Bakı
Slavyan Universiteti hər zaman Azərbaycanda təhsilin
inkişafına öz töhfəsini verməkdədir. Bu təhsil
ocağının bir sıra xarici ölkə universitetləri ilə sıx
əlaqələri var. Bu günlərdə BSU-nun rektoru, AMEA-nın
müxbir üzvü, professor Kamal Abdullayevin rəhbərlik
etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərindəki
Kadir Has Universitetinin qonağı olub. Universitetlə
tanışlıqdan sonra dəvətə görə təşəkkür edən professor
Kamal Abdullayev türkiyəli həmkarını Bakı Slavyan
Universitetinə dəvət edib. Kadir Has Universitetinin
rektoru, prof.dr. Mustafa Aydın da öz növbəsində
tanışlıqdan məmnunluğunu ifadə edib və universitetlər
arasında qarşılıqlı əlaqələrin bütün mümkün
istiqamətlərinin müzakirə olunmasının vacibliyini
vurğulayıb.
Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir
Has Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sözügedən müqaviləyə görə, universitetlər arasında
bakalavr və magistratura səviyyəsində tələbələrin, eyni
zamanda müəllim və tədqiqatçıların mübadiləsi nəzərdə
tutulub. Bundan başqa, Bakı Slavyan Universiteti ilə
Kadir Has Universiteti arasında birgə tədqiqatlar
aparılacaq və layihələr gerçəkləşdiriləcəkdir, birgə yay
məktəblərinin təşkili də universitetlər üçün prioritet
məsələlərdəndir.
Sonda Bakı Slavyan Universitetinin rektoru, professor
Kamal Abdullayev səmimi qəbul üçün Kadir Has
Universitetinin rektoru, professor dr. Mustafa Aydına
təşəkkürünü bildirib.
Onu da qeyd edək ki, Kadir Has Universiteti geniş
beynəlxalq əlaqələri və yüksək səviyyəli kadr
hazırlığına görə Türkiyədə xüsusi nüfuza malik
universitetlərdəndir.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |