Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin həyata
keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq
məqsədi ilə təhsilin bütün pillələri üzrə hər növbəti il
üçün prioritetlərini əvvəlcədən elan etmək siyasətini
həyata keçirir. Keçən ilin sonunda Nazirlik ümumi təhsil
pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş
islahatyönlü tədbirlər planını açıqlamışdır.
Bu istiqamətdə növbəti addım olaraq, ali təhsildə həyata
keçirilməsi nəzərdə tutulan tədbirlər planı
hazırlanmışdır. Sözügedən tədbirlərin keçirilməsində
əsas məqsəd ali təhsil müəssisələrində şəffaf və
səmərəli təhsil mühitinin yaradılması, təhsilin
keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə
olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır.
Bu məqsədlə Təhsil Nazirliyi növbəti tədris ilində
aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur:
1. Ali təhsil sistemində yeni tədris mühitinin
yaradılması və yüksək keyfiyyətli kadr hazırlığının
təmin edilməsi məqsədi ilə dövlət ali təhsil
müəssisələrində "SABAH" (savadlı, bacarıqlı, hazırlıqlı)
qruplarının təşkili;
2. Ali təhsil müəssisələrinin fəaliyyətlərinin
effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin
işlənib hazırlanması;
3. Ölkənin sosial-iqtisadi inkişafı üçün ixtisasların
prioritetliyi nəzərə alınmaqla, tələbə qəbulu planının
formalaşdırılmasına dair yanaşmaların
təkmilləşdirilməsi;
4. Dövlət sifarişi ilə kadr hazırlığı standartlarının
yüksəldilməsi üçün dövlət sifarişində iştirak edəcək
universitetlərin seçim meyarlarının hazırlanması;
5. Ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək
bazarının mövcud tələblərinə cavab verən müasir kadr
hazırlığının təmin edilməsi, habelə ali təhsil
proqramlarının (standartlarının) Avropa məkanında tətbiq
olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədi ilə
bakalavr və magistr ixtisasları üzrə təhsil
proqramlarına (standartlarına) yenidən baxılması;
6. Ali təhsil müəssisələrinin Avropa təhsil məkanına
inteqrasiyasının təmin edilməsi üçün Bolonya prosesinin
tətbiqi üzrə univesitetlərarası komitənin yaradılması;
7. Abituriyentlərin peşəyönümlü ixtisas seçimi
mexanizminin formalaşdırılması və təhsilin müxtəlif
səviyyələri arasında varislik və fasiləsizlik
prinsiplərinin təmin edilməsi məqsədi ilə orta
məktəblərin, ilk peşə və orta ixtisas təhsili
müəssisələrinin ixtisas hazırlığı profili nəzərə
alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim
edilməsi;
8. Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil
almaq imkanlarının artırılması üçün pilot qaydasında
təhsil kreditlərinin tətbiqinə başlanılması;
9. Müasir və şəffaf idarəetmə modelinin qurulması
ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin
fəaliyyətini tənzimləyən normativ bazanın
təkmilləşdirilməsi və korporativ idarəetmə
prinsiplərinin tətbiqi;
10. Maliyyə resurslarının istifadəsində səmərəliliyin və
şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil
müəssisələrində maliyyə hesabatlılığı sisteminin
tətbiqinin genişləndirilməsi;
11.Təhsilalanların hüquqlarının qorunması və aparılan
tədrisin dövlət standartlarına uyğunluğunun
müəyyənləşdirilməsi məqsədi ilə təhsil müəssisələrinin
akkreditasiya sisteminin yaradılması. |