Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

"Azərbaycan müəllimi" - 80

Yubiley təbrikləri

 

 ANAR,
Azərbaycan Yazıçılar Birliyinin sədri

-  Mənim nəzərimdə "Azərbaycan müəllimi" qəzeti iki mühüm sahəni - təhsil və jurnalistikanı bir araya gətirməsi baxımından xüsusi önəm daşıyır. Bu qəzetin səhifələrində işıq üzü görən materiallar müəllim və jurnalist əməyini əks etdirdiyi üçün ikiqat dəyər və maraq kəsb edir.

Müxtəlif vaxtlarda ayrı-ayrı alimlərimiz, pedaqoqlarımız, eləcə də fikir adamlarımız, ədiblərimiz də bu qəzetdə öz yazıları ilə çıxış ediblər. Onlar bir sıra aktual məsələlərə münasibətlərini məhz "Azərbaycan müəllimi"nin səhifələrində açıqlayıblar. Bu mənada, "Azərbaycan müəllimi" işıq üzü gördüyü bu 80 il ərzində təkcə təhsil qəzeti olaraq qalmayıb, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib, bu mövzuda yazılara da öz səhifələrində müntəzəm olaraq yer verib.

Təhsilimizin tərəqqisi ilə yanaşı, Azərbaycan dilinin saflığı, əlifbamızın təkmilləşdirilməsi uğrunda mübarizə də qəzetin daima diqqət yetirdiyi və yer ayırdığı məsələlərdən olub.

Odur ki, "Azərbaycan müəllimi"nin 80 illik yubileyi, pedaqoji ictimaiyyətimiz üçün olduğu qədər, mətbuatımız, ümumən qələm adamlarımız üçün də əlamətdar hadisədir. 80 il bir qəzet üçün sanballı yaşdır, çiyinlərində vacib bir missiya, qiymətli ənənələrin davamçısı olmaq kimi məsuliyyətli vəzifə daşıyan yaradıcı kollektiv üçün sevindirici yubileydir. Bu yubiley münasibətilə "Azərbaycan müəllimi" qəzetinin redaksiya heyətini, qəzetin yazarlarını, çoxsaylı oxucularını ürəkdən təbrik edir, yeni uğurlar, yeni yubiley sevincləri arzulayıram.


Rəşad MƏCİD,
Azərbaycan Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in baş redaktoru
 

- "Azərbaycan müəllimi" qəzeti ilk növbədə bizim təhsil tariximizin, pedaqoji sahənin işıqlandırılmasında önəmli rol oynayıb və bu işi yenə də layiqincə davam etdirməkdədir. Digər tərəfdən, 80 yaşlı bu qəzetin milli mətbuat aləmində  də özünəməxsus yeri var. Təhsilin, müəllimlik peşəsinin təbliği, ölkənin inkişafındakı rolunun cəmiyyətə çatdırılması istiqamətində "Azərbaycan müəllimi" qəzeti danılmaz xidmətlər göstərib.

Nəşrə başladığı dövrdən etibarən qəzetin ictimaiyyət arasında böyük nüfuz qazandığını göstərən cəhətlərdən biri də ölkənin ən tanınmış simalarının onun səhifələrində davamlı şəkildə çıxış etmələridir. Elə ilk vaxtlardan bu qəzet öz səhifələrində ədəbiyyat, mədəniyyət məsələlərinə də geniş yer ayırıb.

Xüsusən keçmiş sovet dövründə "Azərbaycan müəllimi" respublikanın ən nüfuzlu mətbu orqanlarından biri kimi sayılıb-seçilib. Sonrakı keçid dövründə, müstəqilliyin ilk illərində bir sıra çətinliklərlə üzləşsə də, "Azərbaycan müəllimi" dövlətin diqqət və qayğısı, kollektivin fədakarlığı sayəsində mətbuat aləmində qalmağı bacardı. Və artıq illərdən bəridir ki, öz mövqeyini qoruyub saxlamağa, daha da möhkəmləndirməyə çalışır.

Keçdiyi 80 illik tarixi yol, həmin müddətdə qazanılan nailiyyətlər, bərqərar olmuş ənənələr "Azərbaycan müəllimi"nin bu yolda hələ uzun illər əzmlə, uğurla irəliləyəcəyindən xəbər verir. Yubileylə əlaqədar "Azərbaycan müəllimi"nin kollektivində təmsil olunan dəyərli həmkarlarıma, təhsil ictimaiyyətinə, bu qəzeti özünə doğma bilən, onun təəssübünü çəkən hər kəsə səmimi təbriklərimi və xoş arzularımı ünvanlayıram.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov