Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 
"Azərbaycan müəllimi" - 80

"Azərbaycan müəllimi"nin arxivindən

 

"Project Harmony"nin ölkə üzrə direktoru

Kerri Kosbinin qəzetimizə müsahibəsi zamanı (5 sentyabr 2007-ci il)

 

 

 

 

 


Bəxtiyar Vahabzadə: "Hər millətin övladı orta təhsilini ana dilində almalıdır" 

Xalq şairi Bəxtiyar   Vahabzadənin "Azərbaycan müəllimi" qəzetinə müsahibəsi  

"Azərbaycan müəllimi", 19 mart 1994-cü il, № 10 

- Bəxtiyar müəllim, təhsilimizin indiki vəziyyətini necə qiymətləndirərdiniz?

- Narazı olmaq asandır, amma "necə olsun" sualına cavab vermək çətindir. Təhsilimizin indiki vəziyyəti qənaətbəxş deyil. Bunun bir çox səbəbləri var, mən onları sadalamaq istəmirəm, çünki hamıya məlumdur. Amma hər şeyimiz pisdir və təhsilimiz də pis vəziyyətdədir, - demək də düz deyil. Mən bir çox xarici ölkələrdə olmuş və imkan tapdıqca onların təhsil sistemi ilə maraqlanmışam. Azərbaycanda orta təhsil alanlar ilə xarici ölkələrdə təhsil alanları müqayisə etsək, bir çox cəhətdən bizim üstün olduğumuz görünər.

Bilirsiniz, bizim təhsil sistemimizdə naqis cəhətlərdən olan əzbərçilik metodu var. Bu da müəllimlərin zərərli iş üsullarından biri sayılır. Həmin müəllimlər bilməlidirlər ki, əzbərçiliklə şagirdlərdə müstəqil düşüncəni öldürürlər. Şagird oxuduğu kitab haqqında müstəqil fikir yürüdə bilmir. Bu ondan irəli gəlir ki, bir çox müəllimlərimizin özləri müstəqil düşünməyi bacarmırlar. Bu, faciədir.

Məktəblərdə müstəqil düşüncənin aşılanmamasına əsas səbəb vaxtilə, yəni sovet totalitarizmi dövründə, yalnız bircə ideologiyaya xidmət göstərməyimiz olmuşdur. Müəllimlər bir ideologiyanı - marksizm ideologiyasını təbliğ etməli, bundan kənara çıxmamalı idilər. Bu isə təhsilə standartlıq, şablon və stereotip gətirdi. İndi, Allaha şükür, ölkəmizdə azad düşüncəyə, hər kəsin öz sözünü deməyə imkanı var. Fəallıq əsasən bu sahədə müəllimlərin üzərinə düşməlidir. Onlar uşaqlarımıza milli mənliklərini dərk etdirməli, körpə balalarımıza müstəqil düşünməyi öyrətməyi bacarmalıdırlar.

- Müəllimlərin son on ildəki intellektual səviyyəsi, şəxsi keyfiyyətləri sizi qane edirmi?

- Təəssüf ki, müəllimlərimizin əksəriyyətinin intellektual səviyyəsi çox aşağıdır. Onlar demək olar ki, mütaliə ilə məşğul olmur, öz üzərlərində çalışmırlar. Mən bunu dəfələrlə çıxışlarımda, yazılarımda demişəm.

Sizə bir hadisəni danışmaq istəyirəm. Bir neçə il bundan qabaq tanınmış bir orta məktəbdə görüşdə iştirak edirdim. Ədəbiyyat müəllimi mənim yaradıcılığım haqqında məruzə elədi. Gördüm ki, müəllimin məruzəsində bir kəlmə də olsun öz fikri yoxdur. Həmin müəllim orta məktəbin VII sinif dərsliyində mənim haqqımda yazılanları üzümə oxudu. O zaman mən bərk əsəbiləşdim və müəllim haqqında respublika qəzetlərinin birində məqalə ilə çıxış etdim. Məqalədə yazırdım ki, haqqımda məruzə edən müəllim mənim kitablarımdan birini belə oxumamışdı. Amma mütaliəli, müstəqil düşünən, sərbəst mühakimələr yürüdən müəllimlərimiz də var. Onlardan birini misal göstərmək istəyirəm. Masallı rayonunun Çaxırlı kəndində Rahid Ulusel adlı bir orta məktəb müəllimi dərs deyir. Rahid müəllimin müxtəlif qəzetlərdə tez-tez dərc edilən məqalələri məni valeh edir. Onun bu yaxınlarda mənə göndərdiyi "Doğ, ey zəkaye-vətən" məqaləsində  qaldırılan problemlər son dərəcə maraqlıdır. Məqaləni oxuyanda, müəllimin qabiliyyətinə, savadına valeh oldum. Deyərdim ki, o, nəinki öz işinin professoru, hətta akademiki olmağa layiqdir. Fikirləşirəm, yaxşı ki, xalqımız bu cür savadlı müəllimlərdən xali deyil. Çox təəssüf ki, belə müəllimləri barmaqla saymaq olar.

- Müəllim-şagird, müəllim-tələbə münasibətini necə görmək istərdiniz?

- Mənim fikrimcə, bu münasibətlər qarşılıqlı olmalıdır. Yəni müəllim-şagird, şagird-müəllim sevgisi əsasdır. Müəllim şagirdi ilə qarşılıqlı ünsiyyətdə olmalıdır. Onlar bir-birlərini başa düşməlidirlər. Müəllim öz səmimiyyəti ilə şagird qəlbinə nüfuz etməyi bacarmalıdır. Vaxtilə biz tələbə olarkən 132  nömrəli orta məktəbdə təcrübə-məşğələ keçmişik. Burada Bilqeyis xanım Məmmədova adlı bir ədəbiyyat müəllimi dərs deyirdi. Mən şagirdlərin onun dərsini necə maraqla dinlədiklərinin şahidi olmuşam. Bilqeyis müəllim  öz səmimiyyəti, zəkası və nuraniliyi ilə şagirdlərin qəlbində öz heykəlini ucaltmışdı.

- Qeyri-dövlət təhsil müəssisələrinə münasibətiniz?

- Mənim fikrimi bilmək istəyirsinizsə, açığını desəm, münasibətim çox pisdir. Təhsil bilavasitə dövlət işidir. Onu dövlət himayə etməli və qayğı göstərməlidir. Qeyri-dövlət müəssisələri isə pulludur və oraya kimin imkanı varsa o, daxil ola bilər. Siz özünüz fikirləşin, burada hansı istedaddan, bilikdən, savaddan söhbət gedə bilər? Bunları fikirləşəndə millətə yazığım gəlir. Təhsillə alver etmək olmaz!

- Qızların oğlanlardan ayrı təhsil almalarına necə baxırsınız?

- Buna təbii baxıram. Bizim vaxtilə qız, oğlan məktəblərimiz olub. O dövrün maarifpərvər ziyalıları, xanımları məhz həmin məktəblərin yetişdirmələri olmuşdur. Məncə, qızlar oğlanlardan ayrı təhsil alsalar daha məqsədəuyğun olar.

- Dini-mənəvi dəyərlərimizə qayıdış bizə nə verə bilər?

- Məktəblərimizdə şəriət dərsi keçilməlidir. Bu, bizə təmiz əxlaq, saf mənəviyyat verə bilər. Uşaqlarımız bilməlidirlər ki, hansı dinə, hansı xalqa mənsubdurlar. Dini-mənəvi dəyərlərimizə qayıdış insanlara həyatdakı əzab-əziyyətləri unutmaq imkanı verər. Din gənclərin əxlaqını da düz, doğru istiqamətdə formalaşdırar, onları əyri yoldan, tüfeyli həyatdan çəkindirər, xeyirxahlığa, özünü dərk etməyə kömək edə bilər.

- Gənc nəslin tərbiyəsində ailə, məktəb və mühitin rolunu nədə görürsünüz və  bunlardan  hansını başlıca hesab edirsiniz?

- Bu sualda mühit sözünü əsas götürmək istəyirəm. Dünyada elə müqəddəs şeylər var ki, onlar mühitlə, dar məhdud şəraitlə əlaqələndirilə bilməz. Bunlardan ən birincisi ana dilidir. Hər bir millətin övladı orta təhsilini ana dilində almalıdır. Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. Çünki ana dilini yaxşı bilən uşaq öyrənmək istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə əyani olaraq dərk edə bilər.

Bir zamanlar Rusiyada zadəganlar öz dilini bəyənmir, övladlarını əcnəbi məktəblərə verirdilər. Böyük rus pedaqoqu K.D.Uşinski bunu böyük səhv və qəbahət hesab edərək "Ana dili" məqaləsində sübut edirdi ki, doğma dilində dil açmayan, ana dilində təhsil almayan uşaqlar mənən şikəst olur, köksüz, soysuz böyüyür, iki ruh arasında avara qalır. O yazırdı: "Xaricdən dayələr, tərbiyəçilər və hətta ev xidmətçiləri gətirirlər. Ata və ana övladı ilə doğma dildə bir kəlmə də danışmır. Bunun nəticəsi nə olar? Xalq öz qiymətli mənəvi irsindən, onun vətən üçün oğul edə biləcək hissindən həmişəlik əl çəkməli olar".

İndi bizim də vəziyyətimiz bu cürdür.

1981-ci il "Oqonyok" jurnalının 2-ci sayında bir məqalə dərc edilmişdi. Məqalədə Parisdə yaşayan ermənilərin öz balalarını orada açdıqları erməni məktəblərində oxutmalarından bəhs edilirdi. Onlar istəyirlər ki, yeni yetişən nəsil öz kökü üstündə böyüsün və milli mənliyini dərk etsin. O zaman mən məqaləni oxuyanda gündəliyimə bu sözləri yazmışdım: "Paradoksa baxın! Erməni Parisdə balasını erməni məktəbində, azərbaycanlı isə Bakıda öz övladını rus məktəbində oxudur!".

Dilimiz həqiqi mənada dövlət dili elan olunandan sonra bir sıra vəzifəli adamlar öz uşaqlarını, nəvələrini rus məktəblərindən çıxardıb Azərbaycan məktəblərinə verdilər. Onların məqsədi başqa şey idi. Gələcəkdə övladlarına yüksək vəzifələr qapdırmaq üçün belə edirdilər. Burada heç bir milli oyanışdan, şüurdan söhbət belə gedə bilməz. Hazırda isə vəziyyəti başqa cür təsəvvür edən, həmin "ayıqlar" təzədən öz uşaqlarını, nəvələrini Azərbaycan məktəblərindən çıxardıb rus məktəblərinə verirlər! Bu, buqələmunluqdur, simasızlıqdır!

Ana dili namusdur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən!

- Tələbə gənclərin fəal siyasətlə məşğul olmaları düzgündürmü?

- Hər bir gənc siyasətbazlıqla yox, siyasətlə məşğul ola bilər.

- Övladlarımızın tərbiyəsində əsas nəyə fikir verirsiniz? Onlara hansı dəyərlərin aşılanmasını tövsiyə edərdiniz.

- Birinci növbədə, onlarda vətən sevgisi oyanmalıdır. Gənclərimizə milli şüur aşılanmalıdır. Onlar adət-ənənələrimizə sədaqət, böyük-kiçik yeri bilmək ruhunda tərbiyə edilməlidirlər.

- Müasir dövrümüzdə varlı adamların təhsilə qayğı sahəsindəki biganəliyini nə ilə izah edərdiniz?

- Bayaq dediyim kimi, təhsilə qayğı ancaq dövlət tərəfindən olmalıdır. Elmə, sənətə himayəni sponsorların ümidinə buraxmaq olmaz. İstedadlı gənclərin də qayğısını dövlət çəkməlidir. Qaldı ki, varlı adamların təhsilə biganəliyi, bunu siz onların özündən soruşsanız daha düzgün olardı. Hər halda, millətini sevən onun təhsilinə, inkişafına öz köməyini əsirgəməməlidir. Bu, ən müqəddəs xidmətlərdən biridir.

- Bəxtiyar müəllimin demək istədiyi son söz.

- Arzum budur ki, xalqımızın başına gətirilən dəhşətli faciələrə son qoyulsun. Gənclərimiz daha ağılla, səbrlə hərəkət etsinlər. Bizim buraxdığımız səhvləri gələcəkdə onlar təkrarlamasınlar. Tarixin bugünkü ibrət dərslərindən nəticə çıxarsınlar.

- Maraqlı söhbət üçün çox sağ olun. 

Müsahibəni apardı:
Samirə KƏRİMOVA


Tanınmış imzalar 

Böyük inqilabçı demokrat 

"Azərbaycan müəllimi",

24 iyul 1958-ci il, № 55 

Rus ədəbiyyatı və rus ictimai fikrinin böyük simalarından biri Nikolay Qavriloviç Çernışevskidir. Doğma xalqının azadlıq mübarizəsi tarixində onun adı unudulmazdır.

N.Q.Çernışevski atəşin və qorxmaz inqilabçı-demokrat idi. O, çar istibdadı, feodal həyat şəraiti, burjua istismarı, hər cür ictimai və milli zülm əleyhinə yorulmadan mübarizə aparır, xalqın, zəhmətkeş insanların azadlığı yolunda cəsarətlə vuruşurdu. On doqquzuncu əsrin ortalarında Rusiyada hökm sürən bütün canlı, riyakar, qaraguruh qüvvələrə qarşı nifrətlə dolu alovlu çıxışları ilə Çernışevski bütün Rusiyaya səs salmışdı...

...Çernışevskiyə qədər də rus ədəbiyyatı yoxsul insanın - "balaca adamın" zavallı, ümidsiz, ürək parçalayan həyatını göstərmiş, onun dəhşətli mənzərələrini parlaq realist boyalarla əks etmişdi. Lakin Çernışevskinin fəaliyyətə başladığı dövr rus mühitində başqa küləklərin əsdiyi, xalqın azadlığa və maarifə doğru hərəkatının gücləndiyi dövr idi. İndi yaramazı, həyatın iyrənc səhnələrini, insanın zavallı vəziyyətini göstərmək az idi. Məsələ bu vəziyyəti dəyişməkdən, sözdən işə keçməkdən ibarət idi...

... Çernışevski rus xalqına, doğma vətəninin dərdlərini sağaltmağa, Rusiyanı geniş tərəqqi və yüksəliş yoluna çıxarmağa çalışan atəşin inqilabçı idi. O, bədii əsərlərində də bu idealları əks etmişdi... Bu cəhətdən onun "Nə etməli?" adlı romanı çox səciyyəvidir və o zamankı inqilabçı Rusiyanın güzgüsüdür.

...Böyük yazıçı və inqilabçı demokrat geniş biliyə malik dərin bir mütəfəkkir idi. Onun elmi, ədəbi əsərləri yeni estetikanın nəzəri əsaslarını qoydu, "Sənətin varlığa estetik münasibəti" adlı məşhur əsərində o, realizmi-ictimai, mənalı və qabaqcıl inqilabi fikirlərlə yaşayan sənətin prinsiplərini müdafiə etdi... 

Mirzə İBRAHİMOV 


İlk məşəllər 

"Azərbaycan müəllimi",

12 mart 1959-cu il, № 21 

Bu il bahar əvvəlkindən tez gəlmişdi. Zirvəsindən çən, çiskin əskik olmayan qarlı dağlardan baş alıb, Dilican dərəsi ilə aran yerlərinə doğru axıb gələn Ağstafa çayı yatağına sığmırdı...

Şəhər adamları hündür yarğanların kənarında dayanıb qıjıltı ilə axan sulara, Tiflisə doğru gedən şosse yolunun ətrafındakı yaşıl taxıllara, otları cücərən çöllərə və ağacları çiçək açmış kənd bağlarına tamaşa edirdilər...

Sahilə toplaşanlar içərisində Qazax seminariyasının tələbələri də var idi. Qoridən köçürülüb gətirilmiş bu məktəbin tələbələrinə şəhərə çıxmağa icazə verilmirdi.

Onlar günorta yeməyindən sonra axşam məşğələlərinə qədər ancaq məktəbin geri yanındakı Poylu arxını keçib... çayın sahilinə enə bilərdilər. Bu gün də belə olmuşdur. Havanın xoşluğunu hiss edən tələbələr yarğanın çıxışında çığırla aşağı, çayın sahilinə enmişdilər...

...Nazik, ucaboy, dalğalı saçını səliqə ilə daramış bir oğlan isə kənara çəkilib heç kəsə qarışmırdı. O, ayaq üstə gəzinir, öz-özünə nə isə danışır, gah dayanıb fikrə gedir, gah da əl-qol atıb səsini ucaldırdı. Elə bil ki, onu heç nə maraqlandırmırdı. Əgər enli kürəkli, tökmə bədənli, ortaboy bir oğlan ona yanaşmasaydı, bəlkə də o, axşama qədər beləcə öz-özünə danışacaqdı. Ancaq yoldaşı onu fikirdən ayırdı.

- Ay Mehdixan, Səmədi görmədinmi?

Dostunun gəlişindən o qədər də razı olmayan oğlan qaş-qabağını tökdü:

- Ə, bu saat öz başımın hayındayam.

- Nə olub ki?

- Sabah dərs deyəcəyəm. Hesabdan nümunə dərsim var...

...Qazax seminariyasının ilk məzunlarından olan Mehdixan Vəkilov... məktəbi qurtardıqdan sonra Quba, sonra da Vartaşen rayonlarında müəllimliyə başladı...

...Ömrünü maarif işinə həsr etməyi qəti qərara alan Mehdixan Vəkilov təhsilini davam etdirməyi lazım bildi. O, Bakıya gələrək V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil oldu. 1931-ci ildə ali təhsilini tamamladıqdan sonra, yenə rayonlarda işləməyə getdi. O, bir neçə il Gəncədə müəllimlik etdi. İki ildən sonra isə yenə Bakıya gələrək Azərbaycan SSR Maarif Komissarlığında işləməyə başladı...

...Hal-hazırda o, vaxtilə tələbəsi olduğu V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun direktoru vəzifəsində işləyir... 

İsmayıl ŞIXLI


F.Köçərlinin pedaqoji fəaliyyətinə dair yeni sənədlər 

"Azərbaycan müəllimi",

30 mart 1958-ci il, № 22 

Azərbaycan ictimai fikrinin inkişafında böyük xidməti olan, ədəbiyyat, dil, fəlsəfə, tarix, iqtisadiyyat və beynəlxalq hadisələr haqqında bir çox qiymətli əsərlər yazan Fridun Köçərli, eyni zamanda, görkəmli pedaqoq olmuş, tədris və təlim-tərbiyə məsələlərinə həsr edilmiş məqalələr müəllifi kimi tanınmışdır. 1885-ci ildə İrəvan gimnaziyasında müəllimliyə başladığı dövrdən 1920-ci ilə qədər Azərbaycanda maarif məsələləri ətrafında gedən mühüm müzakirə və mübahisələrin demək olar ki, çoxunda o, fəal bir müəllim və nəzəriyyəçi kimi iştirak etmişdir. Köçərli tədris kitabları və müntəxəbatlar tərtib etmiş, dərsliklərin tərtibi prinsipləri haqqında mülahizələr irəli sürmüş, Azərbaycanda böyük bir müəllim nəslinin yetişməsində diqqətəlayiq işlər görmüşdür. Azərbaycan Respublika Əlyazmaları fondunda saxlanılan bir sənəddən məlum olur ki, o, "Didaktika haqqında" üç məktub və "Ümumi pedaqoji" adlı ayrıca əsər də yazmışdır... 

Kamal TALIBZADƏ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov