir. Nərgizin əl qabiliyyəti ilk dəfədən mənim çox xoşuma gəlib. Çalışıram ki, onun fikrinə müdaxilə etməyim, o özü bildiyi kimi fikirlərini rənglərlə ifadə edə bilsin. Nəticədə onun çox uğurlu rəsmləri alınır.

Uşaqlarla elə məşğul olmaq lazımdır ki, onlar həm öz yolunu tuta bilsinlər, həm də öz fikirlərini müstəqil ifadə edə bilsinlər. Nərgizin müstəqil dəst-xətti var və inşallah mən onun gələcəyini çox uğurlu, çox parlaq  görürəm. Nərgizin yaşı hələ səkkiz olsa da, onun potensialı çox böyükdür. Sənətə böyük məhəbbəti, həvəsi, sevgisi var. Mən onun gələcəyinə çox ümidlə baxıram.  

Ellada UMUDLU,
fotolar Niyazi RƏHİMOVUNDUR,

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov