Bu
il fevralın 24-də XX əsr Azərbaycan ictimai fikrinin
görkəmli nümayəndəsi, türkçülük məfkürəsinin böyük
carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və
təbabət alimi Əli bəy Hüseynzadənin (1864-1940) anadan
olmasının 150 illiyi tamam olur. Böyük Azərbaycan
ziyalısı Əli bəy Hüseynzadənin yubileyinin ölkə
miqyasında dövlət səviyyəsində qeyd olunmasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən "Əli bəy Hüseynzadənin 150
illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar
2014-cü il tarixli Sərəncam imzalanmış, bu tarixi
yubileyin keçirilməsi ilə bağlı müvafiq dövlət
qurumlarına tapşırıqlar verilmişdir. Sərəncamda
deyildiyi kimi, türk xalqlarının mədəni inteqrasiyasının
məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan,
müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin
ənənəvi dəyərlər zəminində bərqərar olmasının
vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin
nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından
iştirak edən Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti
boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi
irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə də
qiymətli töhfələr vermişdir.
Hesab edirəm ki, klassik mədəni irsə, milli-mənəvi
dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və
qayğısının parlaq təzahürü olan bu tarixi sərəncamın Əli
bəy Hüseynzadənin Azərbaycanın məktəb və pedaqoji fikir
tarixinin öyrənilməsində, xalqımızın milli oyanışı,
özünüdərki və dirçəlişində, milli məfkurənin
yaranmasında, milli maarifçilik hərəkatının
inkişafında, mətbuat və mədəniyyətimizin tərəqqisi
yolunda, milli dövlətçiliyimizin formalaşmasında
təmənnasız xidmətlərinin müstəqil dövlətçilik təfəkkürü
kontekstində yenidən dəyərləndirilməsində, onun zəngin
irsinin dərindən tədqiqi və təbliğində müstəsna rolu
vardır.
***
Müasirləri böyük Azərbaycan mütəfəkkiri, milli
ideologiya səviyyəsində türkçülüyün "Ana Yasası" kimi
dəyərləndirilən "türkləşmək, islamlaşmaq, avropalaşmaq
(müasirləşmək)" triadasının yaradıcısı və ilk carçısı,
milli bayrağımızdakı rənglər simvolikasının müəllifi,
türk dünyasında milli özünüdərkin və milli istiqlal
düşüncəsinin mücahidi, XX əsr Azərbaycan ədəbiyyatında
"Füyuzat" ədəbi məktəbinin banisi, ensiklopedik
şəxsiyyət, böyük maarifçi-pedaqoq Əli bəy Hüseynzadənin
(1864-1940) türklük, islamlıq, millət və Vətən
qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək, onu
"Qafqaz müsəlmanlarının atası", "Qafqazdakı türk
balalarına türklüyünü bildirən, həsəb-nəsəbini
(soykökünü) öyrədən", "rəsuli- həqq" ("haqq elçisi"),
"irqin (türklərin) ən mükəmməl öndəri", "külli-müsəlman
aləminin iftixarı", "türk xalqlarına kimliyini bildirən
dahi", "bütün türk dünyasında peyğəmbər kimi üfüqlər
açan", "ilk turançı", "dahi mütəfəkkir", "fövqəlbəşər",
"qüzey günəşi", "bütün türk dünyasının mücahidi",
"türkçülüyün babası (atası), "milliyyətçi və
mütəfəkkir", "imanlı türkçü", "yazı ustadı" və s. bu
kimi yüksək epitetlərlə öyür, təqdir edirdilər. Sözsüz,
bütün bunlar səbəbsiz deyildi. Çünki bu böyük İNSAN,
dahi fikir və söz adamı 76 illik şərəfli ziyalı ömrünün
yarım əsrdən çoxunu yorulmadan, usanmadan bütövlükdə
türklüyün inkişafına, o cümlədən Azərbaycan xalqının
milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin
yüksəlişinə, milli istiqlal mücadiləsinə, milli
dövlətçiliyin formalaşdırılmasına həsr etmişdi...
XIX əsrin sonu -XX əsrin əvvəllərində Azərbaycan
xalqının milli oyanışında, əsası Mirzə Fətəli Axundzadə
və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli
maarifçilik hərəkatının, islamçılıq və qərbçilik
(avropaçılıq) ideyalarının davam və inkişaf
etdirilməsində müstəsna rol oynamış, millətimizin islam
ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk
milliyyətçiliyinə keçidinin əsas ideya və əməl
rəhbərlərindən (Əlimərdan bəy Topçubaşov və Əhməd bəy
Ağayevlə birgə) biri olan Əli bəy Hüseynzadə özünün
irəli sürüb əsaslandırdığı "türkləşmək, islamlaşmaq,
avropalaşmaq" milli dirçəliş və milli istiqlal formulu
(düsturu) ilə türkçülüyün siyasi məramnaməsini və
elmi-nəzəri əsaslarını, müasirlərinin dediyi kimi, milli
istiqlal mücadiləsinin "Ana Yasası"nı verməklə milli
tariximizə "türkçülüyün atası" kimi öz əbədi imzasını
atmış oldu. Az sonra Azərbaycan Xalq Cümhuriyyətinin
milli dövlətçilik ideologiyasına çevrilən bu triada
("üçlü məram") milli bayrağımızdakı rənglər palitrası
vasitəsilə əbədiləşdi və sonsuzluğa qədər Azərbaycan
xalqının qan yaddaşına daxil oldu. Bu mənada bu gün də
başlarımız üzərində əzəmətlə dalğalanan milli
bayrağımızdakı üç rəngin bildirdiyi simvolik məna Əli
bəy Hüseynzadənin müəllifi olduğu "türkləşmək,
islamlaşmaq, müasirləşmək" formulunun rənglərlə
ifadəsindən ibarətdir. Əli bəy Hüseynzadə belə hesab
edirdi ki, azərbaycanlıların millət məfkurəsi
türkləşmək, dini məfkurəsi islamlaşmaqdırsa, iqtisadi,
mədəni, sosial-siyasi məfkurəsi avropalaşmaq
(müasirləşmək) olmalıdır. Türkiyədə türkçülüyün böyük
ideoloqu kimi tanınan Ziya Göyalp Əli bəyi özünün ustadı
sayaraq sonralar həmin üçlü qayənin sosioloji baxımdan
"millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!"
anlamını verən "türk millətindənəm, islam ümmətindənəm,
Batı (qərb, Avropa) mədəniyyətindənəm" şəklində formula
etmişdir...
Əli bəy Hüseynzadə milli mədəniyyət və ictimai-siyasi
fikir tariximizdə təkcə dahi mütəfəkkir şəxsiyyət kimi
deyil, eyni zamanda böyük maarifçi - pedaqoq - ziyalı,
məşhur həkim-tibb professoru, rəssam, musiqişünas kimi
də tanınmaqdadır. Bu mənada Əli bəyin müasiri olmuş,
görkəmli tarixçi Yusif Akçuraoğlu haqlı olaraq yazırdı
ki, əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və
fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər
şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş
fövqəlbəşər idi...
Azərbaycanın milli təhsil və pedaqoji fikir tarixinə də
dəyərli töhfələr vermiş bu böyük mütəfəkkirin
maarifçilik görüşlərində millətin tərəqqi və oyanışında,
mədəni yüksəlişində maarifin, təhsilin, elm və
mədəniyyətin müstəsna roluna, milli istiqlala aparan
yolun məhz xalqın maariflənməsindən keçməsinə və bu
yolda ana dilində tədrisin təməl prinsip olmasına,
ümumbəşəri dəyərlərdən milli təkamül və inkişafda
istifadənin əsas şərtlərinə dair müdrik fikirlərindən
bir neçəsini xatırlatmaq yerinə düşərdi.
*
"Türk xalqları birinci dövrdə qılıncla (Hun
imperatorluğu dövrü nəzərdə tutulur - Ə.Q.), ikinci
dövrdə dinlə (Osmanlı imperatorluğu dövrü - Ə.Q.)
parlamışdırsa, indi isə, yəni üçüncü dövrdə (XX əsrdə)
elm və biliklə parlamalıdırlar...", "Bizə qılınc deyil,
əhli-maarif lazımdır...";
*
"Maarif, ittihad (milli birlik ), hürriyyət (azadlıq) !
Nə qədər gözəl nemətlər! Bunları unutmayalım! Çünki əsl
nicat bu üç qüvvətdədir... ";
*
"Bizim özümüzə məxsus daha layiq, daha şanlı bir
vəzifeyi-mücahidəmiz vardır ki, o vəzifə də
zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında
nuri-maarifi əkməkdir...";
*
"Bilgi... və elm lisan (dil ) ilə olur. Bir əcnəbi
lisanında dəxi elm təhsil oluna bilər. Fəqət bu surətlə
təhsil olunan elm məhdud fərdlərin beynində qalır.
Millətin əksəriyyəti arasında yayılmır. Elm və maarif
əksəriyyət beynində inkişaf etmək üçün lazımdır ki,
millətin öz ana dili maarif təhsilinə alət (vasitə)
olsun...";
*
"Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və
sənayesinə bələd olmağa (öyrənməyə) və millətimiz
beynində yaymağa çalışmalıyız...";
*
"Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və
maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək
istəyirik,, özlərinə deyil! Biz istəyirik ki, islam
ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri
girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini
həzm etsin, yoxsa mədələrində həzm olunmasın... " və s.
Hörmətli oxucu!
Diqqətlə fikir verdinizsə, Əli bəyin 100 il bundan qabaq
böyük uzaqgörənliklə söylədiyi bu müdrik kəlamlardakı
işıqlı, nurlu ideyalar nəinki köhnəlməyib, əksinə bu
günümüzlə də həmahəng səslənir. Böyük maarifçi XX əsrin
böyük kəşflər, yeni texnologiyalar əsri olacağını
irəlicədən görür və türk xalqlarını, o cümlədən,
Azərbaycan xalqını şanlı keçmişi ilə öyünməyi bir tərəfə
atıb, elm, maarif və mədəniyyət əsrində dünya xalqları
içərisində özünəlayiq yer tutmağa səsləyirdi.
Diqqət edin, BMT XXI əsri ötən əsrin sonlarında "Təhsil
əsri " - "İntellekt əsri" elan edib. Əli bəy bir əsr
bundan qabaq XX əsri "elm və bilik əsri" (əslində
"təhsil") hesab edir, millətimizin elmlə, maariflə,
təhsillə inkişaf edəcəyinə (parlayacağına) inanırdı. O
inanırdı ki, milli istiqlala gedən yol öz başlanğıcını
maarifdən, elmdən, təhsildən götürür...
Xalqın maariflənməsinin təməl yolunun ana dilinin əsas
tədris dilinə-təhsil, təlim vasitəsinə çevrilməsi haqda
Əli bəyin müdrik fikri bu gün də aktual səslənir.
Azərbaycanda bu böyük maarifçinin nurlu ideyasının
təməli ilk dəfə Xalq Cümhuriyyəti (1918-1920-ci illər)
illərində qoyuldu. Nə xoşbəxtik ki, bu gün müstəqil
Azərbaycanda milli təhsilimizin əsas təlim-tədris dili
dövlət dili olan Azərbaycan dilindədir...
Nəhayət, Əli bəyin millətin tərəqqisi naminə Avropa elm,
təhsil və mədəniyyətinin əsas nailiyyətlərinin,
ümumbəşəri dəyərlərinin öyrənilməsi, bu zaman xalqımızın
"onların beyinlərini həzm etməsi, fəqət mədələrində həzm
olunmaması" barədə peyğəmbərcəsinə söylədiyi işıqlı
ideyalar bu gün Avropa təhsil məkanına inteqrasiya
yolunu tutmuş Azərbaycan təhsilinin prioritet
istiqamətlərindən biridir...
Əli bəy Hüseynzadə fenomenal fikir adamı, tarixdə
böyük izlər qoymuş nurlu şəxsiyyət, böyük ziyalı idi.
Lakin, təəssüf ki, Azərbaycanın ictimai-siyasi və mədəni
fikir tarixinin, bütövlükdə türk dünyasının bu böyük
şəxsiyyəti sağlığında müasirləri tərəfindən yüksək
qiymətləndirilsə də, Azərbaycanda 28 Aprel çevrilişi
nəticəsində meydana çıxan sovet rejimində kommunist
ideologiyası digər milli-mənəvi dəyərlər kimi, Əli bəy
Hüseynzadə fenomenini də unutdurmaq, onun böyük
əməllərini xalqın yaddaşından silmək, tarixi
xidmətlərini saxtalaşdırmaq yolunu tutdu. Bu böyük insan
haqqında böhtan və iftiralara geniş meydan verildi,
adına cürbəcür "yarlıqlar" ("burjua millətçisi",
"pantürkist" və s.) yapışdırıldı, qohumları "qırmızı
terrora" məruz qaldı, əsərlərinin nəşrinə qadağalar
qoyuldu...
Görkəmli ədəbiyyatşünas alim, mərhum Yaşar Qarayevin
sözləri ilə desək, Azərbaycan sovet
ədəbiyyatşünaslığında (1920-1991-ci illər) və
siyasi-ictimai fikrində Əli bəy Hüseynzadəyə və
"Füyuzat" ədəbi məktəbinə qarşı yağdırılmış iftira və
böhtan fəvvarəsi ilə müqayisədə hətta üzdəniraq "erməni
mənbələri" və "əlyazmaları" da "toya getməli"
görünürdü...
Lakin sovet rejiminin bütün basqı və qadağalarına
baxmayaraq, Əli bəy Hüseynzadənin böyük adı və
əməllərini xalqın yaddaşından silmək, tarixin
səhifələrindən çıxarmaq mümkün olmadı. XX əsrin sonunda
Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə
qovuşması Əli bəy Hüseynzadə fenomenini yenidən
millətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, bütövlükdə
ictimai-siyasi fikir tariximizə qaytardı. Bu, əslində
Əli bəy Hüseynzadənin doğulduğu, lakin çox az müddət
yaşadığı doğma Vətəninə bir növ mənəvi qayıdışı idi ki,
bu missiyanın önündə ömrünü bu böyük mütəfəkkirin
əsərlərinin toplanmasına, tədqiqinə, nəşrinə və
təbliğinə həsr etmiş görkəmli mətnşünas alim mərhum
Ofelya xanım Bayramlı gəlir. Onun tərtibçiliyi ilə Əli
bəy Hüseynzadənin kamil 2 cildlik seçilmiş əsərləri,
"Füyuzat" jurnalının tam komplekti latın əlifbasında
nəşr edildi. "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar
2004-cü il tarixli Prezident Sərəncamına uyğun olaraq
onun bircildlik seçilmiş əsərləri kütləvi tirajla çap
olunaraq ölkənin bütün kitabxanalarına hədiyyə edildi.
Əli bəy Hüseynzadənin son illərdə ictimai-siyasi, ədəbi
fəaliyyətinə dair xeyli araşdırmalar aparılmış, haqqında
Rəfiq Zəka, Azər Turan, Şamil Vəliyevin (Körpülünün)
dəyərli monoqrafiyaları nəşr edilmiş, çoxsaylı elmi,
elmi-kütləvi məqalələr çap olunmuşdur.
Etiraf etməliyik ki, bu dahi söz və fikir adamının
çoxcəhətli fəaliyyəti xalqa hələlik gərəyincə və
yetərincə çatdırılmayıb. Onun zəngin bioqrafiyasında
öyrənilməli və faydalanmalı məqamlar kifayət qədər
çoxdur...
Əziz oxucu!
Böyük ömrün tarixi məqamlarını gəlin birlikdə
vərəqləyək...
Əli bəy Hüseyn bəy oğlu Hüseynzadə 24 fevral 1864-cü
ildə Azərbaycanın qədim şəhərlərindən olan Salyanda
ruhani müəllim ailəsində doğulub. Balaca Əli bəy ibtidai
təhsilini atası Molla Hüseynin də müəllim işlədiyi
Tiflis Müsəlman Məktəbində alıb. Çox erkən yaşlarında
valideynlərini itirən Əli bəy ana babası-böyük
maarifpərvər, müasirləri tərəfindən "Qafqazın birinci
adamı" adlandırılan Qafqaz Şeyxülislamı Axund Əhməd
Səlyaninin (1812-1884) himayəsində qalıb. Altısinifli
müsəlman məktəbini uğurla başa vuran Əli bəy babası
Axund Əhmədin tövsiyəsi və "Rusiyada iki böyük türkçüdən
biri" (Ziya Göyalp) sayılan Mirzə Fətəli Axundzadənin
(1812-1878) köməkliyi ilə 1875-1885-ci illərdə Tiflis
şəhər 1-ci kişi gimnaziyasında mükəmməl tam orta təhsil
alıb. 1885-ci ildə Sankt-Peterburq Universitetinin
fizika - riyaziyyat fakültəsinə daxil olmuş, oranı
1889-cu ildə fərqlənmə diplomu ilə bitirmişdi. Tələbəlik
illərində o, həm də Sankt-Peterburq Rəssamlıq
Akademiyasının məşğələlərində azad dinləyici kimi
iştirak etmiş, rəssamlıq sahəsində istedad və
bacarığını təkmilləşdirməyi də unutmamışdı...
Sankt-Peterburqda universitet təhsili alan Əli bəy
bununla kifayətlənməmiş, Türkiyəyə gedərək İstanbul
Universitetinin əsgəri-tibb fakültəsində (1890- 95) ali
tibb təhsili də almışdı.
Əvvəllər bir müddət həkim - dermatoloq, sonralar isə
İstanbul Universitetində professor köməkçisi işləyən Əli
bəy Hüseynzadə siyasi fəaliyyətə qoşulur. Buna görə də
Sultan II Əbdülhəmidin onun haqqındakı həbs qərarı ilə
bağlı təqiblərdən qorunmaq məqsədilə 1903-cü ildə köhnə
tanışı olan bir hindli tacirin gəmisində gizli şəkildə
Hindistana, oradan Çinə, nəhayət, Bakıya gəlib çıxır...
Əli bəy Hüseynzadənin həyatında Bakı dövrü (1903-1910-cu
illər) yeni mərhələnin başlanğıcı olur. Rusiyadan
kənarda təhsil aldığı üçün Bakıda həkimlik işinə qəbul
edilməyən Əli bəy publisistik fəaliyyətlə məşğul olmağa
başlayır. Bu illərdə Bakıda yaşayıb-yaradan Əlimərdan
bəy Topçubaşov, Əhməd bəy Ağayev kimi tanınmış
ziyalılarla sıx təmaslar qurur, böyük mesenat,
maarifçi-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə
dəstəyi ilə millətin oyanışında, insan hüquqlarının
qorunmasında, xalqın maariflənməsində əvəzsiz vasitə
olan mətbuat vasitəsilə milli mücadiləyə başlayır. Çünki
o dövrün ziyalıları hesab edirdilər ki, "mətbuat bir
millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü),
beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz,
görəməz... ("Füyuzat" 1907, № 29)...
Bu illərdə Rusiyada baş verən siyasi proseslər çar
hökumətini müəyyən islahatlar aparmaq məcburiyyətinə
qoyur. Bu tarixi şəraitdən yararlanmaq istəyən
Azərbaycan ziyalıları 1905-ci il martın 15-də Hacı
Zeynalabdin Tağıyevin mülkündə yığıncaq keçirərək yerli
azərbaycanlılara da mədəni, sosial-iqtisadi, siyasi
hüquq və azadlıqların, o cümlədən ana dilində ümumi
təhsilin verilməsinə, mətbuat və kitabların nəşr
edilməsinə dair Rusiya hökumətinə təqdim etmək üçün
ərizə (petisiya) hazırlayırlar. Bu sənədin
hazırlanmasında Əlimərdan bəy Topçubaşov (Topçubaşi),
Əhməd bəy Ağayev (Ağaoğlu), Əsədulla bəy Muradxanov,
Fərrux bəy Vəzirov, Adilxan Ziyadxanov, Mirzə
Əsədullayev, Mustafa ağa Vəkilov və başqaları ilə
yanaşı, Əli bəy Hüseynzadə də fəal iştirak edir.
Azərbaycan türklərinin bu istək və tələblərini Qafqaza
yeni canişin təyin olunmuş Vorontsov-Daşkova çatdırmaq
üçün Hacının maliyyə yardımı ilə Əli bəy Hüseynzadə,
Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevdən ibarət
nümayəndə heyəti Sankt-Peterburqa göndərilir. Həmin il
aprelin 21-də canişinlə görüşən Azərbaycan ziyalıları
digər tələblərlə yanaşı, ana dilində "Həyat" qəzetinin
nəşrinə icazə istədiklərini ona çatdırırlar. Çox
çətinliklə qəzetin nəşrinə razılıq verilir...
"Həyat" qəzetinin sahibi-imtiyazı mərhəmətli Hacı
Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy Topçubaşov,
redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev
idi. Azərbaycanın bu üç böyük fikir nəhəngi və söz
adamının rəhbərliyi ilə nəşrə başlayan "Həyat " o dövrdə
Azərbaycanda nəşr olunan yeganə anadilli qəzet idi.
Azərbaycan xalqının milli dirçəlişində, türkçülük
ideyalarının yayılmasında müstəsna rol oynamış bu qəzet
qısa ömürlü (07.06.1905-04.09.1906) olsa da, milli
mətbuat, eləcə də ictimai-siyasi fikir tarixində dərin
izlər qoymuşdu. Bu işdə Əli bəyin xüsusi xidmətləri
olmuşdu. Qəzet ilk nömrəsindən bağlanana kimi
türkçülüyün, islamçılığın və qərbçiliyin (müasirliyin)
siyasi tribunasına çevrilmişdi ki, bunun da mərkəzində
Əli bəyin işıqlı ideyaları dururdu...
XIX əsrin ikinci yarısında rus çarizmi digər
milli-mənəvi dəyərlər kimi xalqımızın adına da "təcavüz"
etmiş, onun əsil "türk" adını qadağan etməyə, uydurma
"tatar", "müsəlman" adları ilə soykökünü unutdurmağa
qismən "nail olmuşdu". İş o həddə çatmışdı ki,
xalqımızın nümayəndələrindən milliyyətini soruşduqda
"müsəlmanam", - deyə cavab verir, öz soykökünü deməkdən
belə çəkinirdi. Bu acı həqiqəti görən görkəmli ədib
Ömər Faiq Nemanzadə "Mən kiməm? " adlı yazısında ürək
ağrısı ilə yazırdı: "Hə ey türk! İstər darıx, istər
karıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi
öyrənmək istədiyin halda bircə zadı-yəni özünü bilmək
istəmirsən, niyə öz soy və nəslindən xəbərin yox? Niyə
sənə "Kimsən?" dedikləri vaxt həqiqi cavabında aciz
qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm.
Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən,
babılıqdan əvvəl sən türk idin. İndi də türksən və
bundan sonra da türk qalacaqsan...".
Bəli, belə bir tarixi şəraitdə, yəni "türk" kəlməsinin
hətta dilə belə gətirilmədiyi, "Mən türkəm" söyləməyə
imkan verilmədiyi bir tarixi məqamda Əli bəy Hüseynzadə
"Həyat "qəzetinin səhifələrində çap etdirdiyi "Türklər
kimdir və kimlərdən ibarətdir?" adlı əsəri ilə türk
xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq
"Biz tatar deyilik, biz türkük",- deyə hayqırdı, xalqa
öz adıyla "türk" dedi və bunu başqalarına da dedirtdi,
türklərin kimliyini onlara anlatdı. Bu mənada
Azərbaycanda türkçülük hərəkatının həqiqi tarixi Əli
bəyin redaktoru olduğu "Həyat" qəzeti ilə başlayır.
Təsadüfi deyil ki, görkəmli çağdaş Amerika tarixçisi
Tadeuş Svyatoçovski doğru olaraq, "XX əsrin əvvəllərində
türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O
da Əli bəy Hüseynzadə idi ", - deyirdi ...
Lakin Əli bəyin qəzetdəki türkçülük, islamçılıq və
qərbçilik ideyaları türkün əbədi düşmənləri, xüsusən də
rusların əlində türklərə qarşı hər zaman bir alət
rolunu oynayan erməniləri ciddi narahat edirdi. Erməni
xəfiyyələrinin "Həyat" qəzeti barədə donoslarının
birinin üstündə Qafqaz canişininin dərkənarında təcili
olaraq "Həyat"ın sərlövhəsindəki "türk" sözünün
silinməsi, əvəzinə "tatar" sözünün yazılması" əmr
edilirdi. Lakin Əli bəy nəinki "türk" sözünü "tatar"la
əvəzlədi, əksinə, "bu məsələ qayət mühümdür",- deyərək
"Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi
və ulusuyuq", -deyə türklüyü təqdir etməkdə davam etdi.
Buna görə də türkün düşmənlərinin təzyiqi ilə "Həyat"
qapandı...
Çox keçmədi ki, böyük maarifçi, xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin maliyyə yardımı və Əli bəy
Hüseynzadənin redaktorluğu ilə "Füyuzat" dərgisi
(1906-1907) nəşrə başladı. Əli bəy "Həyat"da başladığı
türkçülük ideyalarını "Füyuzat"da da davam etdirərək,
türkçülüyün siyasi proqramı olan "türkləşmək,
islamlaşmaq, avropalaşmaq" formulunu bitkin bir sistem
halına gətirdi: "Füyuzat"ın tutduğu yol türklük,
müsəlmanlıq və avropalılıqdır" ("Füyuzat", 1907, № 23),
- deyə öz ideyasına sadiqliyini bir daha təsdiqlədi...
Yeri gəlmişkən, deyək ki, müəllifi Əli bəy Hüseynzadə
olan bu üçlü məramın müasir tarixşünaslıqda ilk dəfə
düzgün, ətraflı elmi şərhinin bu sətirlərin müəllifinin
"Azərbaycan Respublikasının dövlət rəmzləri " kitabında
(Bakı 2001, s. 38-89) verildiyi elmi ədəbiyyatda da
etiraf olunmuşdur (Bax: "Füyuzat".
Bakı, 2006, "Ön söz, "s. XIII; "Respublika" qəz. 12, 15
may 2002 -ci il ).
Əli bəy Hüseynzadənin bu dərgisi Azərbaycan
ədəbiyyatında yeni bir istiqamətin - "Füyuzat" ədəbi
məktəbinin (Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət,
Abdulla Şaiq və başqalarının təmsil olunduğu romantik
ədəbiyyat) yaranmasına gətirib çıxardı. Lakin onun da
ömrü qısa oldu və qəfildən bağlandı...
Bu qapanmanın maraqlı tarixçəsi vardır. O dövrün mətbuat
səhifələrindən öyrənirik ki, Türkiyə Sultanı II
Əbdülhəmidin taxta çıxmasının 32-ci ildönümü münasibəti
ilə məcmuənin sahibi-imtiyazı Hacı Zeynalabdin Tağıyev
görkəmli din xadimi Məhəmməd Kərim Ağanın Azərbaycan
türkcəsinə tərcümə etdiyi "Qurani-Kərim"i altun cild,
qiymətli daş və almazlarla bəzədərək görkəmli maarifçi
və din xadimi Axund Yusif Talıbzadənin (1877 - 1922)
vasitəsilə Sultan II Əbdülhəmidə hədiyyə göndərir.
Hədiyyəni qəbul edən Sultan Axund Yusifə müraciətlə:
"Bir şeyi anlamıram. Hacı Zeynalabdin bəy dərgisində
məni həcv edir, sonra da mənə hədiyyə göndərir", - deyə
narazılığını bildirir. Axund Yusif Bakıya dönən kimi
Sultanın iradını Hacıya çatdırır. O da dərhal məcmuənin
bağlanmasına qərar verir. Müasirləri tərəfindən
"Azərbaycan türklərinin milli haqlarının aynası"
(A.Şaiq) hesab edilən "Füyuzat" dərgisi 1907-ci il
noyabrın 1-də beləcə qapanır... Onu da deyək ki, bu
illərdə Əli bəy Hüseynzadə Rusiya I Dövlət Dumasının
buraxılmasına etiraz əlaməti olaraq "Vıborq
bəyannaməsi"ni imzaladığına görə həbs olunan Əlimərdan
bəy Topçubaşovun əvəzinə, müvəqqəti olaraq rusca "Kaspi"
qəzetinə də baş mühərrirlik (redaktorluq) (1907)
etmişdi...
Əli bəy Hüseynzadə publisistik fəaliyyətlə yanaşı,
ziyalı-müəllim ailəsində doğulan, xarizmatik bir ziyalı
kimi pedaqoji sahəyə də xüsusi diqqət ayırmağı
unutmamışdı. 1907-ci ilin avqustun 25-dən sentyabrın
4-dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin II
qurultayının təşkili və keçirilməsində müstəsna rol
oynamışdı. Qurultayda "Füyuzat" məcmuəsi və "Kaspi"
qəzetinin müdiri kimi Əli bəy Hüseynzadə sədr,
görkəmli pedaqoq Mahmud bəy Mahmudbəyov və müəllim
Süleyman bəy (Sani) Axundov sədr müavinləri,
müəllimlər: Üzeyir bəy Hacıbəyov, Mirzə Abdulla
Talıbzadə (A.Şaiq) və Fərhad bəy Ağazadə katib
seçilmişdilər. Qurultayda Azərbaycanda məktəb
təhsilinin vacib məsələləri müzakirə edilmiş,
dəyərli qərarlar qəbul edilmişdi. Qurultayın gedişi
haqqında "Füyuzat" jurnalında (27-31-ci nömrələrdə)
ətraflı stenoqrafik məlumat verilmişdi ki, bu məlumatlar
bu gün həmin qurultay haqqında ən etibarlı və dəyərli
mənbə sayılır.
"Füyuzat" məcmuəsi bağlandıqdan sonra Əli bəy
fəaliyyətini pedaqoji sahədə davam etdirmiş,
1908-1910-cu illərdə "Səadət" Ruhani Xeyriyyə
Cəmiyyətinin Bakıda təsis etdiyi (1908) "Səadət"
məktəbində əvvəlcə türk dili və ədəbiyyətı müəllimi,
məktəbin müdiri, əslən iranlı olan Mirzə Ələkbər Xan
Bəhmən diplomatik fəaliyyətə keçdikdən sonra, həmin
məktəbin müdiri olmuşdu. Əli bəy Hüseynzadənin müdir
olduğu dövrdə müəllimlər işə müsabiqə yolu ilə
seçilib qəbul edilirdi. Belə müəllimlərdən biri də
məşhur Üzeyir bəy Hacıbəyli idi. Böyük Üzeyir bəy
o zaman həmin məktəbə rus dili və hesab müəllimi
kimi qəbul edilmişdi. Təkcə bu fakt Əli bəy
Hüseynzadənin parlaq pedaqoji fəaliyyətinin bir
örnəyi kimi onun maarifə, məktəbə, müəllimə hansı
yüksək meyarlarla yanaşdığını aydın şəkildə
göstərməkdədir...
Əli bəyin Üzeyir bəylə əməkdaşlığı təkcə məktəb
həyatı, mətbuatla yekunlaşmamışdı. Belə ki, türk -
islam dünyasında ilk opera sayılan Üzeyir bəy
Hacıbəylinin "Leyli və Məcnun" operasının Hacı
Zeynalabdin Tağıyevin teatrında baş tutan ilk
tamaşasının (1908) bədii tərtibatçısı- rəssamı Əli
bəy Hüseynzadə olduğu barədə tarixi faktlar da
mövcuddur...
Əli bəy Hüseynzadə "Səadət" məktəbində çalışdığı
illərdə ümumi təhsilin məzmunu, dərsliklərin dili və
tərtibi prinsipləri, ədəbi dil və əlifba məsələlərinə
dair qiymətli məqalələrlə mətbuatda çıxış etmiş, bu
problemlərə dair onun mülahizələri uzun müddət
mətbuatın gündəmindən düşməmiş, geniş müzakirə və
diskussiyalara yol açmışdı... Ən maraqlısı bu idi ki,
Əli bəy türk xalqları üçün ümumi ədəbi dil
yaradılmasının tərəfdarı idi. Bu ideya o zaman qəbul
edilməsə də, bu gün yenə də aktuallığını itirməyib. Bu
böyük maarifçinin ədəbi dil konsepsiyasında əlifba
məsələsi də xüsusi yer tuturdu. O, ərəb əlifbasının
dəyişdirilməsinin qəti əleyhdarı idi, hətta
M.F.Axundovu bu məsələyə görə kəskin tənqid edirdi.
Ərəb əlifbasının dəyişdirilməsi ideyasının türk
xalqlarının mədəni inkişafına zərbə olacağı qənaətində
idi. Bu ideyanın ortaya atılmasında rus "barmağı" olduğu
inancında idi. XX əsrdə Azərbaycanda aparılan əlifba
"islahatları" bu böyük maarifçinin nə qədər haqlı
olduğunu təsdiqlədi...
Türkiyədə Sultan II Əbdülhəmidin taxtdan salınmasından
artıq 2 il keçmişdi. Keçmiş inqilabçı dostları olan gənc
türklərin dəvətilə Əli bəy 1910-cu ilin sonunda
yenidən Türkiyəyə köçmək qərarına gəlir. Çox maraqlıdır
ki, bu dahi fikir adamının Bakıdan getməsi qərarı
dövrün tanınmış ziyalıları tərəfindən milli faciə kimi
qarşılanmışdı. Müasirlərindən olan Əlabbas Müznib
görkəmli fikir və söz adamı Əli bəyi "bir bölük maarif
yetimi olan Qafqaz müsəlmanlarının atası" adlandırır,
onu "dilsizlərin dili, karların qulağı, korların görən
gözü" hesab edir, onun gedişiylə "Qafqaz əhalisinin
başsız, böyüksüz" qalacağını ürək ağrısı ilə dilə
gətirirdi...
Məhz bu münasibətlə yerli ziyalılar "Səadət"
məktəbində Əli bəyin gedişi şərəfinə böyük ziyafət
məclisi də təşkil etmişdilər. Böyük maarifçi Bakıdan
ayrılarkən bütün ev əşyalarını və kitablarını üç il
işlədiyi "Səadət" məktəbinə bağışlamağı da
unutmamışdı... Sözsüz, bu addım onun böyük ziyalı
təbiətindən irəli gəlmişdi...
Burada mədəniyyət tariximiz üçün çox maraqlı bir məqama
da toxunmaq yerinə düşərdi. Belə ki, Əli bəy İstanbula
köç ərəfəsində özünün yağlı boya ilə 1905-1906-cı
illərdə çəkdiyi "Bibiheybət məscidinin görünüşü" adlı
məşhur rəsm əsərini satış salonuna qoydurmuşdu. Salona
gələn Bakıdakı ingilis konsulu Mak Donnelin həmin
əsərdən xoşu gəlmiş və rəsmi almaq üçün sifariş
vermişdi... "Orucov qardaşları" mətbəəsinin
sahiblərindən biri bu xəbəri böyük mesenat Hacı
Zeynalabdin Tağıyevə çatdırmışdı. Hacı demişdi:
- Görünür, Əli bəyin əli aşağıdır. Ona görə bu məşhur
rəsm əsərini satmaq qərarına gəlib...
Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər
bizə. Ancaq bu haqda Əli bəy heç nə bilməsin, məndən
pul götürməz. Bibiheybət məscidinin şəkli qoy Bakıda
qalsın, gedib Londona düşməsin...
Belə də edirlər. Bu böyük mesenatın milli qeyrəti və
təəssübkeşliyi sayəsində Azərbaycan xalqının milli
sərvəti olan bu gözəl sənət əsəri Əli bəyin öz
vətənində qalır. Həmin əsər hazırda Azərbaycan Dövlət
İncəsənət Muzeyində saxlanılır...
Yeri gəlmişkən deyək ki, Dövlət İncəsənət Muzeyində
qorunan Əli bəyin Sankt-Peterburqda təhsil alarkən
Tiflisdə çəkdiyi "Şeyxülislamın portreti" əsəri (1888)
də 1903-cü ildə Əli bəy tərəfindən Vətənimizə gətirilib
və qardaşı İsmayıl bəyə bağışlanıb. Muzeyə isə Bəhmən
Hüseynzadə və həyat yoldaşı görkəmli tarixçi, mərhum
professor Sara xanım Aşurbəyli tərəfindən bağışlanıb.
Portret öz ana babası Şeyxülislam Axund Əhməd Səlyaniyə
həsr edilib...
Nəhayət, Əli bəy Hüseynzadə Bakını 1910-cu il dekabrın
4-də tərk edərək Bakı - Tiflis - İstanbul marşrutu ilə
1911-ci il yanvarın 5-də İstanbula çatıb. Səfər zamanı
Tiflisdə dəmiryol vağzalında böyük ədib Cəlil
Məmmədquluzadə ilə təsadüfən görüşüb, aralarında çox
səmimi söhbət olub...
İstanbulda yenidən həkimlik sənətini davam etdirən Əli
bəy Hüseynzadə İstanbul Universitetinin tibb
fakültəsində dəri-zöhrəbi xəstəlikləri üzrə professor
köməkçisi, sonralar professoru seçilir. Bu vəzifədə
1933-cü ilə qədər, yəni universitet bağlanana qədər
pedaqoji fəaliyyətlə məşğul olur.
1918-ci il mayın 28-də Tiflisdə qurulan Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti müvəqqəti olaraq Gəncədə
fəaliyyət göstərdiyi dövrdə (16 iyun 1918 - 17 sentyabr
1918) Osmanlı dövlətindən hərbi yardım istəmiş və Nuru
Paşanın rəhbərliyi altında türk ordusu Azərbaycana -
Gəncəyə gəlmişdi. Bu dövrdə Əhməd bəy Ağayev
(Ağaoğlu), Axund Yusif Talıbzadə ilə yanaşı, Əli bəy
Hüseynzadə də Türkiyədən Azərbaycana göndərilmiş,
dövlət quruculuğu məsələlərini Azərbaycanın siyasi və
hökumət rəhbərləri ilə müzakirə etmiş, müəyyən
məsləhətlər vermişdi. Əli bəy Gəncə səfərindən
qayıtdıqdan sonra qələmə aldığı və "Qızıl ay"
qəzetinin 24 iyul 1918-ci il tarixli nömrəsində çap
etdirdiyi "Azərbaycanda düşündüklərim" məqaləsindən
öyrənirik ki, o, Gəncəni iyulun ortalarında tərk
edərək, Qafqaz məsələsini müzakirə etmək məqsədilə
Məhəmmədəmin Rəsulzadə ilə birlikdə İstanbula
qayıdıb...
Əli bəy Hüseynzadə Azərbaycan sovet hökumətinin xüsusi
dəvəti ilə bir də 1926-cı ildə Vətənə dönüb, Bakıda
keçirilən I Beynəlxalq Türkoloji qurultayda iştirak edib.
Qurultaya məruzə adı ilə gətirdiyi, əslində isə Xalq
Cümhuriyyətinin süqutu və Sovet Rusiyası tərəfindən
Azərbaycanın işğalı məsələlərinə həsr olunmuş "Qərbin
iki dastanında türk" əsərinin Bakıda nəşrinə nail olub.
Onun beynəlxalq miqyaslı belə bir qurultaya dəvət
olunması əslində Sovetlər Birliyində də böyük türkoloq
kimi tanınması kimi dəyərləndirilməlidir...
Türkoloji qurultay başa çatdıqdan sonra 1926-cı il
martın 25-də doğma Vətənindən sonuncu dəfə ayrılan Əli
bəy Hüseynzadə bir müddət Atatürkə sui- qəsddə iştirak
gərəkçəsi ilə Ankarada İstiqlal Məhkəməsi qarşısında
dayanmalı olmuş, az sonra bu işdə günahsızlığı sübut
edilərək sərbəst buraxılsa da, fəaliyyətində bir
durğunluq mərhələsi başlanmışdı. Bu hadisədən sonra
sakit həyat tərzi keçirən Əli bəy 1940-cı il martın 17-də
İstanbulda dünyasını dəyişib və şəhərin Qaracaəhməd
məzarlığında haqq dünyasına qovuşub...
Əli bəy Hüseynzadə özündən sonra zəngin elmi, bədii,
publisistik irs qoyub getmişdir. Onun elmi, ədəbi-bədii
irsi içərisində Bakıda işlədiyi illərdə yazdığı və
mütəxəssislər tərəfindən şah əsəri hesab edilən "Siyasəti-
Fürusət" ("At minmək siyasəti"), eləcə də "Füyuzat"
məcmuəsi xüsusi yer tutur. Müasiri Yusif Akçura yazırdı
ki, Əli bəyin siyasi, fəlsəfi və ədəbi düşüncələrini
anlamaq üçün ən qiymətli mənbə "Füyuzat" kolleksionudur
(Bax: Y.Akçura. Türkçülüyün tarixi. Bakı 2006).
Şükürlər olsun ki, bu qiymətli mənbə mərhum mətnşünas
alim Ofelya Bayramlının fədakar əməyi ilə latın
qrafikasına transliterasiya olunaraq tanınmış ziyalı
Etibar Yolçuyevin şəxsi vəsaiti ilə məhdud tirajla
müasir Azərbaycan oxucusuna çatdırılmışdır. Çox
istərdik ki, həmin toplu kütləvi tirajla çap edilərək
geniş elmi ictimaiyyətin istifadəsinə veriləydi...
Bir neçə kəlmə də bu böyük insanın ailə həyatından söz
açmaq istərdik. Əli bəy nisbətən gec, yəni 48
yaşında 1912-ci ildə İstanbulda əslən çərkəz olan
suvari zabiti Şəmsəddin bəyin qızı Ədhiyyə xanımla
(1890-1944) evlənmiş, bu izdivacdan üç övladı- Səlim
Turan adlı oğlu, Saidə və Feyzavər adlı iki qızı
dünyaya gəlmişdi. Yüksək təhsil almış övladlarının heç
birinin uşağı olmayıb. Böyük qızı Saidə bəyim
(1914-2002) 2002-ci ildə rəhmətə gedib. Oğlu Səlim
Turan (1915-1994) məşhur rəssam idi. Parisdə yaşayıb,
1994-cü ildə orada dünyasını dəyişib. Üçüncü övladı
1920-ci ildə doğulmuş Feyzavər bəyim bu yaxınlarda
İstanbulda haqq dünyasına qovuşub. Əli bəyin nəsil
davamı bu övladlarla bitir...
Əli bəy Hüseynzadə XIX əsrin sonu - XX əsrin
əvvəllərində türk-islam dünyasının yetirdiyi nadir
şəxsiyyət, dahi mütəfəkkir, bənzərsiz fikir adamı,
böyük maarifçi və ictimai xadim idi... Onun haqq
dünyasına qovuşmasından 74 il ötsə də, o, əsərlərində,
əməllərində, parlaq ideyalarında bu gün də yaşayır. Bu
böyük İnsanın adının əbədiləşdirilməsi istiqamətində
müstəqil Azərbaycanda dövlət tərəfindən müəyyən
addımlar atılıb, doğulduğu Salyan şəhərində şərəfinə
heykəli ucaldılıb, küçələrə, məktəblərə adı verilib.
Əsərləri çap edilib, haqqında araşdırmalar aparılıb.
Ən başlıcası təmiz adı özünə qaytarılıb, böyük
ideyaları həyata keçirilib. Hesab edirik ki, necə ki,
müstəqil Azərbaycanın üçrəngli bayrağı var, həmin
bayrağın rənglər simvolikasının müəllifi Əli bəy
Hüseynzadə də var olacaqdır...
Düşünürəm ki, müstəqil Azərbaycanın görkəmli elm və
mədəniyyət xadimləri maarif və mədəniyyətimizin bu böyük
korifeyinin üçrəngli bayrağımızda əbədiləşən milli
ideyaların müəllifi Əli bəy Hüseynzadənin 150 illik
yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin
məlum Sərəncamının yüksək səviyyədə icrası üçün
əllərindən gələni əsirgəməyəcək, bu böyük ziyalının
zəngin irsinin xalqımıza, xüsusən də müasir Azərbaycan
gəncliyinə gərəyincə və yetərincə çatdırılmasına öz
layiqli töhfələrini verəcəklər.
Əsgər QULİYEV,
Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdir
müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent, əməkdar
müəllim |