Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində
AMEA Nizamnamə Komissiyasının yekun iclası keçirildi.
İclası giriş sözü ilə Nizamnamə Komissiyanın sədri,
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
açaraq komissiyanın fəaliyyəti ilə bağlı məlumat verdi.
Akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsinin yenidən
işlənilməsi barədə AMEA Rəyasət Heyətinin 18 sentyabr
2013-cü il tarixli qərarının yerinə yetirildiyini
bildirdi, bu müddətdə xeyli sayda təklif və
mülahizələrin komissiyaya təqdim olunduğunu xatırladaraq
qarşıda duran vəzifələrdən danışdı. Qeyd edildi ki,
akademiyanın Nizamnaməsinin daha təkmil variantı
yeniləşdirilməli, ölkəmizin və elmimizin müasir
tələbləri səviyyəsinə uyğunlaşdırılmalı və burada bir
neçə prinsipial məsələyə aydınlıq gətirilməlidir ki, bu
da Azərbaycanda elmin inkişafının, onun prioritet
istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə
malikdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin elm və təhsilə
diqqət və qayğısını önə çəkən akademik İsa Həbibbəyli
akademiya üzvlərinin də fəal yaradıcılıq
istiqamətlərinin müəyyən edilməsinə, ölkəmizdə elmin
inkişafının daha da yüksəldilməsinə, o cümlədən dünya
elminə inteqrasiya proseslərinin sürətləndirilməsinə
zəmin yaradıldığını xüsusi vurğuladı. O, bu məqsədlə
yeni dövrdə akademiyada aparılan islahatlarda, bu ali
elmi qurumun işinin məcrasının müsbət mənada dəyişərək
yeni mərhələyə qədəm qoymasında, bəzi prioritet
sahələrin yaradılmasında AMEA rəhbərliyinin, şəxsən
akademik Akif Əlizadənin böyük əzmkarlıqla fəaliyyət
göstərdiyini nəzərə çatdırdı. Akademik İsa Həbibbəyli
dedi ki, akademiyada aparılan islahatlar, əhəmiyyətli
dəyişikliklər bir sıra mətləbləri ortaya çıxarmışdır
ki, bu sırada AMEA Nizamnaməsinin bəzi əlavə və
dəyişikliklərlə yenidən qəbul edilməsi zərurəti də
dayanır. Bu məqsədlə yaradılmış Nizamnamə Komissiyasının
və İşçi qrupunun fəaliyyətini yüksək dəyərləndirən
akademik komissiyaya daxil olmuş təklif və mülahizələrin
diqqətlə təhlil edildiyini nəzərə çatdırdı, bu zaman
ölkə qanunvericiliyi çərçivəsində Rusiya, Polşa,
Belarus, Qazaxıstan, Çexiya, Bolqarıstan, Özbəkistan və
bir sıra qabaqcıl Avropa ölkələrinin elmi qurumlarının
Nizamnamə təcrübələrinin öyrənilməsi diqqət mərkəzində
olmuşdur.
Komissiyanın üzvü, AMEA-nın akademik-katibi, müxbir üzv
Rasim Əliquliyev akademiyada yeni sənədlərin qəbulu və
bəzilərinin yenidən işlənməsinin vacib əhəmiyyət kəsb
etdiyini bildirərək bunu akademiyanın inkişafında yeni
mərhələnin qarşıya çıxardığı bir məsələ kimi
dəyərləndirdi. XXI əsrin ideologiyasının Azərbaycana da
sürətlə nüfuz etdiyini qeyd edən Rasim Əliquliyev
texnoparkların yaradılmasının, biliklər iqtisadiyyatının
formalaşdırılmasının, yeni dünya çağırışlarına
qoşulmağın vacibliyini önə çəkdi, qloballaşma mühitində
elmlərin qarşısında mühüm vəzifələrin qoyulduğunu
diqqətə çatdırdı. O, bəzi əlavə və dəyişikliklərlə
yenidən formalaşmalı olan Nizamnamənin böyük əhəmiyyət
kəsb edəcəyini bildirdi, dövlət tərəfindən qəbul edilən
qanunların inikası olan sənəddə elmin
maliyyələşdirilməsi, informasiya-telekommunikasiya
texnologiyalarının tətbiqi və s. kimi məsələlərə də yol
açılacağına ümid etdiyini nəzərə çatdırdı.
Müzakirədə komissiyanın üzvləri - akademiklər Asəf
Nadirov, Vaqif Fərzəliyev, müxbir üzv Pərviz Məmmədov,
fizika-riyaziyyat elmləri doktoru Əminağa Sadıqov,
Hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə
doktoru Azər Namazov da çıxış etdilər. İclasda elmin
maliyyələşdirilməsi, akademiyanın "Mərkəzi icra
hakimiyyəti orqanı" statusu alması, ümummilli lider
Heydər Əliyevin "Elmlər Akademiyasına Azərbaycan Milli
Elmlər Akademiyası adının verilməsi haqqında" 15 may
2001-ci il tarixli Fərmanına əsasən 15 may tarixinin
ölkədə "Elm günü" kimi təsis olunması, magistr
sisteminin yaradılması və s. məsələlər müzakirə edildi.
Həmçinin bölmələrin adlarına və strukturuna yenidən
baxılması, yeni bölmələrin təşkili təklif olundu.
Sonda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış
edərək əlavə və dəyişikliklərin yer aldığı Nizamnamənin
yenidən işlənərək son variantının 10 gün müddətinə
AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim
olunacağını bildirdi.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat
xidmətinin rəhbəri |